İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri müəyyənləşib

İyunun 12-də Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının səkkizinci - Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Yarış "Red Bull Racing" komandasının niderlandlı pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb.

İkinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres tutub. "Mersedes" komandasının britaniyalı sürücüsü Corc Rassel isə yarışı üçüncü sırada tamamlayıb.

Qeyd edək ki, 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi qaliblərinə təqdim olunan kubok fərqli dizaynı ilə seçilir. Kubok Şuşanın 270-ci ildönümünə həsr olunub. Yarışın rəsmi mükafatı Yuxarı Gövhərağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır. Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar kuboku) üzərində mövcuddur.

 

Minifutbol üzrə yığmamız ilk dəfə Avropa çempionu olub

Azərbaycan yığma komandası Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında tarixi uğura imza ataraq qitə birinciliyinin qalibi olub.

Millimiz çempionatın finalında qitə birinciliyinin ən titullu komandasını - altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Oyunda yeganə qolu qarşılaşmanın 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.

Avropa çempionu adını qazanan yığmamızın heyətində Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımov yer alıblar.

 

İdman gimnastlarımız Xorvatiyada 2 medal qazanıblar

Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə "Challenge" seriyasına aid dünya kuboku yarışı keçirilib.

Yarışda ölkəmizi kişilər arasında yığma komandamızın üzvləri İvan Tixonov, Nikita Simonov və Mənsum Səfərov təmsil ediblər.

İdmançılarımızdan İvan Tixonov paralel qollarda, komandamızın digər üzvü Nikita Simonov isə halqa ilə hərəkətlərdə uğurla çıxış edərək bürünc medala layiq görülüblər.

 

Paraüzgüçümüz dünya çempionatında gümüş medala layiq görülüb

Paraüzgüçülük üzrə Azərbaycan yığmasının üzvü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

28 yaşlı idmançı 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışında 1 dəqiqəlik nəticə göstərərək finişə ikinci çatıb.

Xatırladaq ki, R.Saley "Tokio-2020" Yay Paralimpiya Oyunlarının üçqat qalibidir.

 

Xüsusi olimpiyaçılarımız beynəlxalq futbol turnirinin qalibidir

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol komandası Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq futbol turnirinin qalibi olub.

Turnirin ikinci günündə qrup oyunlarında Belçikanı 4:0 və Macarıstanı 3:1 hesabı ilə məğlub edən komandamız divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb. Final mərhələsində Litva yığması ilə qarşılaşan xüsusi olimpiyaçılarımız 3:0 hesablı qələbə qazanaraq çempion adına layiq görülüblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".