DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN GƏRGİNLİYƏ SON QOYMAQLA İSTƏDİYİNƏ NAİL OLDU

NATO-nun İspaniyanın paytaxtı Madriddə keçirilən tarixi sammitində baş verənlər dünyada əks-səda doğurub. “Teleqraf.com”un verdiyi xəbərə görə, Türkiyə sammitdə Finlandiya və İsveçə qarşı veto kartını geri götürdükdən sonra Ağ Ev “F-16”ların Ankaraya satışını dəstəklədiyini açıqlayıb.

İngiltərənin “Financial Times” qəzeti isə ABŞ-ın yeni strategiyasından yazıb. Məqalədə Türkiyə ilə bağlı diqqəti çəkən mühüm detallar əks olunub. Nəşrə açıqlama verən ekspertlər və diplomatlar Ukrayna müharibəsinin Qərb ölkələrinin Türkiyə ilə problemli münasibətlərini yaxşılaşdırmaq üçün fürsət yaratdığını bildiriblər.

“The Wall Street Journal” nəşri də Ankaranın mövqeyini və bundan sonra baş verəcəkləri diqqət mərkəzində saxlayıb. “Razılaşma Ərdoğana qələbə qazandırdı. Türkiyə istədiyini əldə elədi”, - deyə nəşrdə qeyd olunur.

Məqalədə İsveç və Finlandiyanın terror təşkilatlarına dəstəyi dayandırmaq və Türkiyəyə silah satışına qoyulan sanksiyaları aradan qaldırmaq barədə razılığa gəldiyi vurğulanıb. Nəşr qeyd edib ki, bu razılaşma Ərdoğan üçün ölkə daxilindəki siyasi maraqları baxımından da böyük qələbədir.

 

İSRAİL PARLAMENTİ BURAXILIB

İsrail Knesseti (parlament) buraxılıb. “Report” agentliyinin İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə iyunun 30-da qanunverici orqan qanun layihəsi qəbul edib. Belə ki, parlament ölkədə növbədənkənar parlament seçkilərinin noyabrın 1-də keçirilməsinə səs verib.

Məlumata əsasən, ölkə müxalifəti isə bu siyasi kampaniyanın oktyabrın 25-də reallaşmasını təklif etmişdi. Seçkilərədək baş nazir vəzifəsini “Yeş Atid” partiyasının başçısı, xarici işlər naziri Yair Lapid icra edəcək.

Qeyd edək ki, İsrailin baş naziri Naftali Bennet qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini və siyasətdən gedəcəyini bəyan edib.

Bununla yanaşı, müxalifət lideri, keçmiş baş nazir Benyamin Netanyahu bildirib ki, hakimiyyətə qayıtdıqdan sonra üç əsas məsələyə diqqət ayıracaqlar: qiymətlərin ucuzlaşması, milli ləyaqətin bərpası, İran təhlükəsinə qarşı mübarizə.

 

AVROPA KOMİSSİYASI KALİNİNQRADLA BAĞLI QƏRARINI AÇIQLAYACAQ

Avropa Komissiyası bir neçə gün sonra Litva ərazisi vasitəsilə Rusiyanın Kalininqrad şəhərinə tranziti qadağan edilən mallarla necə davranılacağı ilə bağlı rəhbər prinsipləri elan edəcək. “APA”nın verdiyi xəbərə görə, bu barədə Litva prezidenti Gitanas Nauseda Vilnüsdə yerli informasiya agentliyinə verdiyi müsahibəsində bildirib.

Danışıqların mümkün nəticələri ilə bağlı hər hansı bir şərh verməyən siyasətçi onu da qeyd edib ki, Litva “xüsusi mallar üçün yaşıl dəhliz”in əleyhinədir.

Almaniyanın “N-tv” telekanalı isə öz mənbələrinə istinadən məlumat yayıb ki, bu məsələ ilə bağlı iyulun 10-dək kompromis əldə oluna bilər. Telekanalın xəbərinə əsasən, Almaniyanın dəstəyi ilə Litva və Avropa Komissiyası arasında müvafiq danışıqlar aparılır.

Kanalın mənbələrindən birinə görə, kompromis tərəfdarları Avropa İttifaqı ərazisində hərbi eskalasiyadan ehtiyatlanırlar. Məsələnin iki mümkün həlli variantı nəzərdən keçirilir: ya Rusiya ilə Kalininqrad arasındakı yükdaşımalar Aİ sanksiyalarından azad olunacaq və ya Kalininqrad üçün humanitar prinsiplər əsasında istisna ediləcək.

 

HİNDİSTANDA TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 151 NƏFƏRƏ ÇATIB

Hindistanın Assam ştatında daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı son sutka ərzində 12 nəfər artıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Bildirilir ki, sözügedən ştatda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin ümumi sayı artıq 151 nəfərə çatıb.

Məlumata əsasən, daşqınlar baş verən zonalarda yaşayan sakinlərin sayı 2,2 milyondan 3,1 milyon nəfərə qədər artıb. Təhlükəli ərazilərdən təxliyə edilənlər üçün yeni müvəqqəti düşərgələr yaradılır, orada yerləşdirilən insanların sayı hazırda 300 min nəfəri ötüb.

Eyni zamanda, Assam hökumətinin məlumatına görə, ştatda 2254 kənd təbii fəlakətdən zərər çəkib, 200 minə yaxın sakin təhlükəli ərazilərdən təxliyə edilib. Daşqınlar azı 218 yola və 20 körpüyə ziyan vurub.

 

ABŞ PREZIDENTI YAXIN ŞƏRQƏ SƏFƏRİNİN MƏQSƏDİNİ AÇIQLAYIB

ABŞ prezidenti Cozef Bayden Yaxın Şərq regionuna səfərinin məqsədini açıqlayıb. “APA”nın xəbərinə görə, dövlət başçısı NATO-nun Madrid sammitinin yekunlarına dair brifinqdə bildirib ki, səfərinin məqsədi Səudiyyə Ərəbistanından neft istehsalını artırmağı xahiş etməklə bağlı deyil.

“Bu, mənim regiona prezident kimi, ilk səfərimdir və İsrailə də səfər edəcəyəm. İsraillər bunu vacib hesab edir”, - deyə ABŞ prezidenti vurğulayıb. O, səfər çərçivəsində Səudiyyə Ərəbistanının kralı və vəliəhd şahzadə ilə geniş tərkibdə görüşəcəyini də diqqətə çatdırıb.

“Dediyim kimi, Səudiyyə Ərəbistanından öncə mən İsrailə səfər edəcəm və İsrail rəhbərliyi ilə görüşəcəm. Bu, bizim İsraillə sarsılmaz bağlarımızın göstəricisidir. Səfərin məqsədi İsrailin Yaxın Şərqə inteqrasiyası ilə bağlıdır. Bu, regionda sülh və İsrailin təhlükəsizliyi üçün çox vacibdir”, - deyə Cozef Bayden əlavə edib.

 

BRİTANİYA TƏYYARƏLƏRİ UKRAYNADAN TAXIL İXRACINA KÖMƏK EDƏ BİLƏR

Böyük Britaniya Ukrayna taxılının daşınması üçün təyyarələr göndərə bilər. “Report”un “Sky News” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Müdafiə nazirinin sözlərinə görə, “Rivet Joint” və ya “P8 Poseidon” kəşfiyyat təyyarələri Qara dəniz ərazilərində patrul uçuşu həyata keçirə bilər. “Bu, münaqişə tərəfləri Ukrayna taxılının dəniz yolu ilə ixracına dair razılığa gələcəyi təqdirdə mümkün olacaq. Britaniyanın belə bir əməliyyatda əsas rolu kəşfiyyat və təhlükəsizlik nəzarətidir”, - deyə Ben Uolles qeyd edib.

Eyni zamanda müdafiə nazirinin sözlərinə görə, Böyük Britaniyanın hərbi gəmilərinin Qara dənizə göndərilməsi imkanları nəzərdən keçirilmir. “Gəmilərimizi Qara dənizə göndərmək fikrində deyilik, çünki bunun üçün Türkiyədən blokadanı aradan qaldırmağı xahiş etməliyik”, - deyə nazir bildirib.

Məlumat üçün qeyd edək ki, Türkiyə hakimiyyəti Ukraynadakı müharibə səbəbindən Bosfor boğazını döyüş gəmiləri üçün bağlayıb.

 

İRANDA KORONAVİRUSA YOLUXANLARIN SAYINDA ARTIM MÜŞAHIDƏ OLUNUR

İranda son sutka ərzində 529 nəfər koronavirusa yoluxub, 3 nəfər  isə bu xəstəlikdən dünyasını dəyişib. “Trend”in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi açıqlayıb.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141389 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 176 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Məlumata əsasən, ölkədə indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Bildirilir ki, ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı  isə 27,7 milyon nəfər təşkil edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.