Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

İohann Sebastyan Bax

Məşhur musiqiçilər nəslinin davamçısı, dahi alman bəstəkarı İohann Sebastyan Bax polifonik musiqinin nümayəndəsidir. O, bu mürəkkəb bədii üslubun yaradıcılıq imkanlarını xeyli zənginləşdirərək, onu yeni zirvəyə yüksəltmişdir. Bax soyadını daşıyan ailədə musiqiçilik atadan oğula sənət kimi ötürüldüyündən bəzən Almaniyada yarıciddi, yarızarafat hər musiqiçiyə Bax və belə bir soyadı olan hər insana musiqiçi deyərdilər.

Bax valideynlərini itirəndə heç 10 yaşı yox idi. Onun tərbiyəsilə böyük qardaşı İohann Kristof məşğul olur. İlk musiqi savadını da qardaşından alır. Amma qardaşı nəinki dövrün məşhur bəstəkarlarının əsərlərini öyrənməyə, heç notlara əl vurmağa da ona izn vermirdi. Həmin kitablar dəmir barmaqlıq çəkilmiş dolabda saxlanırdı. Bir gün gecəyarısı hamı yatandan sonra Sebastyan əlini barmaqlıqlar arasından salıb kitabı rahatca oğurlayır. Çırağı olmadığından bu notları ay işığında köçürməli olur. Yalnız 6 aydan sonra musiqi "şikarı" tam əlinə keçən zaman qardaşı onu "cinayət başında" yaxalayır, həm surəti, həm də orijinalı əlindən alır.  Belə cəzadan hiddətlənmiş Bax göz yaşları içində: "Əgər, belədirsə, onda mən özüm musiqi yazaram, bu musiqidən də min dəfə yaxşısını yazaram!", - deyir. Kiçik Bax sözünü havaya tullayanlardan deyildi. Arzuladığı kitabı isə o, yalnız qardaşının ölümündən sonra bir daha əlinə keçirə bildi. Amma taleyin cəzası qardaşının cəzasından da ağır oldu. Gecə qaranlıqda çalışmaqdan Sebastyan gözünün nurunu itirmişdi...

Musiqi tarixinə ən çox əsər bəxş edən Baxın məhsuldarlığı onun təkcə sənət həyatında deyil, ailə həyatında da özünü göstərib. Belə ki, bəstəkarın iki həyat yoldaşından 20 uşağı olub. Amma onlardan təəssüf ki, təkcə 10-u yetkinlik yaşına çata bilib, digərləri ya doğum zamanı, ya da körpə yaşlarında həyatla vidalaşıb.

Dahi bəstəkar əlavə qazanc üçün həm toy, həm də matəm mərasimlərində ifa etmək məqsədilə musiqilər bəstələyirdi. Amma şəhərin camaatı, deyəsən, ölmək fikrində deyildi. Ona görə də Bax ailəsi ehtiyac içində yaşayırdı. Arvadı şikayət edib bir azdan evdə bir tikə çörək tapılmayacağını bildirərkən Bax ona belə cavab vermişdi: "Əzizim, Leypsiqin havası çox yaxşıdır. Burda adamlar ölmək istəmirsə, mən neyləyə bilərəm?"

Şəhər müəllimi kimi geyinib gözdəniraq kilsələrdə peyda olmağı sevən Bax, adətən, kilsəyə uyğun olmayan qeyri-adi musiqilər ifa etməklə insanları qorxuya salırdı. Onlar elə bilirdi ki, kilsəyə iblisin özü gəlib...

Musiqi sədaları altında yuxuya getməyi sevən Bax, yatağa girəndə oğlanları növbəylə onun üçün musiqi çalmalıydı. Uşaqlar bu məcburiyyətdən bezsə də, bir neçə dəqiqədən sonra otağı bürüyən xorultu səsinə çox sevinərdilər.

Gözlərini iki dəfə əməliyyat etdirən Baxın həkimin səriştəsizliyi ucbatından nəinki görmə qabiliyyəti, hətta sağlam canı da dərmanların təsiri ilə sıradan çıxır. Ölümünə 10 gün qalmış gözləri sanki görməyə başlayan 66 yaşlı bəstəkar, sonrakı iflic zərbəsindən artıq ayıla bilmir və "Tanrım, yanına gəlirəm" deyərək həyatla vidalaşır.

 

 

Alber Kamü

Fransız yazıçısı, filosof, jurnalist, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq, tənqidçi və ədəbiyyat üzrə Nobel mükafatı laureatı Alber Kamü bir zamanlar "Qərbin vicdanı" adı ilə şöhrət qazanmışdı. İctimaiyyət arasında dürüstlük rəmzinə çevrilərək sevilən bu yazıçı, heç vaxt haqqı nahaqqa qurban verməmiş, ədalətin bərpası üçün mübarizə aparmışdı. Yəqin taleyinin üzərinə çökən qara buludların səbəbi də yazıçının elə dürüstlüyü idi. Necə deyərlər, dili başına bəla oldu həqiqət aşiqinin...

Çox kiçik yaşlarından atasını itirən yazıçı, ərinin ölüm xəbərini eşidəndə stresdən dili tutulan savadsız anasının himayəsində qalır və bu qədər çətinliklərə baxmayaraq, ayaqda qalmağı bacarır.

"Həyat və əxlaq haqqında hər şeyi futboldan öyrəndim". Belə deyərdi dahi yazıçı çünki Kamü 17 yaşına qədər futbol oynamışdı və qapıçı idi. Lakin sonradan vərəm xəstəliyinə görə futboldan uzaqlaşmaq məcburiyyətində qalmışdı. Belə bir probleminin olmasına baxmayaraq, həyatı boyunca siqaret çəkən yazıçı, bu zəhəri heç vaxt tərgitmədi. Hətta "Siqaret" adında pişiyi də vardı...

Özü təbiətcə çox ünsiyyətcil, təmkinli adam olsa da, əsəb xəstəliyi olan qadınlarla evlənməyə üstünlük verirmiş. Ümumilikdə iki dəfə evli olan Kamünün hər iki arvadı "bu dünyanın adamı"olmayıb. Ailə qurduğu xanımların biri narkotik aludəçisi olub. O biri isə özünü klinikanın pəncərəsindən ataraq intihara cəhd etmişdi.

Kamünün özü də yumşaq dillə desək, çox huşsuz adam olub. Bir dəfə o, ikinci arvadını doğum evindən çıxararkən yeni doğulmuş əkizləri xəstəxanada unudubmuş.

Qadınlara qarşı xüsusi həssaslığı olan bu təcrübəli yazıçının sevgi yolunda özünəməxsus, xüsusi taktikaları var idi. Don Juanın bütün romanları kimi, həyatı da eyni süjet cüzi improvizələrlə baş verir, hər şey anlaşılmaz, qarşısıalınmaz güclü maraqla başlayırdı. Amma Alber sevgidən çox tez yorulan və doyan bir adam idi. Lakin bütün bunlara baxmayaraq, kino və teatr aktrisası Mariya Kazares ilə nə az, nə çox düz 13 il eşq yaşamışdı.

Avtoqəzaya düşməzdən əvvəl 46 yaşlı yazıçının sevgilisinə olan son məktubu isə ölümündən cəmi 4 gün əvvəl yazılmışdı. Niyəsi məlum olmadan yazını "Son məktub" adlandıraraq sevgilisinə yollayan Kamü 4 gün sonra olacaq qəzadan xəbərdar idimi? Yoxsa sevgilisi ilə münasibətlərə son qoymaq istəyirdi? Hələ də cavabsız olaraq qalır bu suallar...

 

 

İvan Qroznı

İohann IV Vasilyeviç və ya İvan Qroznı... Əfsanəyə görə, onun doğulduğu gecə yer-göy lərzəyə gəlmişdi. Həmin gecə ildırım və leysanla müşayiət olunan qasırğaya məruz qalmış köhnə Moskvada bir çox taxta evlər yanaraq külə dönmüşdü. Sanki yaşanacaq dəhşətdən duyuq düşmüşdü canlı təbiət...

Düşmənlərini əlləri ilə suda boğan, qaynar suda qaynadan, tabeliyində olan çalışanlarının gözlərini oyan, hər şey bir kənara, öz doğma oğlunu öldürən bu Rusiya çarının Qroznı (qəzəbli, zəhmli) ləqəbini alması heç də təsadüfi deyildi. Sevimli hobbisi ovçuluq olan bu qaniçən çar, bir növ insanlara da şikar kimi baxırdı. Yanına gələn elçilərin onunla söhbət zamanı papaqlarını çıxarmadığı üçün başlarını mismarlayırdı. Hətta günahkar olduğuna inandığı adamları qızğın yağda qaynadıb, xoşuna gəlməyənlərin isə dilini kəsirdi.

İvan Qroznının şəxsi həyatı da, onun hökmranlığı qədər zəngindir. Tarixə qorxunc İvan olaraq düşən, dəhşətli işgəncələri ilə yaddaqalan bu zalım rus çarı, əslində gənclik illərində olduqca yaxşı bir insan olub. Xüsusilə ilk həyat yoldaşı Anastasiya Romanovnanın sayəsində bir çox insana yaxşılıqlar edərək sevilib. Bu ağıllı qadın şahı fəzilətə yönəltməyi bacarmışdı və bəlkə də onun ölümü olmasaydı, İvan qorxunc ləqəblərlə tarixə düşməyəcəkdi. Lakin həyat yoldaşının ölümündən sonra illər keçdikcə İvan Qroznı dəyişməyə başladı. Həyatı boyu 7 dəfə evlənsə də, xəyanət və sui-qəsdlərə məruz qalan İvan heç kəsə rəhm etmirdi.

Nəhayət, şübhələr çarın ailə üzvlərindən də yan keçmədi. Çar öz oğlunu, hakimiyyətin varisini xəyanətdə suçlayıb öz əsası ilə onun başına zərbə endirmişdi. Digər bir iddiaya görə isə buna səbəb gəlininin sarayda alt paltarı ilə gəzməsi olub. Gəlininə irad bildirən çara oğlu müdaxilə edərkən mübahisə yaranıb. Əsası ilə oğlunun başını əzən çar, əməlindən peşman olsa da, sonrakı peşmançılıq fayda verməyib, şahzadə aldığı zərbədən vəfat etmişdi. Yeri gəlmişkən, məşhur rəssam İlya Repin "İvan Qroznı oğlunu öldürür"əsərində də məhz bu səhnə əks olunub.

13 yaşından etibarən əxlaqsız həyat tərzi sürən İvanın sadizmə meyilli olduğu düşünülür və alimlər onun ruhi xəstə olduğunu təsdiqləyirlər. Günü-gündən halı pisləşən çarın utancverici bir xəstəliyə tutulduğunu və müalicə məqsədilə müntəzəm olaraq civədən istifadə etdiyini onun sümük qalıqları üzərində aparılan araşdırmalar da sübut edir. Bu dəhşətli xəstəlik 53 yaşlı İvanın "çökmüş" bir qocaya çevrilməsinə və erkən ölümünə səbəb oldu. Şahmat oynadığı yerdə ölən çarın zülmündən rus xalqı yaxa qurtardı...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".