Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Luvr muzeyi

Dünya sivilizasiyasının bütün mərhələləri əsasən memarlıq abidələrində öz əksini tapır. Tarixi, maddi və mənəvi dəyərlərin qorunub saxlanıldığı  muzeylər memarlıq sənətinin ən vacib elementlərindən biri hesab edilir. Fransanın milli sərvəti olan  Luvr muzeyi də həm dizayn, həm də zəngin kolleksiya baxımından memarlıq tarixində ən möhtəşəm abidələrdən biridir. Böyüklüyünə görə dünyada üçüncü yerdə olan bu nəhəng kompleks Parisin gözəlliyinə gözəllik qatır.

Tarixi mənbələrə görə, Luvr muzeyinin adı vaxtilə Fransa krallarının ovçu qəsrinin yerləşdiyi «Canavar» meşəsinin adından götürülmüşdür. Bina 1546-1574-cü illərdə memar P.Lesko tərəfindən inşa edilmişdir. Dördbucaq şəkildə olan kompleksin genişləndirilməsi J.Lemersye, L.Levo, K.Perro adlı memarlara həvalə edilsə də, layihəni L.Viskanti və E.Lefuel başa çatdırmışdır.   1791-ci ildə Luvr milli bədii muzeyə çevrilmiş və 1793-cü il noyabrın 8-də ilk dəfə olaraq ictimaiyyətə təqdim edilmişdir. Dövrün görkəmli rəssamları Pussen, Romanelli və Lebrenə Luvr muzeyinin interyerinin bəzədilməsi həvalə olunmuşdur.

İnsanların mənəvi zövq aldığı Luvr muzeyində möhtəşəm incəsənət əsərləri  saxlanılır.  Hər biri ayrı-ayrı mədəniyyətə, sivilizasiyalara aid olan sənət nümunələrinin qorunduğu muzeydə 300 minədək eksponat olmasına baxmayaraq, onlardan yalnız 35 minə qədəri  təqdim olunur. Burada Qərbi Avropa, İran, Yunanıstan, Azərbaycan, Misir və Yaxın Şərq incəsənət nümunələrinə də rast gəlmək olar. Dünyanın ən nadir incilərinin mühafizə olunduğu bu «xəzinə»də  Rafael, Delakrua, Rembrandt, Qoyya kimi dünyaşöhrətli rəssamların əsərləri saxlanılır.

 

Bran və ya «Drakula» qalası

Transilvaniya və Valaxiyanın sərhədində Braşov qəsəbəsində yerləşən ecazkar və sirli Bran qalası Rumıniyanın məşhur memarlıq abidələrindən biridir. Müasir dövrün ən dəhşətli əfsanəsindən doğan qorxu və sirlərlə dolu Bran (Drakula) qalası Karpat dağlarının qoynunda yerləşən qayanın üzərində ucaldılıb.  

XIII əsrin əvvəllərində Bran şəhərinin sakinləri öz gücləri və vəsaitləri hesabına alınmaz qala tikmək qərarına gəlmişdilər. Belə bir strateji əhəmiyyətli obyektin  düşmən həmlələrindən qorunmaq üçün daha əlverişli olduğunu düşünən sakinlər qaladan həm də gömrük məntəqəsi kimi istifadə edirdilər. Dörd qüllədən ibarət qeyri-adi həndəsi formaya malik qəsrin tikintisinə 1226-cı ildə başlanmış və 1388-ci ildə tamamlanmışdır.

Bran qalasının əzəmətli qüllələri Bram Stokerin onun ətrafında yaratdığı mif sayəsində bütün dünyanın diqqətini cəlb edir. 1992-ci ildə rejissor Frensis Ford Koppola «Drakula» filminin çəkilişləri üçün bu qalanı  yenidən bərpa etmiş, binaya daha dramatik dizayn verərək qorxulu səhnələrin ərsəyə gəlməsi üçün qalanı film üçün ideal məkana çevirmişdi. Bir çox yeraltı keçidlər, labirint şəklində pilləkənlər, hətta sirli zindan da qəsrin interyerinə daxil edilmişdir. 17 otaqdan ibarət qala hazırda orta əsrlərə aid  incəsənət muzeyi kimi fəaliyyət göstərir. Eksponatlar arasında sənət əsərləri, Edinburq şahzadəsinin libasları, zinət əşyaları, orta əsrə aid silahlar və müxtəlif qab-qacaqlar sərgilənir. Bunların arasında Vlad Tepeşin (Drakula) otağı ən çox maraq doğuran məkanlardan biridir. Muzeyin işçiləri ürəyi zəif olanların bu otağa daxil olmasını tövsiyə etmirlər, çünki burada dəhşət saçan görüntü,  çarmıxa çəkilmiş qurbanların işgəncə səhnələri, tükürpədici vampir dişləri, kartondan düzəlmiş Drakulanın stendi insanları vahiməyə salır.

Orta əsrlərə aid, Transilvaniyanın tarixini əks etdirən möhtəşəm memarlıq əsəri mifik iblis «Drakula» sayəsində dünya miqyasında şöhrət qazanmışdır. Həm interyer, həm də eksteryer baxımından binaya heyran olmamaq mümkün deyil.

 

Tianjin Binhai Kitabxanası

Çinin Tianjin şəhərində yerləşən kitabxana müasir dövrün ən qeyri-adi memarlıq abidəsidir.  Kürə şəklində inşa olunmuş bina Tianjin Şəhərsalma və Layihə İnstitutu tərəfindən dizayn edilmişdir. Futuristik üsluba malik bu mədəniyyət ocağı təkcə kitabxana və təhsil mərkəzi deyil, həm də sosial məkan kimi də fəaliyyət göstərir. Ümumi sahəsi 33,700 min kvadratmetr olan kitabxananın oxu zallarında 200.000 cild kitab yerləşdirilib. 

Qonaqların qarşılanması üçün nəzərdə tutulan əsas zalın rəfləri dalğa şəklində dizayn edildiyindən oxucular özlərini sanki dənizin ortasında hiss edirlər. Kürənin hər iki tərəfində quraşdırılan kitab rəfləri, pilləkənlərdən tutmuş oturacaqlara qədər, hətta bütün tavan boyunca davam edir. Lakin bu kitabların hamısı həqiqi deyil, ümumi dekorasiyanı pozmamaq üçün memarlar sadəcə kitabların üz qabığını həmin rəflərə yapışdırmaqla bütöv bir kompozisiya yaratmışlar. Həmçinin, binanın fasadını bəzəyən parkı dəhlizə birləşdirən şüşədən ibarət konstruksiya binanı günəş işığından qorumaq üçün jalüz  rolunu oynayır.   Optik illüziya yaradan unikal məkan kənardan baxanda nəhəng gözü xatırladır. Məhz bu səbəbdən də binanı «Binhayın Gözü» adlandırırlar.

Kitabxananın beş mərtəbəsində müxtəlif təhsil müəssisələri yerləşir. Birinci və ikinci mərtəbələr əsasən kitablar, oxu zalları, istirahət zonaları və geniş “göz” auditoriyasıdır. Üst mərtəbələrdə isə iclas otaqları, ofislər, kompüter və audio zalları fəaliyyət göstərir. Kitabxanada 1,2 milyona qədər kitab və çoxlu media materialları da mövcuddur. 

Mübahisələrə səbəb olan bu kitabxana hələ uzun müddət müzakirə obyekti olcaq.     

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».