DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA VƏ İRAN LIDERLƏRI REGİONAL MƏSƏLƏLƏRI MÜZAKİRƏ EDİBLƏR

Rusiya prezidenti Vladimir Putinlə İran İslam Respublikasının dövlət başçısı Seyid İbrahim Rəisi arasında telefon danışığı baş tutub. “APA”nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Vladimir Putin iyunun 8-də səhər saatlarında İranda baş vermiş və çoxlu sayda insanın həyatına son qoyan dəmir yolu qəzası ilə bağlı başsağlığı verib.

Eyni zamanda, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib. Həmçinin Rusiya-İran münasibətlərinin hazırkı səviyyəsi yüksək qiymətləndirilib.

Məlumata əsasən, dövlət başçıları Birgə Hərtərəfli Fəaliyyət Planının və BMT Təhlükəsizlik Şurasının 20 iyul 2015-ci il tarixli 2231 saylı Qətnaməsinin qorunub saxlanmasını və tam icrasını təmin edəcək yekun razılaşmanın əldə edilməsi üçün diplomatik səylərin davam etdirilməsinin zəruriliyi qeyd ediblər.

Kremlin məlumatında qeyd olunub ki, müzakirlər zamanı regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələlərinə də toxunulub. Xüsusilə, Suriya məsələsinin nizamlanmasına kömək üçün Astana prosesi çərçivəsində bundan sonra görüləcək işlərə bağlılıq bir daha təsdiqlənib.

 

ABŞ KONQRESİ UKRAYNAYA EDILƏN SİLAH TƏDARÜKÜNÜ QİYMƏTLƏNDİRİB

İyunun əvvəlinə olan məlumata əsasən ABŞ Ukraynaya 4 milyard dollardan çox silah və hərbi texnika göndərib. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Konqresinin açıqlamasında qeyd olunur.

Açıqlamaya əsasən, fevralın 24-dən etibarən Ukrayna yüngül zirehli hədəflərə qarşı istifadə edilən 6500-dən çox tank əleyhinə raket kompleksi, 20 min ədəd “AT-4” qumbaraatanı, 1400-dən çox “Stinger” zenit-raket kompleksi, 108 ədəd “M777” haubitsa və onlar üçün 220 mərmi əldə edib.

Eyni zamanda, Birləşmiş Ştatlar Ukraynanı dörd “HIMARS” raket sistemləri, 121 “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi və 700 ədəd “Switchblade” kamikadze pilotsuz uçan aparatı ilə təmin edib.

Məlumatlara görə, silahların əksəriyyəti həm hərbi, həm də Pentaqonun kirayə verdiyi ağır nəqliyyat təyyarələri vasitəsilə Polşanın Rzeşov şəhərinin Ukrayna ilə sərhədindən 90 kilometr aralıda yerləşən aerodromuna çatdırılıb.

 

RF AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARINI İCRA ETMƏKDƏN İMTİNA EDİB

Rusiya Dövlət Duması Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etməməyə dair qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Sözügedən qərara əsasən, AİHM-in martın 15-dən sonra çıxardığı qərarlar icra edilməyəcək. Bu tarixə qədər çıxarılmış qərarlar üzrə təzminatlar isə yalnız yerli banklar vasitəsi ilə rublla ödəniləcək.

Bununla yanaşı, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, AİHM-in bəzi qərarları Rusiya Konstitusiyası və ənənələri ilə ziddiyyət təşkil edir.

Məlumat üçün qeyd edək ki, Rusiya martın 15-də Avropa Şurasından çıxdığını rəsmi şəkildə elan edib. Hazırda AİHM-də baxılmalı olan 70 mindən çox işin 24 faizi məhz Rusiyaya aiddir.

 

TÜRKİYƏNİN PİLOTSUZ HƏRBİ KATERİ SUYA BURAXILIB

Türkiyədə ölkənin su sərhədlərinin mühafizəsi sisteminin mühüm hissəsinə çevrilmək üçün nəzərdə tutulan yerli istehsal olan “SANCAR” adlı silahlı pilotsuz kateri suya buraxılıb. “Trend” agentliyinin məlumatına görə, Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsi bildirib ki, pilotsuz katerin hazırlanması layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün “Yonca-Onuk” müdafiə tərsanəsi və “Havelsan” şirkətinin mütəxəssisləri tərəfindən birgə həyata keçirilib.

Məlumata əsasən, ölkənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir Tuzla bölgəsində “SANCAR” katerinin suya buraxılması mərasimində iştirak edib.

İsmayıl Dəmir hərbi katerin xüsusiyyətlərinə diqqət yetirərək, pilotsuz uçuş aparatlarının hazırlanması təcrübəsinin digər sahələrdə, o cümlədən pilotsuz katerlərin hazırlanmasında da tətbiq edildiyini diqqətə çatdırıb.

İdarədən verilən məlumata görə, 12,7 metrlik “SANCAR” adlı pilotsuz kateri saatda 40 dəniz mili sürətə malikdir. “SANCAR” 12,7 millimetrlik “STAMP-2” stabilləşdirilmiş pulemyot sistemi, həmçinin “UMTAS/L-UMTAS” qanadlı raketləri ilə təchiz edilib.

 

BAŞ KATİB: QARŞIDAKI AYLAR BEYNƏLXALQ ALƏMI SINAĞA ÇƏKƏCƏK

Ukrayna böhranı, iqlim dəyişikliyi ilə mübarizə, koronavirus pandemiyası beynəlxalq aləmi yaxın aylarda sınağa çəkəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş Baş Assambleyanın iclasında çıxışı zamanı bəyan edib.

“Dünya indi təhlükə ilə üz-üzədir. Ukraynadakı müharibədən iqlim dəyişikliyi böhranının dərinləşən təsirinə, pandemiyadan humanitar ehtiyaclara, aclıq və yoxsulluğa qədər, qarşıdan gələn aylar beynəlxalq sistemi sınaqdan keçirəcək”, - deyə təşkilatın baş katibi vurğulayıb.

Eyni zamanda, Antoniu Quterreşin sözlərinə görə, BMT Baş Assambleyası dünya birliyinin fəaliyyətində mərkəzi yer tutur.

 

COZEF BAYDEN ALMANİYA VƏ ISPANIYAYA SƏFƏR EDƏCƏK

ABŞ prezidenti Cozef Bayden Almaniya və İspaniyaya səfər etməyə hazırlaşır. “APA” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pierre məlumat yayıb.

Mətbuat katibi bildirib ki, prezident Cozef Bayden “G7” sammitində iştirak etmək üçün iyunun 25-də Almaniyanın cənubundakı Şloss Elmau şəhərinə gedəcək.

Məlumata əsasən, prezident və digər “G7” liderləri bir sıra aktual qlobal problemləri, o cümlədən “G7”nin demokratik, suveren və firavan Ukraynaya sarsılmaz dəstəyi, iqtisadi və demokratik dayanıqlılıq, iqlim böhranı ilə mübarizə, inkişaf infrastrukturu, qlobal sağlamlıq təhlükəsizliyi və Rusiyanın müharibəsi nəticəsində yaranan ərzaq və enerji böhranını müzakirə edəcəklər.

Ağ Evin mətbuat katibi həmçinin qeyd edib ki, Cozef Bayden iyunun 28-də NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın Madrid şəhərinə səfər edəcək. Onun sözlərinə görə, müttəfiq liderlər NATO-nun növbəti onillikdə transformasiyasını istiqamətləndirmək üçün yeni Strateji Konsepsiyanı təsdiqləyəcəklər.

 

NİDERLANDDA YANACAĞIN QİYMƏTİ REKORD HƏDDƏ BAHALAŞIB

Niderlandda neftin bahalaşması fonunda benzinin qiyməti yeni rekord həddə çatıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Niderlandın “United Consumers” istehlakçı konsaltinq mərkəzinin məlumatları göstərir.

Bildirilir ki, hazırda benzinin pərakəndə satış qiyməti bir litr üçün 2,504 avro təşkil edir. Lakin bəzi yanacaqdoldurma məntəqələrində benzinin bir litri hətta 2,55 avroya satılır. Bu göstərici isə o deməkdir ki, benzin martın 10-da qeydə alınan əvvəlki rekordla müqayisədə daha da bahalaşıb.

Eyni zamanda, verilən xəbərə görə, Niderlandda dizel yanacağının qiymətində də artım müşahidə olunur. Hazırda bu yanacaq növünün bir litri 2,22 avro təşkil edir.

Məlumat üçün qeyd edək, Niderlandda yanacağın qiymətinin artması əsasən neftin bahalaşması ilə bağlıdır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.