DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“G7” LİDERLƏRİNDƏN QLOBAL ƏRZAQ QITLIĞI ILƏ BAĞLI ÇAĞIRIŞ

“G7” liderləri ərzaq ehtiyatları olan ölkələri və şirkətləri qlobal ərzaq qıtlığını aradan qaldırmağa kömək etməyə çağırıblar. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, ABŞ, Almaniya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət “G7” ölkələrinin liderləri Almaniyanın ev sahibliyi etdiyi sammitin son günündə qlobal ərzaq təhlükəsizliyi mövzusunda birgə bəyanatla çıxış ediblər.

“Qısamüddətli yardım üçün biz böyük ərzaq ehtiyatlarına malik tərəfdaşları və özəl sektoru bazarlara təsir etmədən, o cümlədən BMT-nin Ümumdünya Ərzaq Proqramının strategiyasına dəstək verməklə ərzaq əldə etməyə çağırırıq. Bütün ölkələr qiymətlərin daha da artmasına səbəb ola biləcək həddən artıq ehtiyat toplamaqdan çəkinməlidirlər”, - deyə bəyanatda vurğulanır.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, “G7” ölkələri qlobal qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə 4,5 milyard dollar ayıracaqlar. Bununla da qlobal ərzaq təhlükəsizliyi üçün bu il ayrılan vəsait 14 milyard dollara çatacaq.

 

ALMAZBEK ATAMBAYEV İĞTİŞAŞLARLA BAĞLI CİNAYƏT İŞİ ÜZRƏ BƏRAƏT ALIB

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilməyib. Bu barədə“Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, Pervomaysk Rayon Məhkəməsi 2020-ci ilin payızında şəhərdə kütləvi iğtişaşlarla bağlı cinayət işi üzrə Almazbek Atambayevə bəraət qazandırıb. Məhkəmə zamanı dövlət ittihamçısı keçmiş prezidentin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Almazbek Atambayev hazırda həbsdədir. O, əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edilib.

Məhkəmə keçmiş dövlət başçısını “qanuni oğru” Əziz Batukayevin həbsdən azad edilməsi barədə iş üzrə təqsirli sayıb. Sabiq prezident, həmçinin korrupsiyada təqsirli bilinib.

 

FRANSADA KORONAVİRUSLA BAĞLI VƏZİYYƏT PİSLƏŞİR

Fransanın səhiyyə naziri Bricit Burginyon “COVID-19”la bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar ölkə vətəndaşlarını yenidən ictimai nəqliyyatda maska taxmağa çağırıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə nazir yerli telekanallarda çıxışı zamanı bildirib.

“Mən əhalini ictimai nəqliyyatda maska taxmağa çağırıram. Bu, qərar deyil, xahişdi”, - deyə ölkənin səhiyyə naziri vurğulayıb. Bundan başqa, nazir qapalı məkanlarda da tibbi maska taxmağı tövsiyə edib.

Məlumat üçün qeyd edək ki, hazırda Fransada gündəlik 60 min civarında koronavirusa yoluxma halı qeydə alınır. Ölkə hakimiyyəti bunu koronavirus pandemiyasının yeddinci dalğası adlandırır.

 

ƏSIR DÜŞƏRGƏSİNİN 101 YAŞLI NƏZARƏTÇİSİNƏ 5 IL HƏBS CƏZASI VERILIB

Almaniyada əsir düşərgəsinin 101 yaşlı nəzarətçisi Yozef Şutzun oktyabrda başlayan məhkəmə prosesi başa çatıb. “APA”nın “Le Figaro” qəzetinə istinadən verdiyi xəbərə görə, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata əsasən, məhkəmə bu yaşda olan insanlar üçün Almaniya qanunvericiliyində müəyyən edilmiş ən uzunmüddətli cəzanı təyin edib.

Qeyd edək ki, faşist əsir düşərgəsinin keçmiş nəzarətçisi olan Yozef Şutz 1942-1945-ci illərdə 3518 dustağın ölümündə iştirak etməkdə ittiham olunur. Prokurorluq onun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs ittihamları rədd edərək faşist Almaniyasının ordusu və polisi ilə əlaqələri barədə deyilənləri yalan adlandırıb.

 

ABŞ-DA 50 ILIN ƏN BÖYÜK ƏSGƏR ÇATIŞMAZLIĞI MÜŞAHİDƏ OLUNUR

ABŞ ordusunda hərbi xidmətə yararsız şəxslərin saylarının artması fonunda könüllülərə ciddi ehtiyac yaranıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “NBC News” telekanalı məlumat yayıb. Yaranmış vəziyyət, təxminən 50 ildə ən böyük əsgər çatışmazlığına gətirib çıxarıb.

Bildirilir ki, sentyabrın 30-da başa çatacaq müqavilə əsasında hərbçilərin qəbulu üzrə ümumi illik plan iyun ayına cəmi 40 faiz yerinə yetirilib.

Bununla yanaşı, Pentaqonun daxili araşdırması göstərib ki, hərbi xidmətə yararlı olanların yalnız 9 faizi hərbi xidmətə getməyə hazırdır. Bu göstərici isə 2007-ci ildən bəri rekord minimumdur.

Respondentlərin 57 faizi xidmət başa çatdıqdan sonra emosional və psixoloji çətinliklərlə üzləşmək istəmədiklərini, rəyi soruşulanların yarısı isə mümkün fiziki xəsarətlərdən qorxduqlarını bildiriblər.

 

ÜST: DÜNYA ÜZRƏ MEYMUNÇİÇƏYİNƏ YOLUXMA HALLARI ARTIR

Dünyada meymunçiçəyinə yoluxma halları artır. Bu ilin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə 3413 laborator yoluxma halı qeydə alınıb və bir ölüm faktı məlumdur. “Report”un xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində bildirilir.

“2022-ci il yanvarın 1-dən iyunun 22-dək ÜST-ə 50 ölkədə təsdiqlənmiş 3413 yoluxma halı və 1 ölüm barədə məlumat daxil olub”, - deyə sənəddə qeyd olunur.

Təşkilatın açıqlamasına əsasən, əvvəlki bülletenin dərc edildiyi gündən - iyunun 17-dən indiyədək 1310 yeni yoluxma faktı aşkarlanıb. Həmçinin daha səkkiz ölkə yoluxma halları barədə məlumat verib.

Təsdiqlənmiş halların əksəriyyəti (86 faiz) Avropada müəyyən edilib. Siyahıda sonrakı yerləri Amerika (11 faiz), Afrika (2 faiz), Şərqi Aralıq dənizi (1 faizdən az) və Asiya-Sakit okean (1 faizdən az) regionu tutur.

 

ATOM ENERJİSİ İLƏ İŞLƏYƏCƏK UÇAN HOTEL LAYİHƏSİ HAZIRLANIB

Yəmənli biotexnoloq və elm kommunikatoru Haşim əl-Qaili “Sky Cruise” adlandırdığı uçan hotel-təyyarə layihəsi hazırlayıb. “Trend”in məlumatına görə, otel atom enerjisi ilə işləyəcək və bunun sayəsində  daim havada qala biləcək.

Bildirilir ki, qonaqlar göyərtəyə adi təyyarələrdə çatdırılacaqlar, bunun üçün isə uçan hotelin öz aerodromu olacaq. Eyni zamanda, konsepsiya çərçivəsində təyyarəni birbaşa süni intellekt idarə edəcək və pilotlar yalnız onun effektiv fəaliyyətini nəzarətdə saxlayacaqlar.

Ehtimal olunur ki, lüks hotelin göyərtəsində eyni vaxtda 5000-ə qədər qonaq qala biləcək.

Bununla belə, layihə bir sıra suallar doğurur. Belə ki, ixtiraçının ideyasının aerodinamika qanunlarına zidd olduğu bildirilir. Həmçinin, qeyd olunur ki, göyərtəsində nüvə reaktoru olan təyyarə hər hansı şəhərin üzərinə düşərsə, bu, atom bombasının partlamasına bərabər olacaq.

 

TEXAS ŞTATINDA YÜK MAŞININDA 46 NƏFƏRİN MEYİTİ AŞKAR EDILIB

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində miqrantların olduğu yük maşınında 46 nəfərin meyiti aşkarlanıb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Miqrant olduğu bildirilən 46 nəfər sürücünün tərk etdiyi yük maşınında tapılıb. Yük maşınında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb.

Məlumata əsasən, maşında olanların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları güman edilir.

Hazırda yük maşınının sürücüsünün axtarışları davam edir, hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.