Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Franklin Delano Ruzvelt

Məşhur Ruzveltlər nəslinin davamçısı, Teodor Ruzveltin əmisi nəvəsi-Franklin Delano Ruzvelt. ABŞ-ın 32-ci prezidenti Ruzvelt yeganə prezidentdir ki, prezident seçkilərində ard-arda düz 4 dəfə qalib gəlib. Səhhətində yaranan problemlərə baxmayaraq, ABŞ-ı iqtisadi böhranlardan xilas etməklə, karyera pilləsinin ən uca zirvəsinə ucalan siyasətçi ölənə qədər  öz postunu  qorumağa müvəffəq olub.

Ruzveltin ən çox sevdiyi hobbilərindən biri dünyanın hər yerindən müxtəlif markalar toplamaq idi. Səkkiz yaşından marka kolleksiyası yığmağa başlayan  gələcəyin siyasətçisi, illər sonra şəxsi kabinetində xüsusi taxta qutuda marka dolu çoxlu albom saxlayırdı. Hər gecə yatmazdan əvvəl marka kolleksiyasını yenidən nəzərdən keçirməkdən həzz alan Ruzvelt, buna bir neçə saat vaxt sərf edirdi. Digər hobbisi isə demək olar ki, ilin bütün fəsillərində dənizdə çimmək idi. Gənclik illərindən dənizçiliyə böyük  marağı olan  zavallı Ruzvelt haradan bilərdi ki, bu hobbisi bir gün başına bəla olacaq...

Günlərin birində sahil suları ilə ömürlük vidalaşmalı olan siyasətçi, polimelit xəstəliyinə tutularaq gəzmə qabiliyyətini birdəfəlik itirir. Ayaqları tutulan, əlil arabasına möhtac qalan, ruhdan düşmüş siyasətçi  ancaq səhhətinin qayğısına qalmalı olur. Nəyin bahasına olursa-olsun, ayağa qalxacağına ümid edirdi. Amma əbəs yerə... Ölkənin ən məşhur həkimləri onun sağalıb, ayağa qalxmayacağını deyib, təslim bayrağını qaldırdılar. Həmin ilədək siyasətdən və digər ictimai fəaliyyətdən kənarda qalan Ruzvelt özü də reallıqla barışmalı oldu.

Ruzveltin də digər dahilər kimi fobiyaları var idi.  Hətta o, qorxu haqqında belə bir ifadə də işlədib: “İnsanın ən çox qorxduğu şey elə qorxunun özüdür”. Həyatında ən çox  oddan qorxan Ruzvelti, bu fobiya ömrünün sonuna qədər müşayiət edib. Sərbəst hərəkət etmə bacarığını itirdikdən  sonra isə onda bu hisslər daha da artıb. Ruzvelt heç vaxt, hətta gecələr də olduğu otağın qapısını bağlamayıb. Yanğın baş verdiyi halda qapını aça bilməmək qorxusu Ruzvelti buna məcbur edib.

Prezident postu uğrunda mübarizədə Ruzveltə həmişə həyat yoldaşı, keçmiş ABŞ prezidenti Teodor Ruzveltin qardaşı qızı Eleanora Ruzvelt çox kömək edirdi. Kənardan hər zaman xoşbəxt görünməyə çalışan bu çütlüyün  həyatı  heç də göründüyü kimi deyildi. Bir-birləri ilə siyasi mənada dil tapa bilsələr də, Ruzveltlər ailəsinin şəxsi cəbhəsində həmişə gərginlik hökm sürürdü. Belə ki, daha çox qədd-qamətli xanımlara üstünlük verən prezident əlil arabasında da dinc durmurdu. Məşuqə axtarışlarında və seçimində  çox da çətinlik çəkməyən  yaraşıqlı prezidentin əsas sevgi macəraları Ağ Evdə çalışan katibələr Lyusi Merser və Missi Lexand olub. Əslində onun sevgi siyahısı çox "zəngindir", amma Lyusi ilə olan gizli eşqi isə düz 30 il davam edib. Hətta həyatının sonuncu dəqiqələrinə az qalmış Lyusi Franklinin yanında olub və  prezident onun üçün şəkil də çəkdirib. 63 yaşlı Franklin sevgilisinə “bizim cəmi 4 saatımız qalıb!” deyib və beyninə qan sızmadan gözlərini  əbədi olaraq yumub.

“Mən özümdən çox Amerikaya başsağlığı verirəm”. Eleonara sonralar belə demişdi.  Demək o, Franklinin xəyanətini bağışlamamışdı...

  

Emili Elizabet Dikinson

Özünəməxsus, qəribə ve qeyri-adi yazı tərzi ilə seçilən Emili  Elizabet Dikinson Amerika ədəbiyyatı tarixində tərki-dünyalığı seçən ilk şairlərdən hesab edilir. Özünü ətraf həyatdan tamamilə təcrid edən bu  şairə  gənc yaşlarından ölən günə qədər, demək olar ki, həyatının çox hissəsini Amherstdə - ata evində yaşamış, yalnız bağa qulluq etmək üçün hərdən həyətə çıxmışdı. O, hətta atasının dəfn mərasimində iştirak etmək üçün yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağından da aşağı enməmişdi.

Amerikalı şair nəinki evdən çölə çıxmağı sevməyib, hətta 7 il kollecdə dərs oxuduğunu çıxsaq, yaşadığı kənddən addımını belə çölə atmayıb. Buna baxmayaraq, deyirlər, şairə çox  dünyagörüşlü  və intellektli  olub. Həmişə ağ geyinən, subay Emilinin ölümündən sonra şeirlər toplusu, ağır redaktə və dəyişikliklərlə yayımlanıb. Amerika ədəbiyyatını yaman günə qoyan bu naşir “qırıq vəznli şeirləri”, “uyğun olmayan qafiyələri” ilə şeirlərini “düzəldib, gözəlləşdirmək” istəyirmiş. Emilini oxuyanda adama elə gəlir ki, öz zehniyyətini, təsəvvürünü bir kənara qoymalısan. Anlayırsan ki, onların heç birinə güvənmək olmaz. Tamamilə yeni təcrübə ilə üzləşirsən, hətta reallığın belə, göründüyü kimi olmadığını anlayırsan.

Şairə təkcə gözəl şeir yazmağı deyil, həm də əla yemək bişirməyi bacarırmış. Deyilənlərə görə, həyatda ikən o, şairə kimi deyil, daha çox aşpaz kimi tanınırmış. Görünür, onun yaradıcılığı aşpazlıqla sıx əlaqədə olub. Belə ki, faktiki olaraq o, bəzi şeirlərini məhz mətbəxdə yazırmış. Təəccüblü deyil ki, Emili Dikinsonun yemək reseptləri (onlardan yalnız bir hissəsi bu günədək gəlib çatmışdır) hələ də insanları valeh edir. Əgər bir gün siz də  istəsəniz Emilinin yemək reseptləri ilə tanış ola bilərsiniz. Nə bilmək olar, bəlkə, bu yeməklər sizə də  ilham verər, bir neçə misra da siz yazarsınız...

Gözəl zahiri görünüşü, ədəbi istedadı və yaşadığı zamanda tanına bilmə imkanı olmasına baxmayaraq, onun nə üçün qapalı həyat tərzini seçdiyi tam olaraq bilinmir. Bu yöndə bir çox fərziyələr irəli sürülsə də, daha çox nakam bir məhəbbət hekayəsi ehtimalı üzərində dayanılmış, Emilinin həyatı boyunca evlənməməsi də bu ehtimalı qüvvətləndirmişdir.  

Fəqət səbəb hər nə olursa-olsun, bu, sadəcə əhəmiyyətsiz bir təfərrüatdır. Əsas olan şairənin ortaya qoyduğu özünəməxsus və fərqli bir dərinliyə sahib əsərləridir. Görünür o, ruhunun azadlığını cisminin dustaqlığında görürmüş. Odur ki, dünyaya qapılarını açmaq yerinə, öz qapalı otağında yeni bir dünya yaradıb, orada yaşamağı seçdi. Ta ki, 55 yaşında olanda ölüm bu otağa  girənədək...

 

Çarli Çaplin

Yəqin ki, hamınız bəstəboy, ağbəniz, qəribə bığı, yerişi olan bu  şlyapalı və çəlikli kişini tanıyırsınız. Bəli, bu, ağ-qara, səssiz filmlərin qəhrəmanı, qeyri-adi hərəkətləri ilə milyonları güldürən Çarli Çaplindir. O Çarli ki, hamıya sevinc bəxş edib, bir anlıq olsa da, qəlblərə gülüş məlhəmi qoyub. "Güzgü mənim ən yaxşı dostumdur. Çünki ağladığım zaman heç vaxt gülməz”, "gülüşlərim – kədərimi örtməyə çalışan,  gecə-gündüz işləyən fəhlələrdir”-belə deyərdi ağlarkən güldürən məşhur komediya ustası...

Valideyn sarıdan bəxti heç gətirməmişdi Çarlinin. Çox kiçik yaşlarından əyyaş atasını itirən, anası isə dəlixanaya yerləşdirilən məzhəkəçinin uşaqlıq illəri demək olar ki, yetimxanada keçib.

Kino tarixinin ən çox təqlid edilən simalarından olsa da, Çarli Çaplin özünü təqlid edə bilməməsi ilə  tarixə düşüb. Belə ki, bir dəfə  San-Fransiskoda təşkil edilən, Çarli Çaplinə bənzəyənlərin qatıldığı müsabiqəyə gizlicə qatılan məzhəkəçi  yarışda uduzubmuş.

Karyerasına 5 yaşında başlayan Çarli çox məşhur idi. Qonorarlardan milyonlar qazanan məzhəkəçinin deyilənlərə görə, "pulunu balta kəsmirdi". Ancaq buna baxmayaraq, sənətçi çox xəsis adam olub. Hətta simicliyindən daima eyni paltarı geyinər, ucuz otellərdə qalar, qonorar çeklərini xərcləməyib nimdaş bir sandıqda saxlayırmış. Hər dəfə restoranda pulu ödəməmək üçün min cür hoqqadan çıxan sənətçinin hesabını xəcalətdən dostları ödəyirmiş.

Çarli amerikalıların  sevimlisi olsa da, kino dünyası onu heç vaxt sevməyib. Həmkarları və çəkiliş komandası aktyordan hər zaman pis qoxu gəldiyini deyirmiş. “Balaca avara” şəxsi gigiyenasına qətiyyən fikir vermirmiş. İddialara görə, Çarli paltarlarını dəyişmədən uzun müddət geyinirmiş. Xüsusilə yay aylarında bu vəziyyət lap dözülməz həddə çatırmış. Hətta bir dəfə film çəkilişi meydançasında sənətçidən o qədər kəskin qoxu gəlib ki, tərəf müqabili Mari Dressler buna dözə bilməyib rejissora şikayət edib.

Özündən yaşca çox kiçik qızlara meyilli olan bu məşhurun qadın düşkünü olduğu deyilir. Həyatı boyunca  təxminən 2 min qadınla münasibət qurduğu iddia edilən sənətçinin 4 uğursuz evlilikdən 12 uşağı olub. Hətta sonuncu oğlu dünyaya gələndə  Çarlinin 72 yaşı var idi. Kiçikyaşlı qızlardan əl çəkməyən Çaplin hər evliliyində şansını 16 yaşdan böyük olmayan qızlarla sınayırdı. Sənətçinin bioqrafları aktyorun qadınlara qarşı hədsiz təcavüzkar və kobud olduğunu qeyd edirlər. Mütəxəssislər  bunu uşaqlığı problemli keçən Çaplinin şəxsiyyət pozuqluğu ilə əlaqələndirirlər.

88 yaşlı Çarli Çaplin o qədər şanslı idi ki,  Milad gününə bir neçə saat qalmış heç bir ağrı-acı çəkmədən yuxuda ikən həyatla əbədi olaraq  vidalaşıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

 "Respublika".