Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

«Atomium» Ümumdünya Sərgi binası

XX əsr bəşər tarixində atomun öyrənilməsi və atom enerjisinin elm və texnikanın müxtəlif sahələrində tətbiqi əsri adlanır. Bunu simvolizə edən «Atomium» binası da məhz atomu əbədiləşdirmək üçün Belçikanın paytaxtı Brüsseldə inşa olunmuşdur. Bu layihəni üzərinə götürən belçikalı inşaat mühəndisi Andre Vaterkeyn 1958-ci ildə memar Andre və Jan Polak qardaşlarının rəhbərliyi ilə nəhəng «atomun» tikintisinə başlamışdır.

«Ekspo-58» Ümumdünya Sərgisinin açılışı üçün nəzərdə tutulan binanın üzəri əvvəlcə alüminiumla, daha sonra 2006-cı ildə həyata keçirilən bərpa işləri zamanı isə  polad təbəqə ilə örtülmüşdü. Atom formasında inşa olunan konstruksiyanın hər bir detalı əslində 165 dəfə böyüdülmüş dəmir molekulun maketi əsasında hazırlanmışdı. Binanın hündürlüyü 102 metr, çəkisi təxminən 2400 ton, 9 kürənin hər birinin diametri isə 18 metrdir. Layihəni hazırlayan mühəndislər 9 rəqəmini təsadüfi seçməmişdilər, məhz bu rəqəm Belçikanın 9 vilayətini simvolizə edir. Kifayət qədər mürəkkəb bir quruluşa malik  dar tunellər uzunluğu 23 metr olan 20 ədəd boru vasitəsilə bir-birinə bərkidilib. Qeyd edək ki, həmin borulara sərgi salonlarına daxil olmaq üçün eskalatorlar quraşdırılıb. Mərkəzi boruda isə Avropanın ən sürətli lifti yerləşir. Bu lift vasitəsilə ziyarətçilər 25 saniyəyə «Atomium»da yerləşən restoran və ya müşahidə platformasına qalxa bilirlər.

Futuristik üslubda inşa edilən qurğu gecə 2970 işıq-diod lampası ilə işıqlandırılır. Bu işıqlandırma sayəsində bina daha da möhtəşəm görünür.

 

«Spas na krovi» məbədi

Memarlığın şah əsərlərindən hesab edilən «Spas na Krovi» məbədi Sankt-Peterburqun mərkəzində - Qriboyedov kanalının sahilində ucalır. 1881-ci ildə İmperator II Aleksandr sui-qəsd nəticəsində  ölümcül yaralanmışdır. Məhz onun xatirəsinə ucaldılan pravoslav kilsə Rusiyanın hər yerindən toplanan vəsaitlə tikilmişdir. Kilsə 1883-1907-ci illərdə İmperator III Aleksandrın fərmanı ilə memar Alfred Parland və sonradan tikintini yarımçıq qoyan Arximandrit İqnatiusun (Malışev) birgə layihəsinə əsasən ucaldılmışdır. Tarixi binanın tikintisi 24 il davam etmişdir.

Muzey kimi fəaliyyət göstərən rus memarlıq sənətinin incisi olan kilsə 9 günbəzdən ibarətdir. Hündürlüyü 81 metr olan binanın tutumu 1600 nəfərdir. Tikinti zamanı yeni texnologiyaların tətbiqi nəticəsində bina  1689 elektrik lampası ilə işıqlandırılmışdır. Xüsusi naxışlarla bəzədilmiş assimmetrik günbəzlər rus memarlığının ən mükəmməl nümunələrindəndir. Bu günbəzlərin bir hissəsi qızılı təbəqə ilə örtülmüş, digər hissəsi isə minalı naxışlarla bəzədilmişdir. 

Məbəd memarlıqda neo-rus üslubunun təkamülünün son mərhələsinin nümunəsidir. Binanın üzərində Rusiyanın II Aleksandrın dövründə əldə etdiyi nailiyyətləri vurğulayan yazılar, rus imperiyasının əyalətlərinin, bölgələrinin və şəhərlərinin gerbləri mozaik şəkildə düzülmüşdür. Məbədin dekorasiyasında müxtəlif bəzək materiallarından - kərpic, mərmər, qranit, minalar, zərli mis və mozaikalardan istifadə edilmişdir.   Möhtəşəm görünüşü ilə insanların ruhunu oxşayan qədim memarlıq abidəsi şəhərin ən çox ziyarət edilən yerlərindəndir.

 

Böyük Çin Səddi

Böyük Çin Səddi deyəndə insan həyatı, acı göz yaşları bahasına başa gələn tarixin  ən uzunmüddətli tikilisi göz önündə canlanır. Belə ki, «Dünyanın ən geniş məzarlığı» kimi tanınan Çin Səddinin inşası zamanı minlərlə insan həyatını itirmişdi. Əsası miladdan əvvəl VIII əsrdə qoyulmuş imperator Sin Şi tərəfindən inşa edilən tarixi səddin tikintisinə Çinin Henan əyalətində başlanmışdır. Rəsmi məlumata görə, inşası 1644-cü ildə başa çatan divarın Çinin şimalında tikilməsində məqsəd köçəri Hun tayfalarının axınlarının qarşısını almaq idi.

Dövrünə görə, müxtəlif adlar verilən divar «Bənövşəyi sərhəd» və «Dünyanın əjdahası» adlanırdı. Əfsanəyə görə, səddi hörən ustalar üçün divarın istiqamətini əjdaha göstərirdi. Çin dilindən tərcümədə «Uzun divar» adlanan səddin tikintisində gil, daş, kərpic və əhəngdən istifadə olunub. İki min ildən çox davam edən tikinti işlərində düyü unundan hazırlanmış yapışqandan istifadə olunması Çin səddinin daha uzunömürlü olmasına səbəb olmuşdur. Əsrlər boyu minlərlə savaşa şahid olan Çin Səddinin ən enli hissəsi 9-14 metr, ən hündür hissəsi - keşikçi qülləsi isə 7,92 metrdir. Ümumi sahəsi 8850 killometr olan səddin üçdəbir hissəsi tamamilə yoxa çıxıb.

Zülmün rəmzi hesab edilən unikal Çin Səddi 2007-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 2007-ci ildə isə bu tarixi yer dünyanın yeddi möcüzəsindən biri seçilmişdir.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika»