MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Xan Şatır" əyləncə və ticarət mərkəzi

Memarlıq abidələri hər bir sivilizasiyanın mədəni irsini, tarixi keçmişini və estetik dünyagörüşünü özündə əks etdirir. Müasirliyi və gözəlliyi ilə dünya şəhərləri arasında seçilən Qazaxıstanın paytaxtı Nur-Sultanda tikilən "Xan Şatır"  kompleksi məşhur ingilis memarı Lord Norman Foster tərəfindən layihələndirilmişdir.  Milli koloriti ilə göz oxşayan dünyanın ən böyük çadırı "Xan Şatır" (Xan çadırı) Mərkəzi Asiyanın nəhəng əyləncə və ticarət mərkəzidir. 6 mərtəbədən ibarət binanın  hündürlüyü 150 metr, ümumi sahəsi isə 23 min kvadratmetrdir.

Çadır şəklində inşa olunmuş  binanın diametri 200 metrdir. 635 ton şəffaf polimer örtüyü polad kabellər şəbəkəsi ilə ştativə bərkidilmişdir. Bu kabelləri çəkmək üçün müxtəlif ölkələrdən 650 peşəkar alpinist dəvət olunmuşdur. 12206 beton dirəkdən istifadə olunan tikilinin 140 min kvadratmetri açıq, 120 min kvadratmetri isə qapalı sahədə tikilmişdir. Çadırın bünövrəsini dəstəkləyən 26400 polad dirəyin hər birinin çəkisi 300 tondur.

Kompleksin xarici divarlarında yüzlərlə metal kabel və xüsusi şəffaf plastikdən istifadə olunmuşdur.  Günəş işığının daxil olmasına imkan verən şəffaf material istilik və soyutma sistemləri ilə birlikdə daxili temperaturu əsas məkanda 15-30 dərəcə, pərakəndə satış bölmələrində isə 19-24 dərəcə arasında saxlamaq üçün nəzərdə tutulmuşdur. Fantastik dizayna malik bina gecə işıqlandırma zamanı daha ecazkar görünür.

Zahiri görünüşündə qazax və türk xalqlarının ənənəvi  yaşayış tərzini əks etdirən alış-veriş mərkəzində ofislər, restoranlar, kinoteatrlar, spa mərkəzləri, konsert zalı, botanika bağı, 700 avtomobil üçün dayanacaq, kiçik qolf meydançası, əyləncə parkı və hətta aquapark da yerləşir.

 

Masada qalası

Əfsanəvi Masada qalası İsrailin Arad şəhəri yaxınlığında, Ölü dənizin sahilində yerləşir. Bu qala ilə bağlı hadisələrin təxminən 2 min il əvvəl baş verməsinə baxmayaraq,  təkcə tarixçilərin deyil, həm də adi macəraçıların qəlbini həyəcanlandırmaqda davam edir. Qalanın baş kahin Yonatan tərəfindən tikildiyi deyilsə də, sonradan Böyük Kral Hirod əlavə 37 qüllə ucaldaraq onu daha da gücləndirmişdir. Coğrafi mövqeyinə görə əlverişli müdafiə qalası bütün perimetri boyunca yaylanı əhatə edən qayalardan və qalın daş divarlardan ibarət yüksək dağın zirvəsində ucaldılmışdır. Masada qəsri yağış sularını anbarlara toplamaq üçün əlverişli sistemə malik idi. Bu baxımdan, qida və içməli su ehtiyatları qalanın müdafiəsinin üç il davam etməsinə imkan vermişdi.

Təkcə zəngin tarixi və möhtəşəm panoraması ilə deyil, həm də çoxsaylı attraksionları ilə məşhur qalanın 1400 metr uzunluğu olan 7 giriş qapısı və vaxtilə silah və ərzaq anbarları rolunu oynayan istehkamı mövcuddur. Xüsusi freskalarla bəzədilmiş və əzəmətli sütunlarla haşiyəyə alınmış geniş zalın terrasından ətraf ərazini daha yaxşı görmək olur. Dik qayalarla əhatə olunmuş Masada qalasına yalnız bir tərəfdən yol gedir ki, bu yolu yerli əhali "ilan" adlandırır.

2001-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən bu qala israillilər üçün böyük tarixi əhəmiyyət kəsb edir. Bu xalqın qanlı yaddaşına həkk olunan faciələr məhz burada baş vermişdir. Yəhudilərin qəhrəmanlıq abidəsi olan nəhəng Masada qalası haqqında bir çox əfsanə və rəvayətlər hələ də dolaşmaqdadır.

 

"Balıq" bina

İnsanları heyrətə gətirən müasir memarlıq abidələri hər kəsdə müxtəlif fikir ayrılıqları yaratsa da,  nəticədə bu və ya digər şəkildə hər bir ölkənin simvoluna çevrilir.  Hindistanın Heydərabad şəhərində inşa olunmuş  "Balıq" bina dizaynerlərin fantaziyasının məhsuludur. Qeyri-adi üslubda tikilən bu bina Milli Balıqçılıq İnkişafı Şurasının binasıdır.  2012-ci ilin fevralında  rəsmi olaraq istifadəyə verilmiş layihənin müəllifləri  binanı dizayn edərkən Frank Gehrinin məhşur balıq heykəlindən ilhamlanmışdılar.

Əvvəllər layihə fərqli quruluşa malik olsa da, sonradan "Balıq" bina daha yuvarlaq şəkil alıb. Binaya əsas giriş balığın sol tərəfindəki üzgəcin altından keçir. Girişin üzərində olan üzgəc həm də çardaq rolunu oynayır.  Günəş şuaları altında qızıl balığa bənzəyən binanın eksteryeri gecələr mavi və bənövşəyi işıqlandırma sayəsində elə bir illüziya yaradır ki, sanki Heydərəbad şəhərindən nəhəng balıq keçir.

Futuristik üslubda inşa edilən bina hər il milyonlarla turistin diqqətini cəlb etməkdə davam edir. 

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".