SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Qarpız istehlak edərkən diqqətli olun!

Yay mövsümünün gəlişi ilə sərinləmək üçün suya alternativ hesab etdiyimiz qarpız artıq bazar piştaxtalarında öz yerini tutmağa başlayıb. Yəqin ki, aranızda bu meyvəni xoşlamayan çətin tapılar. Gündəlik olaraq orqanizmimizin ehtiyac duyduğu mühüm  vitamin və meineralların çoxu demək olar ki, bu meyvədə cəmləşib. Amma sağlamlığımız üçün saymaqla  bitməyən faydaları olan  qarpızın istehlakı zamanı diqqət yetirilməsi vacib olan  məqamlar var. Mütəxəssislər bu qaydalara riayət etmədikdə bəzən nəticələrin heç də ürəkaçan olmadığını söyləyirlər.

A və C vitaminləri, kalium, maqnezium, kalsiumla zəngin olan bu meyvə, eyni zamanda tərkibindəki likopen sayəsində güclü antioksidant mənbəyi hesab edilir. Aparılan araşdırmalara görə, likopen kardiovaskulyar xəstəliklər, bir sıra xərçəng növləri və kataraktanın qarşını alır. Dəri və saçların sağlamlığı üçün də olduqca faydalı olan bu meyvə, orqanizmi toksinlərdən təmizləməklə yanaşı, eyni zamanda qan damarlarını genişləndirərək, əzələlərin inkişafında mühüm rol oynayır. Lakin qarpız istehlak edərkən bəzi qaydalara diqqət yetirmək vacibdir, əks halda onun xeyrindən çox zərəri ola bilər.

Yüksək glisemik indeksə malik olan bu meyvə həddindən artıq istehlak edildikdə, qan şəkərini sürətlə artıraraq   xüsusilə diabet xəstələrinin  sağlamlığını riskə ata bilər. Bundan əlavə, meyvənin hər 100 qram porsiyasında təxminən 7 qram karbohidrat olduğu üçün qarın və qaraciyər ətrafında piylənməyə də zəmin yaradır. Bilavasitə, normadan artıq istehlak edildikdə həzm sistemində şişkinlik və qaz kimi problemlərin də meydana çıxma ehtimalı yüksəkdir.

Ən vacib olan məqamlardan biri də, meyvənin mövsümündə istehlak edilməsidir. Belə ki, mövsümündən əvvəl yetişdirilən məhsullara üzvi maddələr vurulduğu üçün zəhərlənmələrə səbəb ola bilər. Bu baxımdan qida mütəxəssisləri xüsusilə azyaşlı uşaqların və yaşlıların avqust ayından tez qarpız istehlak etməməsini tövsiyə edirlər.

İnformasiya "Sözcü" qəzetində yayımlanıb.

 

200 il yaşamaq artıq xəyal deyil!

Bir zamanlar nəhəng texnologiya şirkətləri və milyarderlərin yüz ildən çox yaşamaq ideyası boş bir xəyal hesab olunurdu. Deyəsən, bu xəyal artıq gerçəkləşmək üzrədir. Belə ki, yaşlanma əleyhinə araşdırmalar aparan elm adamları  200 il və ya daha çox yaşamaq üçün vücudumuzda  heç bir bioloji  maneənin olmadığını deyirlər. Bununla yanaşı, ingilis alimlərindən biri  yaşlanmaya səbəb olan "zombi" hüceyrələrini məhv edən dərmanların on il ərzində bazara çıxarıla biləcəyini iddia edir. Üstəlik, uzun ömrün sirlərini tapmaq üçün əllərindən gələni əsirgəməyən alimlər isə onlarla müxtəlif sürünən və suda-quruda yaşayan  heyvan növləri üzərində tədqiqatlar aparmaqdadırlar.

"Daily mail"də yer alan xəbərdə,  britaniyalı bioloq  və uzunömürlülük haqqında yeni kitabın müəllifi dr. Andrew Steele insanların 200 il yaşaya  bilməsi üçün heç bir  bioloji maneənin olmadığını deyir.

Yaşlandıqca toxuma və orqan çürüməsinin əsas səbəbkarlarından biri hesab edilən  "zombi" hüceyrələrini məhv edən  həblərin  hazırlandığını qeyd edən elm adamı, hazırda onların sınaqdan keçirildiyini qeyd edib. Bilavasitə, alim sözügedən dərmanların  ən azı 150 yaşa qədər yaşamağa kömək edəcəyini və  onların yaxın gələcəkdə, təxminən 10 il ərzində istehsal olunacağını vurğulayıb.

Bundan əlavə, ABŞ-ın Miçiqan Dövlət Universitetinin mütəxəssisləri timsah, salamandra və tısbağalar da daxil olmaqla 120 ilə qədər yaşaya bilən onlarla müxtəlif növ  uzunömürlü sürünən və suda-quruda yaşayan heyvanlar üzərində araşdırmaya başlayıblar.

Komanda insanlarda da bu "xüsusiyyətləri" aşkar edəcəklərinə ümid etsə də, bəzi mütəxəssislər uzunömürlülüyün  "açarı"nı  yalnız xərçəng, demans və ürək xəstəlikləri kimi problemlərin aradan qaldırılmasında görürlər.

 

Yaddaşla bağlı probleminiz varsa...

Dövrümüzün ən böyük problemlərindən biri olan yaddaş zəifliyi  bu gün stress, gərgin iş rejimi, ətraf mühitin zərərli faktorları və yanlış qidalanma vərdişləri səbəbindən təkcə  yaşlılarda deyil, artıq  gənclər arasında da özünü  büruzə verməyə başlayıb. Ancaq bəzi qidalar, nəinki yaddaşla bağlı problemlərinizi aradan qaldırmağa, hətta zehninizi də polad kimi möhkəmləndirməyə kömək edə bilər. Davamlı olaraq hər şeyi unudursunuzsa, gündəlik rasionunuza əlavə etməli olduğunuz qidalar...

Əslində, yaddaş zəifləməsinin bir çox səbəbləri var: bu problem daha çox hormon, D və  B12 kimi vitaminlərin çatışmazlığı nəticəsində meydana çıxır. Bundan əlavə, ağır depressiya halları da  bu problemə gətirib çıxara  bilər.

Həmçinin gündəlik qidalanma vərdişləri də yaddaşla bağlı problemlərin yaranmasına təsir  edən amillərdən biridir. Qida mütəxəssisləri xüsusilə omeqa 3 yağ turşuları ilə zəngin qidaların bu problemlə mübarizədə təsirli olduğunu söyləyirlər. Bu səbəbdən də  qırmızı ət, balıq, qoz-fındıq kimi omeqa 3 baxımından zəngin olan  qidaların istehlakı tövsiyə edilir. Eyni zamanda, qaragilə, nar, pomidor, ispanaq, qara şokolad və darçın da yaddaş zəifliyinin qarşısının alınmasında effektiv təsirə malikdir. Mütəxəssislər xüsusilə yaşlanmanın və xərçəngin qarşısının alınmasına kömək edə biləcək,  antioksidant qaynağı olan qaragilənin  beynin fəaliyyətinə də müsbət təsir edərək zehni geriləmə riskini azalda biləcəyini söyləyirlər.

İnformasiya "Apetite" jurnalında yayımlanıb.

 

Alzheimerin ağlasığmaz bir əlaməti üzə çıxıb

ABŞ-da aparılan yeni bir  araşdırma zamanı müasir dövrün bəlasına çevrilən Alzheimer xəstəliyinin qəribə  bir əlaməti ortaya çıxıb. Belə ki, səxavətli yaşlıların  Alzheimer xəstəliyinə tutulma riskinin, bu  xüsusiyyətə malik olmayanlarla müqayisədə daha yüksək olduğu məlum olub.

Bu yaxınlarda Cənubi Kaliforniya Universitetinin mütəxəssisləri, xüsusilə yaşlı  insanlarda  xeyirxahlıq xüsusiyyətinin  sağlamlıqla əlaqəsinin olub-olmadığını araşdırblar. "Journal of Alzheimer's Disease" jurnalında dərc olunan  araşdırmya görə, tədqiqata  70 yaş arası 67 nəfər iştirakçı cəlb edilib. İştirakçılar nevroloji testlərlə yanaşı, praktiki olaraq da sınaqdan keçirilib. Nəticədə tanımadıqları birinə yardım etməyə meyilli olan yaşlıların koqnitiv vəziyyətinin mənfiyə doğru irəlilədiyi və onların Alzheimer xəstəliyinə tutulma riskinin daha yüksək olduğu ortaya çıxıb. Bundan əlavə, yaşlıların bəzilərində  xəstəliyin müəyyən əlamətləri də aşkarlanıb.

"Bu xüsusiyyətin Alzheimer və demans xəstəliyinin erkən əlamətlərindən biri olduğuna dair şübhələr var idi və bu tədqiqat işi fikirlərimizin ehtimal olmadığını göstərir", - deyə Cənubi Kaliforniya Universitetinin neyropsixologiya professoru dr. Duke Han verdiyi açıqlamada bildirib.

Əldə edilən nəticələr yaşlı insanlara qulluq edən tibb bacıları üçün də  bir növ xəbərdarlıq rolunu oynayır. Həmçinin, qocalarda zehni  gücün azalması,  onların fırıldaqçıların hədəfinə tuş gəlmə riskini artırır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".