Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Region

Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Hazırda Bərdə-Ağdam avtomobil yolunun 3-5-ci kilometrlik hissəsində torpaq işlərinin icrası aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılır. Yolun 5-44,5-ci kilometrlik hissələrində torpaq işləri bitib, hazırda yol geyiminin tikintisi və asfalt-beton örtüyünün salınması işləri aparılır. Asfalt-beton örtük yolun 20 kilometrlik hissəsində (25-44-cü kilometrlik) döşənir.

Yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan suötürücü boru, düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlərin inşası artıq bitib. Hazırda layihə üzrə 3 yerdə nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi üçün hazırlıq işləri aparılır.

Bundan başqa yolun 25 və 40-cı kilometrlik hissəsində inşa olunan 91,3 və 18,2 metr uzunluğa malik körpülərin inşası da artıq yekunlaşıb. Yolun 14-cü km-lik hissəsində 66 metr uzunluğa malik yol qovşağında isə yanaşma yollarının inşası aparılır. Həmçinin yolun 29-cu km-də də "Pit stop" (Dayan Dincəl) məntəqəsinin tikintisi davam edir.

1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da layihə üzrə icrası nəzərdə tutulan işlərdəndir.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş

Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Bütün yollar Qarabağa aparır.

AZƏRTAC