DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL VƏ ABŞ HAVA HÜCUMUNDAN MÜDAFİƏ ALYANSI YARADIB

İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İsrailin müdafiə naziri Benni Qantz bəyan edib.

Məlumata əsasən, nazir qeyd edib ki, alyans İsrailə regionun digər ölkələri ilə əlaqələr qurmağa imkan verəcək. Agentlik hesab edir ki, bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, eləcə də Körfəz Əməkdaşlıq Şurasının digər ölkələridir.

Bundan əlavə, adı açıqlanmayan mənbələr agentliyinə bildiriblər ki, alyans üzvləri hava hücumundan müdafiə sistemlərindən məlumat mübadiləsi aparacaqlar, lakin sistemlərin özləri hər bir ölkə üçün fərqli olacaq.

Bununla yanaşı, Benni Qantz bildirib ki, yeni alyans artıq İranın bir neçə hücumunun qarşısını alıb və ABŞ prezidenti Cozef Baydenin İsrailə səfərindən sonra möhkəmlənə bilər.

 

RUSİYA AVROPA ITTIFAQINA KALİNİNQRADLA BAĞLI TƏLƏB İRƏLİ SÜRÜB

Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin rəhbəri Markus Ederer iyunun 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Verilən xəbərə görə, Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının qalan əraziləri arasında yük tranzitinə birtərəfli anti-Rusiya məhdudiyyətlərinin tətbiq olunması ilə əlaqədar Avropa İttifaqının nümayəndəsinə kəskin etiraz edilib.

Eyni zamanda, Avropa İttifaqının müvafiq hüquqi və siyasi öhdəliklərini pozan və gərginliyin artmasına səbəb olan bu cür hərəkətlərin yolverilməzliyi diqqətə çatdırılıb. Kalininqrada yük tranzitinin dərhal normal fəaliyyətinin bərpası tələb olunub. Əks halda cavab tədbirləri görüləcəyi bildirilib.

Qeyd edək ki, Rusiya XİN iyunun 20-də Litvaya xəbərdarlıq edib. Bildirilir ki, əgər yaxın gələcəkdə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının digər əraziləri arasında Litva ərazisindən keçən yük tranziti tam həcmdə bərpa olunmazsa, o zaman Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır.

 

ABŞ-IN TEXAS ŞTATI MÜSTƏQİL OLMAQ İSTƏYİR

ABŞ-ın Respublikaçılar Partiyasının Texas üzrə nümayəndələri sözügedən ştatın 2023-cü ildə Amerikadan ayrılması üçün referendumun keçirilməsini tələb ediblər. “Teleqraf.com”un xəbərinə görə,  partiyanın Texas şöbəsinin qərarında ştatın ABŞ-dan ayrılmasının vacib olduğu bildirilib.

Məlumata əsasən, qərarda ABŞ hökumətinin Texas Konstitusiyasının birinci maddəsinə uyğun olaraq, ştatın yerli özünüidarəetmə hüququnu pozduğu vurğulanır.

Qərarda deyilir: “Texasın hüquqlarına məhəl qoyulmur, rədd və ya ləğv edilir. Texas ABŞ-dan ayrılmaq hüququna malikdir və buna görə də Texas qanunverici orqanı referendum keçirməlidir”.

Eyni zamanda, çoxsəhifəlik sənəddə yerli konqresmenlər Texas Konqresinin növbəti sessiyasında 2023-cü idə referendumun keçirilməsini tələb edən qanun layihəsinə səs verməyə çağırılıb.

 

İRANDA MİLLİ BANKI QARƏT EDƏNLƏR SAXLANILIB

Tehranda Milli Bankın filialını qarət edən 10 nəfər ölkə daxilində saxlanılıb. “Trend” agentliyinin məlumatına görə, bunu Tehran polisinin rəisi general Hüseyn Rəhimi jurnalistlərə açıqlamasında bəyan edib.

Bununla yanaşı, xəbər verilir ki, “İnterpol” vasitəsilə daha 3 nəfər digər ölkələrdə saxlanılıb və yaxın günlərdə İrana gətiriləcək. Bildirilir ki, saxlanılan şəxslərdən 90 kiloqramdan çox qızıl və zinət əşyaları götürülüb.

Hüseyn Rəhiminin sözlərinə görə, qızıl və zinət əşyaları artıq İranın Milli Bankına təhvil verilib və tezliklə öz sahiblərinə qaytarılacaq.

Məlumat üçün qeyd edək ki, iyunun 6-da İran Milli Bankının Tehran Universiteti filialında 250 əmanət kassasından 162-si qarət olunmuşdu.

 

GÜRCÜSTAN RUSİYAYA QARŞI SANKSİYALAR TƏTBİQ ETMƏK NIYYƏTINDƏ DEYIL

“Gürcüstan Rusiyaya milli iqtisadi sanksiyalar tətbiq edə bilməz”. “APA” agentliyinin verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qətər İqtisadi Forumunda çıxışı zamanı bəyan edib. Baş nazirin sözlərinə görə, Gürcüstanın öz təhlükəsizlik çağırışları və milli maraqları var.

“Biz aydın şəkildə bəyan etdik ki, Gürcüstan Rusiyaya milli iqtisadi sanksiyalar tətbiq edə bilməz. Biz bununla bağlı çox açığıq, bizim öz milli maraqlarımız mövcuddur. Bizim öz təhlükəsizlik və iqtisadi çağırışlarımız var. Bizim motivasiyamız budur. Ölkəmizin coğrafiyasını da nəzərə alsanız,  mövqeyimizi asanlıqla başa düşə bilərsiniz. Mən hökumət başçısı olaraq əhalimizin təhlükəsizliyi barəsində düşünməliyəm”, - deyə İrakli Qaribaşvili vurğulayıb.

Baş nazir qeyd edib ki, Gürcüstan qlobal maliyyə sisteminin bir parçasıdır və Ukraynayaya edilən hücumla əlaqədar adekvat reaksiya verib. O deyib: “Biz ictimaiyyətə bəyan etdik ki, sanksiyalara məruz qalmış hər hansı bir şirkətin Gürcüstanı sanksiyalardan yan keçmək məqsədilə istifadə etməsinə icazə verilməyəcək. Bunun aydın nümunəsi VTB bankdır”.

 

AVROPA İTTİFAQI NATO İLƏ ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRİR

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının hazırkı vəziyyətində Avropa İttifaqı və NATO, eləcə də onların üzvləri tam birlik nümayiş etdirib və əməkdaşlığı gücləndiriblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının qəbul etdiyi yekun qərarda bildirilib.

Xəbərə əsasən, Avratlantik təhlükəsizlik üçün bu kritik anda Aİ-NATO strateji tərəfdaşlığı həmişəkindən daha möhkəm və aktualdır.

Eyni zamanda, sənəddə vurğulanır ki, rəhbər orqanlar və işçi qrupları səviyyəsində siyasi məsləhətləşmələrlə yanaşı, strateji kommunikasiyalar və dezinformasiyaya qarşı mübarizə, tələblərin üst-üstə düşdüyü hallarda müdafiənin planlaşdırılmasının əlaqələndirilməsi, hərbi mobillik məsələləri üzrə dialoq və Ukraynada kadrların qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlıq qurulub.

 

BRİTANİYADA DƏMİR YOLU İŞÇİLƏRİ SON 33 İLİN ƏN BÖYÜK TƏTİLİNİ KEÇİRİR

Böyük Britaniyada iyunun 21-də dəmir yolu  işçilərinin 1989-cu ildən bəri ən böyük tətili başlayıb. “TRT” telekanalının verdiyi xəbərə görə, səhər saatlarından etibarən  ölkə daxilində əksər istiqamətlərdə qatarların hərəkəti dayanıb, London metropoliteni isə bağlanıb.

Ölkə mediası xəbər verir ki, dəmir yolu, dəniz və nəqliyyat həmkarlar ittifaqları tərəfindən təşkil olunan tətil üç gün - iyunun 21-də, 23-də və 25-də davam edəcək.

Tətilin ilk günündə 50 minə yaxın insanın - ölkənin əksər dəmir yollarına və Londonun bütün mərkəzi stansiyalarına xidmət göstərən “Network Rail” və daha 13 dəmir yolu şirkətinin, həmçinin London metrosunun əməkdaşlarının iştirakı gözlənilir.

Məlumata görə, son 33 ilin ən radikal aksiyasına səbəb kompaniyaların rəhbər şəxslərinin öz əməkdaşlarının maaşlarını dondurmaq və onların bəzilərini işdən çıxarmaq, iş gününün müddətini uzatmaq, təhlükəsizlik yoxlamalarını azaltmaq və bütün bilet satışı kassalarını bağlamaq planları ilə həmkarlar ittifaqlarının razılaşmamasıdır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.