Sağlam həyat
Maraqlı

Sağlam həyat

Bir meyvədə bu qədərmi fayda varmış...

Yay mövsümünün meyvələri içərisində özünəməxsus gözəl görünüşü, ətri, dadı, ləzzəti ilə seçilən ərik həm də möcüzəvi faydaları ilə də məşhurdur. Aparılan araşdırmalar nəticəsində bu meyvənin ən xeyirli meyvələr siyahısında ön sıralarda olduğunu bilirsinizmi? Bəs meyvəyə sarı-narıncı rəng verən "karotenoid" və "lütein" piqmentləri sayəsində güclü antioksidant təsirə malik olduğundan necə, xəbərdarsınızmı?

Əslində, əriyin tərkibində olan "karotenoid" A vitamininin əsas komponentidir. Orqanizmimiz ehtiyac yarandıqda onu bu vitaminə çevirərək ifadə edir. Vücudumuzda A vitamininə çevrilə bilən bir çox karotenoidlər arasında isə ən yüksək çevrilmə dərəcəsinə malik olanı beta-karotindir. İmmunitet sisteminin qorunması, dərinin cavanlaşmasında vacib rol oynayan bu maddə, həm də göz sağlamlığı üçün olduqca faydalıdır.

Aparılan təcrübələr təbii antioksidant maddələr ehtiva edən əriyin xərçəng, katarakt və kardiovaskuler sistem xəstəliklərinin əmələ gəlmə təhlükəsini azaltdığını və qoruyucu təsirlərə malik olduğunu göstərir. Mütəxəssislər gündə bir stəkan ərik suyunun karoten ehtiyacını ödədiyini söyləyirlər.

Həmçinin kalsium, dəmir, maqnezium, fosfor komponentlərinin mükəmməl qaynağı olan bu möcüzəvi meyvə, xüsusilə hamilələr və inkişaf çağındakı uşaqlar üçün olduqca xeyirlidir. Xüsusilə quru ərik kaliumla zəngin olduğu üçün aritmiya kimi ürəklə əlaqədar problemlərin qarşısının alınmasında çox faydalıdır. Ürək əzələlərini qidalandıran, arterial təzyiqi tənzimləyən bu meyvəni əbəs yerə ürəyin "dostu" adlandırmırlar. Tərkibindəki maqnezium və fosfor sayəsində isə bilavasitə, beyin funksiyalarını inkişaf etdirən ərik, eyni zamanda mədə xəstəliklərində bakterial balanssızlığı aradan qaldırmaqla qəbizlik və bağırsaq xərçənginə qarşı da effektiv təsir edir.

İnformasiya " Cumhuriyet" qəzetində dərc edilib.

 

Bu əlamətlər erkən ölümün xəbərçisidir

Braziliyada aparılan bir araşdırmada, 10 saniyə ərzində tək ayaq üstə dayana bilməyən insanların erkən ölüm riskinin, bunu bacaranlara nisbətən 84 faiz daha çox olduğu ortaya çıxıb. Bəs siz necə sağlam olduğunuzdan əminsinizmi? Belə bir duruşa nə qədər müddət tab gətirə bilərsiniz? Əgər əmin deyilsinizsə və ya sağlamlığınızla bağlı hər hansı şübhələriniz varsa, mütəxəssislərin sadaladıqları erkən ölümü göstərən əlamətlərə diqqət edin...

"Daily Mail" qəzetində sağlamlığın qənaətbəxş olub-olmadığını göstərən bəzi əlamətlər sıralanıb.

50-75 yaş arası 2000 insanı müşahidə edən braziliyalı mütəxəssislər flaminqo testini (10 saniyə tək ayaq üstə dayanma) tamamlaya bilməyən könüllülərin erkən ölüm riskinin tapşırığı asanlıqla yerinə yetirənlərə nisbətən daha çox olduğunu müəyyən ediblər. Mütəxəssislər uzun yaşaya bilmək üçün tarazlıq səviyyəsinin vacib olduğunu və bu balansın pozulmasının sağlamlığa zərər verdiyini söyləyirlər.

Fransa Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun tədqiqatçıları isə beş il ərzində yaşı 65-dən yuxarı təxminən 3200 insanı izləyərək, onların yerimə sürətini ölçüblər. Nəticədə yavaş yeriyənlərin ölüm riskinin, sürətlilərlə müqayisədə 44 faiz daha çox olduğu məlum olub. Bilavasitə, sürətli yeriyənlərin daha gümrah ürək-damar sisteminə də sahib olduğu vurğulanıb. 

Bundan əlavə, oturmaqda və ayağa qalxmaqda çətinlik çəkən insanların ölüm riskinin, bunu rahatlıqla bacaranlara nisbətən beş dəfə çox olduğu müəyyən edilib. Alimlər hərəkət qabiliyyəti, elastiklik və əzələ zəifliyi göstəricilərinin sağlamlıq vəziyyətinin pisə doğru getməsindən xəbər verdiyini qeyd ediblər.

Həmçinin dörd pilləkəni problemsiz çıxa bilmək də, erkən ölümdən yaxa qurtaracağınıza işarə edir.

 

Kifayət qədər su istehlak edirsinizmi?

Suyun orqanizmimizə olan faydalarını yəqin ki, sadalamağa ehtiyac yoxdur. Bunu uşaqdan-böyüyə hər kəs bilir. Çünki ən azından hansı həkimə gediriksə mütləq bol maye, su içməyi tövsiyə edir və onun faydalarından o qədər danışır ki, adamın lap bir vedrə su içməyi gəlir. Amma bəzilərimiz istəsək belə, kifayət qədər su içə bilmirik. Bəzilərimiz isə gün ərzində nə qədər suyun orqanizmimiz üçün yetərli olduğundan xəbərsizik. Bəs bunu necə bilək?

"Apetite" jurnalında yayımlanan məqalədə, xüsusilə yaz-yay mövsümünün başlanması ilə əlaqədar orqanizmdə suya olan tələbatın artmasını nəzərə alaraq, bir sıra tövsiyələr verilib. İsti havalarda tər vasitəsilə mayenin bədəndən xaric olunması səbəbindən daha çox su qəbul edilməlidir. Bu mövsümdə daha çox fiziki aktivlik göstərən fəhlələr, idmanla məşğul olanlar, açıq havada çox olanlar - normanın yuxarı həddində su qəbul edə bilərlər. Bu baxımdan alimlər bədən çəkisinin hər kiloqramına görə təxminən 40-60 ml su qəbulunu tövsiyə edirlər. Yəni, əgər 60 kq çəkiniz varsa, maksimum 2 litr su içə bilərsiniz. 80 kq-dan yuxarı çəkili insanlar üçün isə bu miqdar 2,5-3 litrə bərabərdir. Onlar həmçinin qoyulan gündəlik normanı 1-2 saatın içində bitirməyin təhlükəli olduğunu qeyd ediblər. Bu riskin hətta ölümlə nəticələnə biləcəyi bildirilib.

 

Adi bir vərdişdir, yoxsa xəstəlik?

Deyirlər "təmizlik imandan gəlir",  yaxud "təmizlik sağlamlığın açarıdır". Amma hər şeyin ifratı ziyanlı olduğu kimi, həddindən ziyadə təmizlik vərdişi də, psixologiyanın pozulmasına gətirib çıxarır.

Bəzi insanlar əllərini yuduqdan və yaxud hansısa bir yeri təmizlədikdən sonra onlara elə gəlir ki, hardasa mikrob qalıb. Hətta buna əmin olmadıqları üçün eyni işi dəfələrlə təkrarlamağa çalışırlar. Ən ideal şəraitdə belə, bu cür insanlar xoşagəlməz, onları qane etməyən nəsə tapırlar. Həkimlərin sözlərinə görə, bu hal ifratın psixi pozuntuya dönən formasıdır. Amma onu da unutmayaq ki, təmizliyi sevənlərin də, hamısını xəstə adlandırmaq olmaz.

Mütəxəssislər söyləyir ki, təmizlik şəxsin gündəlik həyatına mane olursa, bu, artıq psixiatrik xəstəlikdir. Hazırda bu xəstəlik tibbdə "obsesif kompulsif pozğunluq" adlanır və 4 formada özünü göstərir. Təmizlik isə onlardan biridir. Məsələn, şəxsin təkrar-təkrar əllərinin təmiz olmadığını düşünməsi xəstəliyin obsessiya, əllərini dəfələrlə yumağa çalışması isə kompulsiya hissəsidir. OKP insanların gündəlik həyat fəaliyyətini və keyfiyyətini aşağı salmaqla, onların daha məhsuldar olmalarına mane olur.

Xəstəliyin 3 forması var - yüngül, orta və ağır. Həkimlər yüngül dərəcəli xəstələrin davranış terapiyası ilə müalicə edilməsinin mümkün olduğunu deyirlər. Məsələn, vəsvəsəni dəf etmək üçün vərdişin əksinə getmək tövsiyə edilir. Orta və ağır xəstələrə isə psixoterapiya ilə yanaşı, dərman terapiyasının da tətbiqinin vacib olduğu bildirilir.

İnformasiya "Spiegel" jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".