Sağlam həyat
Maraqlı

Sağlam həyat

Gəncliyin sirri bu meyvədə gizlənibmiş...

Yay mövsümünün əvəzolunmaz meyvələrindən biri olan gilas yalnız görünüşü və dadı ilə deyil, saysız-hesabsız faydalarına görə də seçilir. Elm adamları vitamin və mineral "anbarı" olan  bu möcüzəvi meyvənin beyin sağlamlığından  tutmuş, həzm problemlərinə qədər bir çox xəstəliklərdə faydalı olduğunu söyləyirlər. Massaçusets Universitetinin alimlərinin bu yaxınlarda apardıqları araşdırma zamanı gilasın  tam bir "cavanlıq meyvəsi" olduğu ortaya çıxıb.

Mütəxəssislərin dediyinə görə, bu meyvə bir çox ciddi xəstəliklərin qarşısının alınmasına kömək edir.  Güclü antioksidant xüsusiyyəti ilə seçilən gilasın xərçəngin "qənimi" olmaqla yanaşı, ürək-damar sisteminə də müsbət  təsir etdiyi qeyd edilib. Bilavasitə meyvə tərkibindəki C vitamini, karotenoid və flavonoidlər (antosiyaninlər) kimi antioksidantlar sayəsində sərbəst radikalları neytrallaşdırmaqla yaşlanma əleyhinə güclü təsirə malikdir.  Həmçinin meyvənin tərkibindəki oksidləşdirici maddələrin ürək-damar, sinir sisteminin zəifləməsi, görmə, yaddaş itkisi, makula degenerasiyası, saç tökülməsi, dərinin qırışması, kolon və prostat xərçəngi kimi problemlərin də qarşısını ala biləcəyi vurğulanıb.

Antioksidant zənginliyi baxımından  immuniteti gücləndirən gilasın  xüsusilə bakterial, viral, göbələk infeksiyalarından qoruduğu, eyni zamanda artrit və iltihabın da qarşısının alınmasında  effektiv təsir etdiyi bəlli olub.

Mütəxəssislər antiinflamatuar xüsusiyyətlərə sahib olan bu bitkinin həm də, aşağı glisemik indeksə (gl) malik olduğunu deyirlər. Diabet xəstələri və ya  bu risk altında olanlar üçün gilasın qan şəkərini və insulinin səviyyəsini  tənzimləmək üçün əla bir seçim olduğu bildirilib. Bütün bunlarla yanaşı, beyni gücləndirən xüsusiyyətilə də tanınan  bu meyvənin tərkibindəki antosiyaninlər sayəsində idrak funksiyası, sinir sisteminə müsbət təsir etməklə, yaddaş itkisinin qarşısını aldığı və Alzheimer xəstəliyindən qoruduğu düşünülür. Üstəlik  gilas serotonin, melatoninlə birlikdə yuxu keyfiyyətini yaxşılaşdıraraq, yuxusuzluq və yuxu pozğunluğu kimi xəstəliklərlə mübarizə aparmağa kömək edir.

 

Ürəyiniz yeni üsulla bərpa olunacaq

Yeni araşdırmaya görə, bioloji  olaraq parçalana bilən bir gelin infarktdan sonra toxumaları və infarkt nəticəsində yaranan zədələri bərpa edə biləcəyi ortaya çıxıb. Mançester Universiteti və Britaniya Ürək Fondunun tədqiqatçıları gelin hüceyrələri birbaşa ürəyə çatdıra bilməklə yanaşı, onların inkişafına və böyüməsinə kömək edəcəyini söyləyirlər.

Təcrübə zamanı tədqiqatçılar geli sağlam siçanlara yeridiblər və iki həftə ərzində onun ürəkdə qaldığını müşahidə ediblər.

"Bu kəşfin hələ ki, yeni olmasına baxmayaraq, infarktdan sonra ürəyin bərpasına kömək edə bilmə potensialı çox  böyükdür", - deyə tədqiqat rəhbəri Katharine King bildirib.

Tədqiqat işi Britaniya Kardiovaskulyar Cəmiyyətinin konfransında təqdim olunub. Elm adamları uzun illərdir ki, ürək çatışmazlığı riskini azaltmaq üçün zədələnmiş ürəyə yeni hüceyrələr çatdırmağın yollarını axtarırdılar. Lakin  birbaşa ürəyə vurulan hüceyrələrin yalnız 1 faizi sağ qalırdı.

Ürək əzələsi hüceyrəsi yetişdirmək məqsədilə proqramlaşdırılmış  insan hüceyrələrini gelə əlavə edən alimlər üç həftə ərzində  onları bir qabın içərisində  böyüdüblər. Komanda  bu texnologiyanın canlı ürəkdə işləyə biləcəyini sübut etmək üçün  siçanların üzərində sınaqdan keçiriblər. Gəmiricilərə vurulan gelin iki həftə  ərzində onların  ürəyində  qaldığı müşahidə edilib. Bu ərəfədə, həmçinin ürəyin elektrik aktivliyi də  qeydə alınıb və yeni texnologiyanın təhlükəsiz olduğu təsdiqlənib.

Komanda bu təcrübəni gələcəkdə infarkt keçirən siçanlar üzərində sınaqdan keçirməyi planlaşdırır.

 

Zəncəfil hipertoniyanın çarəsidirmi?

Yüksək qan təzyiqi səviyyəsinin  aşağı salınması məqsədilə aparılan araşdırma zamanı, zəncəfildən  müntəzəm istifadənin xroniki xəstəliklərin qarşısının alınmasında  faydalı ola biləcəyi ortaya çıxıb. Belə ki, amerikalı alimlərin hipertoniya xəstəliyi ilə əlaqədar  apardıqları tədqiqatda, gündəlik zəncəfil istehlakı ilə xroniki xəstəliklər arasındakı əlaqə araşdırılıb.

18-77 yaş arası şəxslərin qatıldığı sınaqlarda ümumilikdə 4628 respondent (1823 kişi və 2805 qadın)  iştirak edib. Nəticədə zəncəfilin bəzi xroniki xəstəliklərə, xüsusilə də  hipertoniya və ürək-damar sisteminə qarşı potensial qoruyucu xüsusiyyətə malik olduğu məlum olub.

"Meyvə, tərəvəz,  az yağlı süd və taxıl  məhsulları ilə zəngin, lakin tərkibində  doymuş yağlar olmayan qidalardan ibarət  pəhrizə riayət etməklə, yüksək qan təzyiqini 11 mm Hg-ə qədər aşağı salmaq olar",- deyə  ABŞ tibb mərkəzi Mayo Clinic-in tədqiqatçısı Jhonson qeyd edib.

Tədqiqatçılar yüksək qan təzyiqinin adətən  heç bir əlamət göstərmədiyini, gizlin bir şəkildə irəlilədiyini və qəflətən ortaya çıxdığını söyləyirlər. Odur ki, mütəxəssislər xüsusilə 40 yaşdan yuxarı şəxslərin hər beş ildən bir səhiyyə müəssisəsinə gedib, müayinədən keçmələrini tövsiyə edirlər.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

 

Demans riskini artıran xəstəliklər

Yeni bir araşdırmaya görə, şəkərli diabet xəstəliyi olan, infarkt və ya insult keçirənlərin genetik olaraq risk altında olan biri ilə müqayisədə demansa yaxalanma ehtimalı üç dəfə çoxdur. İngiltərənin Oksford və Ekseter universitetlərinin mütəxəssisləri şəkərli diabet xəstəliyi olanların demansa daha çox meyilli olduğunu söyləyirlər.

"The Lancet Healthy Longevity" jurnalında dərc edilən xəbərdə, həmçinin şəkərli diabet, insult və ya infarkt olan insanların demansa düçar olma riskinin heç bir xəstəliyi olmayan, sağlam insanlardan üç dəfə çox olduğu bildirilib.

200 mindən  çox iştirakçının nümunələrindən  əldə edilən nəticələr idmanın və sağlam pəhrizin vacibliyini bir daha sübut edib. Təcrübə zamanı  təxminən 20 min iştirakçıya üç kardiometabolik vəziyyətdən biri olan diabet, insult və ya infarkt diaqnozu qoyulub. Bir insanda bu üç xəstəliyin sayı artdıqca  demans riskinin də  bir o qədər yüksək olduğu qənaətinə gəlinib.

"2050-ci ilə qədər dünyada 135 milyon insanın demansdan  əziyyət çəkəcəyini hesab edirik. Ürəklə bağlı hər hansı problemi olan birinin  demans inkişaf etdirmə  riskinin genetik risk daşıyandan  daha çox olduğunu gördük. Anadangəlmə genetik xəstəlik  riski olsa belə, ömrü  boyu ürək və metabolik sağlamlığın qayğısına qalmaqla demans riskini  azaltmaq mümkündür", - deyə Xin You Tai qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".