İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Gənc cüdoçularımız Avropada 1 gümüş, 1 bürünc medal qazanıblar

Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub.

Azərbaycan komandası yarışda 1 gümüş, 1 bürünc medal qazanıb. Belə ki, gümüş medalı komandamızın aktivinə 48 kiloqram çəki dərəcəsində Könül Əliyeva yazdırıb. Yığmamızın digər üzvü Aytac Qardaşxanlı (63 kq) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan turnirdə 7 idmançı ilə təmsil olunub.

 

Paraatletimiz Tunis Qran-Prisində qızıl medala sahib olub

İdmançımız Məhərrəm Qasımov (F11) nüvə itələmə növündə 10.13 metr nəticə göstərərək yarışın qızıl medalına sahib olub və bununla o, "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ilk reytinq xallarını qazanıb.

Məhərrəm Qasımov artıq bir müddətdir ki, paralimpiya idman növləri ilə məşğul olur, daha öncə o, pauerliftinq növündə öz gücünü sınayıb.

 

Budapeştdə kubok yarışında üç mükafat

Macarıstanın paytaxtı Budapeştdə kişi idman gimnastikası üzrə gənclər arasında 7-ci beynəlxalq kubok yarışı keçirilib.

Yarışda ölkəmizi yığma komandamızın üzvləri Aydın Əlizadə, Rəsul Əhmədzadə və Anar Həsənov təmsil ediblər.

Gimnastımız Aydın Əlizadə sərbəst hərəkətlər və dayaqlı tullanmada gümüş, halqalar ilə hərəkətlərin icrasında isə bürünc medal qazanıb.

 

Azərbaycan millisi turniri uğurla başa vurub

Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnir sona çatıb.

Azərbaycan millisi 12 ölkədən 212 idmançının qatıldığı yarışı 3 qızıl və 4 gümüş medalla başa vurub. Turnirdə 54 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədəli Aşırəliyev finalda Rumıniya təmsilçisini 5:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmmədəli Qasımzadə (57 kq) də finalda bolqarıstanlı rəqibinə 5:0 hesabı ilə qalib gələrək turnirin birincisi olub.

Tacı Nəsibov (50 kq) yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

Qızlardan ibarət millinin heyətində isə Emili Rzayeva (70 kq) bütün rəqiblərindən güclü olub. O, finalda Maria Tanaseskuya (Rumıniya) qalib gəlib.

Komandamızın heyətində Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq) və Aynur Mikayılova (52 kq) turniri gümüş medalla başa vurublar.

Beləliklə, yarışa 8 boksçu ilə yollanan Azərbaycan millisi turniri 7 medalla başa çatdırıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".