Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Gələcəyin nefti  bananın qabığında imiş...

Elm dünyasında zamanın gedişatını dəyişdirə biləcək ağılasığmaz bir yeniliyə imza atılıb. Belə ki, isveçrəli alimlər "gələcəyin nefti" hesab edilən hidrogen enerjisini çıxarmağın yeni üsulunu kəşf ediblər. "Gələcəyə qayıdış" filmində bir professorun avtomobilini benzin əvəzinə  banan qabığı ilə çalışdırdığı  səhnədən ilhamlanan elm adamları da bu meyvənin qabığından enerji əldə edə biləcəklərini iddia edirlər.

Mütəxəssislər biokütlədən qaz tədarükünü əhəmiyyətli dərəcədə artıra biləcək yeni metod ilə qurudulmuş banan qabıqlarının anında yenilənə bilən enerjiyə çevrilə biləcəyini söyləyirlər. Alimlər bu üsulla hidrogen enerjisini təkcə banandan deyil, həm də  qəhvə çəyirdəyi, qarğıdalı və kokos qabıqlarından da əldə etməyin mümkün olduğunu  bildiriblər.

2050-ci ilə qədər "karbon-neytral" olmağı hədəfləyən Avropa, gələcəyin nefti hesab edilən hidrogen enerjisini əldə edə bilmək üçün  araşdırmalarını sürətlə davam etdirməkdədir. ABŞ-ın hidrogenlə bağlı  siyasətinə görə isə müəyyən davamlılıq meyarlarına cavab vermək üçün, biokütlədən (bitki və heyvan mənşəli maddələr) yenilənə bilən hidrogen enerjisinin əldə edilməsi mümkünsüz görünmür. Biokütlə ilə bağlı ən böyük narahatlıqlardan biri isə meşələrin və digər bitkilərin yanacaq bitkilərinə çevrilməsi və  daha çox CO2 verə bilməsidir. Digər tərəfdən isə  isveçrəli  alimlər qrupu fototermal (işıq və istilik əsaslı) üsullarla əldə edilən bütün məhsulların iqtisadi və iqlim baxımından təhlükəsiz ola biləcəyini deyirlər. Bəs əslində bu necə mümkündür?

Biokütlənin istilikdən istifadə edərək  kimyəvi çevrilməsinin  hazırda iki əsas yolu var: qazlaşdırma və piroliz. Qazlaşdırma orqanik materialı 1000°C temperatura qədər qızdırır və onu bioyanacaq kimi istifadə olunan sintez qazlara (hidrogen, metan, karbonmonoksit və karbon qazının qarışığı) çevirir. Bu çevrilmədən  sonra "biokömür" və ya kömür kimi tanınan bərk karbon qalığı əldə edilir.

Piroliz biokütləni oksigensiz qablarda, daha aşağı temperaturlarda, məsələn, 400-800°C-də parçalayır.

Ancaq alimlər "Chemical Science"  jurnalında dərc edilən məqalədə bunun üçün yüksək temperatur və təzyiqlərə tab gətirə bilən xüsusi reaktorlar lazım olduğunu izah ediblər.

 

Gucci "ağıllı" üzüyünü təqdim edib

İtaliyanın məşhur moda evi Gucci Finlandiyanın sağlamlıq üzrə texnologiya şirkəti "Oura" ilə birgə hazırladıqları “Gucci x Oura” adlı "ağıllı" üzüyünü təqdim edib. Xarici  təbəqəsi qiymətli bir metalla örtülmüş üzüyün gün boyu sağlamlıq vəziyyətini izlədiyi bildirilib.

Verilən məlumata görə, 18 əyarlıq qızıl naxışlarla dizayn edilmiş üzük qara sintetik korunddan hazırlanıb. Bundan əlavə, məhsulun  üzərində qızılla örtülmüş Gucci loqosundan da  istifadə edilib. Korundun almazdan sonra məlum olan ən sərt təbii maddə,  alüminium oksid mineralından ibarət olduğu məlumdur.

Çəkisi 4 və 6 qram aralığında olan məhsulun 100 metr dərinliyə qədər suya davamlı olduğu bildirilib.  Həmçinin onun gün  ərzində ürək döyüntüsü və yuxu prosesini izləməklə yuxu keyfiyyətini təhlil etdiyi qeyd edilib. Üzərində 7 cür fərqli temperatur sensoru olan məhsul, istifadəçilərin yuxu və  aktivlik fəaliyyətini analiz edərək, gün ərzində 3 dəfə   sağlamlıqla bağlı  məlumat verir. Bununla birlikdə  üzük sağlamlıq statistikasını təhlil etmək və istifadəçilərinin oxumasını asanlaşdırmaq üçün Apple Health və Google Fit proqramları ilə uyğun bir şəkildə  işləyir.

Qeyd edək ki, yaxında satışa çıxarılacaq üzüyün qiyməti 950 dollar olacaq.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Ayın ən dəqiq xəritəsi tərtib edildi

Bəşəriyyətin kosmosla bağlı tədqiqatları günü-gündən artmaq üzrədir. Kosmosun dərinliklərindəki araşdırmalar sürətlə davam edərkən, Yer üzərində də bu mövzuda tədqiqatlar aparılmaqdadır. Bu dəfə  çinli alimlər planetimizin  peyki, Ayla bağlı əhəmiyyətli bir yeniliyə imza atıblar. Belə ki, elm adamları indiyə qədər hazırlanmış xəritələr içərisində Ayın ən dəqiq  və əhatəli xəritəsini tərtib etməyi bacarıblar.

Çin Elmlər Akademiyası, Geokimya İnstitutu və digər təşkilatların alimləri tərəfindən hazırlanan xəritənin  gələcəkdə Ayda aparılacaq tədqiqatlara böyük  töhfələr verə biləcəyi bildirilib. "Science"  jurnalında dərc olunan məqalədə,  1/2 500.000 miqyaslı  yeni xəritənin indiyə qədər tərtib edilmiş xəritələr içərisində daha əhatəli olduğu qeyd edilib.

Xəritənin Ayın səthindəki qaya, krater və hövzələr kimi bir çox detalları ehtiva etdiyi bildirilib.

Əvvəllər tərtib edilmiş heç bir xəritənin bu qədər ətraflı olmadığını qeyd edən alimlər, buna nail olmaq üçün ötən əsrdən bəri müxtəlif ölkələrin Aydan topladığı geoloji məlumatlarından yararlandıqlarını qeyd ediblər. Bundan əlavə, əvvəlki xəritələrin  miqyasından iki dəfə böyük olan xəritənin Ayın bütün bölgələrini,  12.341 krater, 81 hövzə, 17 qaya növü və Ayın təkamülü ilə bağlı bir çox məlumatı əhatə etdiyi qeyd olunub.

 

Qeyri-adi kəşf: plastik yeyən qurd növü

Elm aləmində  indiyə qədər görünməmiş  daha bir yenilik edilib. Belə ki, avstraliyalı alimlər plastik yeyən soxulcan növü tapıblar. Elm adamları bu qurd növünün plastik  tullantıların təkrar emalında istifadə edilə biləcəyini söyləyirlər.

Kvinslend Universitetinin Molekulyar Biologiya Elmləri Departamentinin tədqiqatçıları "Zophobas morio" adlı  soxulcan növünün bağırsaqlarındakı bir fermentin sayəsində polistirol istehlak edə biləcəyini ortaya çıxarıblar. Elm adamları bu qurdların plastik yeyərək yaşadığını  söyləyirlər.

Sınaq zamanı tədqiqat rəhbəri dr. Chris Rinke və komandası qurdları üç həftə ərzində müxtəlif növ məhsullarla qidalandırıblar. Plastik sənayesində istifadə edilən polistirol adlı maddə ilə qidalanan qurdların bu müddət ərzində sağ qaldığı və hətta kökəldiyi də müşahidə edilib.

Metagenomik araşdırmalardan sonra soxulcanların plastiki  bağırsaqlarındakı bakteriyalar tərəfindən ifraz edilən bir ferment sayəsində həzm edə bildikləri məlum olub.  Həmin  ferment üzərində ətraflı araşdırma aparacaqlarını qeyd edən elm adamları  bu soxulcanların  plastik tullantıların təkrar emalında  istifadə ediləcəyinə  ümid edirlər.

Araşdırma "Microbial Genomics" jurnalında dərc olunub.

 Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".