İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 idmançı ilə qitə birinciliyinə yollanan yığma komanda 1 dəst medal qazanıb.

Azərbaycan 66 xalla komanda hesabında Avropa beşincisi olub. Buna qədər bu yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.

Bundan başqa, qadın güləşində medalların əyarına görə son 7, sayına görə isə son 9 ilin ən yaxşı nəticəsinə imza atılıb.

Xatırladaq ki, Buxarestdə qadın güləşçilərimiz Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) gümüş, Aysel Məmmədzadə (46 kq) isə bürünc medala sahib olub.

 

Stend atıcılarımız beynəlxalq yarışda bürünc medal qazanıblar

Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran-Pri yarışında komandamız ilk uğurunu əldə edib. Ölkəmizi yarışda 14 idmançı təmsil edir.

Stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medal qazanıblar.

 

Azərbaycan gimnastı Avropa çempionatında üçüncü olub

İsrailin Təl-Əviv şəhərində bədii gimnastika üzrə Avropa çempionatı davam edir. İsrailin ikinci dəfə evsahibliyi etdiyi qitə çempionatında 39 ölkədən 286 gimnast (91 fərdi böyüklər, 83 fərdi gənclər, 19 qrup hərəkətləri komandası) mübarizə aparır.

Yarışın ikinci günü gənclər arasında qüvvəsini sınayan yığma komandamızın üzvü Kamila Qafarovanın bürünc medalı ilə yadda qalıb. Gürzlərlə yarışda hakimlərdən 28,850 xal alan idmançımız inamlı çıxışı ilə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. İdmançımız halqa ilə hərəkətlərin icrasına görə 6-cı (29.050 xal) olub.

Həlledici mərhələdə gimnastımız Alina Məmmədova da topla hərəkətlərin icrasında 6-cı pillədə (29.050 xal) qərarlaşıb. Komandamızın digər üzvü Mədinə Dəmirova lentlə hərəkətlərin icrasına görə (26.250 xal) 7-ci yerə sahiblənib.

Qeyd edək ki, Avropa çempionatı, həmçinin dünya çempionatına təsnifat xarakteri daşıyır.

 

Şahmat üzrə beynəlxalq turnir keçiriləcək

Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

Federasiya prezidenti Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunacaq yarışın təşkilati məsələləri üzərində işin başladığını vurğulayıb: “Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. Qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. Sentyabrın 21-24-də keçiriləcək Şuşa turnirində ölkəmizin və dünyanın məşhur şahmatçılarının iştirakını planlaşdırırıq. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək”.

Nərgiz İSMAYILOVA,

“Respublika”.