Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Benjamin Franklin

Yəqin çoxlarınız onu 100 dollarlıq əsginasın üzərindəki şəklindən tanıyırsınız. Bəlkə də bəzilərinizin onu tanıma səbəbi elə məhz bu əsginasdır. Amerika Birləşmiş Ştatlarının yaranmasında mühüm rol oynayan, 17 uşaqlı ailənin 15-ci övladı, sabun ustasının oğlu Franklin ac-susuz üz tutduğu Filadelfiyanın ən nüfuzlu simasına çevrilməyi bacaran şəxsiyyətdir. ABŞ prezidenti olmamasına rəğmən, Benjamin Franklini yeganə ABŞ prezidenti adlandırırdılar.

Daha çox siyasətçi kimi tanıdığımız Benjamin əslində universal adam idi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən bu dahi yüksək intellektə sahib olmaqla yanaşı, yazıçı, satirist, jurnalist, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi də məşhurluq qazanmışdır. Məsələn, daşdan hazırlanan sobanı icad edən, eyni zamanda hava proqnozunu verən, körfəz axınının ətraflı xəritəsini hazırlayan, Filadelfiya Akademiyasını və ştatlardakı ilk kütləvi kitabxananı quran Franklinin hətta musiqi istedadı da vardı. Yeri gəlmişkən, onu da qeyd edək ki, Franklin də solaxay dahilərdəndir.

Qeyri-adi hərəkətləri ilə seçilən məşhur şəxsiyyətin özünəməxsus vərdişləri var idi. Açıq pəncərənin yanında çılpaq oturaraq hava vannaları qəbul etməyi çox sevən Franklin təmiz havanın insanı bütün xəstəliklərdən qoruduğuna inanırdı. İş rejiminə riayət edən siyasətçi, gün ərzində cəmi 4 saat yatmaqla kifayətlənirdi.

42 yaşında təqaüdə çıxan Franklinin asudə vaxtlarında ən sevimli hobbisi şahmat oynamaq, ən çox sevdiyi içki isə çay idi.

Qəribə düşüncələrə sahib olan bu dahi şəxsiyyət sevgi münasibətlərində də hər kəsdən fərqlənirdi. Adətən özündən yaşca böyük qadınlara üstünlük verən siyasətçinin görüşdüyü qadınlar ondan nə az, nə çox düz 20-30 yaş böyük olurdu. Benjamin Franklinin fikrincə, bu cür qadınlar daha təcrübəli və təmkinli olurlar. Franklin digər kişilərə də özlərindən yaşda böyük məşuqə seçməyi məsləhət görürdü. Siyasətçi ailəsinə bağlı olsa da, daim həyat yoldaşına xəyanət edirdi. 84 yaşında plevritdən dünyasını dəyişən siyasətçi Filadelfiyada ilk amerikalı idi ki, onun dəfn mərasiminə saysız-hesabsız insan axın etmişdi. Bəlkə də Birləşmiş Ştatlarda başqa heç kim belə şərəflə dəfn edilməmişdir. Üstəlik ölkədə mərhumun xatirəsinə 2 aylıq matəm də elan edilmişdir.

 

Con Forbes Neş

Onun həyat tərzi əslində dəliliklə dahilik arasındakı intervalda var-gəl etmək idi. Uğuru da, böyüklüyü də, dəli ilə dahi arasındakı çox incə bir teli ustalıqla qoruya bilməsi idi. Söhbət dünyanın tanınmış riyaziyyatçılarından biri olan, Nobel mükafatçısı, amerikalı alim Con Forbes Neşdən gedir...

Bu məşhur alimi şizofreniya öz ağuşuna almışdı. O, gənc yaşlarından ta ömrünün son günlərinə qədər kimlərinsə onu izlədiyini düşünürdü. Alimin fikrincə, onu izləyənlərdən biri də tələbəlik dövründəki otaq yoldaşı idi. Dahi riyaziyyatçı nəinki tez-tez hallüsinasiyalar, mövcud olmayan qırmızı geyimli insanlar görür, daim yad səslər də eşidirdi. Qəflətən gecənin yarısı durub bütün pəncərələrin pərdələrini çəkir, onsuz da bağlı olan qapıları yenidən bağlamağa cəhd göstərir, özünü kimlərdənsə qorumağa çalışırdı. Barəsində lentə alınan "Ağıl oyunları" filmində Con Neşin dahiliyinin ona "bəxş etdiyi" bütün bu əzablara necə tab gətirdiyi açıq-aydın səhnələşdirilib.

Vaxtilə universitetdə özünün gənc müəlliminə məftun olan Alisa üçün Neşlə birgə yaşamaq getdikcə dözülməz hal alırdı. Qeyd edək ki, riyaziyyatçı evləndikdən sonra bu xəstəliyə düçar olmuşdu. Həyat yoldaşı ərinin xəstəliyinin simptomlarını gizlətmək üçün çox səy göstərirdi. Alim özü də ustalıqla xəstəliyin simptomlarını gizlətməyi bacarmış, psixiatrları onun sağaldığına inandırmış, həkimləri aldatmağa müvəffəq olmuşdu.

Xanım bacardığı qədər Neşin qəribəliklərinə dözməyə çalışsa da, bir hadisədən sonra boşanmaq qərarına gəlmişdi: qısa müddətliyə evdən çıxan Alisa körpə oğlunu Neşə tapşırır. Onu arxayın edən Neş özünün şizofrenik illüziyalarına necə qapılırsa, uşağı vannaya qoyaraq su kranını da açıq saxlayır. Əgər Alisa bir az da gec gəlsəydi, oğlunu suda boğulmuş görəcəkdi. Bu hadisə artıq onun üçün hər şeyin pik nöqtəsi demək idi. Odur ki, Alisa çox ciddi psixoloji problemləri olan Neşdən ayrılmağa qərar verir. Bu, Alisa üçün sadəcə çətin, amma Neş üçün isə ölümün özü demək idi. Alimin arvadından başqa dostu yox idi. Nobel mükafatı başda olmaqla, qazandığı bütün uğurların əsas səbəbkarı məhz o idi. Fədakar qadın bütün bunları çox yaxşı bildiyi üçün bir müddət sonra ərinin ağır durumunda yenidən onunla birlikdə yaşamağa qərar verir. Bu, həm də Con Neşin ikinci həyatının, nəfəsinin başlanğıc tarixi idi. Çünki sonralar məhz həyat yoldaşının ona olan sevgisi sayəsində xəstəliyi müəyyən qədər yüngülləşmişdi.

Taleyin işinə bax ki, bir-birinə bu qədər bağlı olan cütlük həyatdan da birgə köçür. Belə ki, 86 yaşlı alim həyat yoldaşı ilə birlikdə avtomobil qəzasına düşərək həyatla vidalaşır...

 

Pyotr Çaykovski

Bəstələri ilə dünyaya zəngin musiqi irsi qoyub gedən bəstəkarların həyat hekayələri hər zaman maraq doğurub. Maestrolar fitri istedad və qabiliyyətlərə malik olsalar da, onların bəziləri çətin həyat yolu keçiblər. "Qu Gölü", "Yatmış Gözəl" və "Fındıqqıran" kimi baletlərə bəstələdiyi musiqilərlə məşhurlaşan Çaykovskinin də həyatı digərləri kimi çox keşməkeşli olub...

"Pianinonun qarşısında hər sabah heç çaşmadan düz saat doqquzda otururam. İlham pərilərim də görüşə artıq vaxtında gəlməyi öyrəniblər", - deyərdi dahi bəstəkar. Hüquq təhsili olan Çaykovski bir müddət dövlət qulluğunda işləsə də, sonralar həyatını musiqiyə həsr etməyə qərar vermişdi.

Həyatı sirlərlə dolu olan bu romantik bəstəkar karyerasında böyük nailiyyətlər əldə etsə də, həyatda öz xoşbəxtliyini tapa bilməyib. Bir müddət şəxsi həyatını gizli saxlamağı bacarsa belə, özü ilə mübarizə aparan Çaykovski həmcinslərindən fərqləndiyi üçün daim depressiyaya düşürdü. Şəxsi həyatı bir müddət müzakirə obyektinə çevrilən bəstəkar dedi-qodulara son qoymaq üçün tələbəsi ilə evlənir. Lakin onun evliliyi cəmi 9 həftə çəkir. Uşaqları çox sevən musiqiçi artıq heç bir zaman ata ola bilməyəcəyini qəbul edir və bir müddət özünə qapanır. Son çarəni intiharda görsə də, onun bir neçə cəhdi uğursuz olur. Necə deyərlər, "öldürməyən Allah öldürmür".

Həyat yoldaşı ilə qanuni şəkildə heç bir zaman ayrılmayan Çaykovski sonralar 11 övladı olan Nadejda fon Meklə tanış olur və bir-birlərinin üzünü görmədən 13 il platonik eşq yaşayır. Nadejdadan aldığı mənəvi dəstək sayəsində isə bir çox musiqilər bəstələyir.

Hər zaman özünə qapalı yaşayan həssas bəstəkar heç kimin gözləmədiyi anda, geridə minlərlə məktub, yüzlərlə əsər buraxaraq 53 yaşında həyatla vidalaşır. Onun ölüm səbəbi bu günə qədər də naməlum olaraq qalır. Yerli restoranların birində qaynadılmamış su içdikdən sonra xolerdən (vəba) öldüyü bildirilsə də, intihar olduğuna dair bir çox fərziyyələr var. Qeyd edək ki, bəstəkarın anası da vəbadan vəfat etmişdi. Bəzi musiqi tarixçiləri bunun bir təsadüf olmadığını, Çaykovskinin intihar məqsədilə bu dəhşətli xəstəliyə bilərəkdən özünü yoluxdurduğunu düşünürlər. Ayrı yaşasalar belə, mirasından maddi dəstək verdiyi həyat yoldaşı Çaykovskinin ölümündən sonra ağır sarsıntı keçirərək, qısa müddətdə sirlərilə birlikdə dünyasını dəyişir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".