DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİLİN TÜRKİYƏDƏKİ TICARƏT NÜMAYƏNDƏLİYİ YENIDƏN AÇILIB

Türkiyənin İstanbul şəhərində İsrailin Ticarət Nümayəndəliyi fəaliyyətini bərpa edib. “Report” agentliyinin məlumatına görə, bunu İsrailin iqtisadiyyat naziri Orna Barbivay elan edib. Onun sözlərinə görə, yaxın günlərdə yeni attaşe təyin olunacaq.

Bildirilir ki, 2019-cu ildə əvvəlki ticarət üzrə attaşenin səlahiyyət müddəti başa çatıb və praktiki olaraq nümayəndəlik də fəaliyyətini dayandırmışdı.

“Nümayəndəliyin fəaliyyətini bərpası İsrailin Türkiyə ilə iqtisadi əlaqələri dərinləşdirməsinə sadiqliyinin göstəricisidir”, - deyə Orna Barbivay vurğulayıb.

Məlumata əsasən, yeni attaşenin ilk işi 13 illik fasilədən sonra iki ölkənin iştirakı ilə iqtisadiyyat konfransı təşkil etməkdir.

Qeyd edək ki, 2010-cu ildə ölkələr arasında siyasi münasibətlərin kəskin pisləşməsinə baxmayaraq, Türkiyə İsrailin vacib ticarət tərəfdaşıdır. 2021-ci ildə onların arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib.

 

AVROPADA ELEKTRİK ENERJİSİ QİYMƏTLƏRİ TARİXİ MAKSİMUMA ÇATIB

Avropada elektrik enerjisi qiymətləri Rusiyadan boru kəmərləri vasitəsilə təbii qaz tədarükünün azalması fonunda tarixi maksimumlarını yeniləyib. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “Financial Times” qəzeti yazıb.

Verilən xəbərə görə, Fransa və Almaniyada elektrik enerjisinin meqavatt-saat qiymətləri müvafiq olaraq 366 və 325 avro dəyərlərinə çatıb.

Mütəxəssislər proqnozlaşdırırlar ki, Avropada həddindən artıq qaz çatışmazlığı ilə mübarizə təxminən bir il davam edəcək və Almaniyanın kömürlə işləyən elektrik stansiyalarını işə salmaqla elektrik enerjisinin yüksək qiymətini kompensasiya etmək cəhdləri uğursuz olacaq.

Eyni zamanda, nəşrin məlumatına görə, Böyük Britaniyada ən böyük sənaye enerjisi istehlakçıları soyuq havaların gəlməsi ilə bəzi zavodlarda kəskin yanacaq qıtlığı səbəbindən fəaliyyətilərini dayandıra biləcəkləri barədə hökumətə xəbərdarlıq etməyi planlaşdırırlar.

 

İTALİYADA QURAQLIQ SƏBƏBİNDƏN FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNUB

İtaliyada Po çayı ətrafındakı bölgələrdə son 70 ilin ən pis quraq dövrünə görə fövqəladə vəziyyət elan edilib. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, hökumətin qərarı hakimiyyət orqanlarına bürokratik əngəlləri azaltmağa və dərhal bir sıra tədbirlər görməyə imkan verəcək.

Məlumata əsasən, bu qərar Nazirlər Şurasının iclasında “Po çayı vadisi və Şərqi Alp regionuna bitişik və onunla əlaqəli ərazilərdə su ehtiyatlarının çatışmazlığı” ilə əlaqədar qəbul edilib.

Açıqlamaya görə, fövqəladə vəziyyət beş şimal bölgəsinə - Emiliya-Romanya, Friuli-Venesiya-Culiya, Lombardiya, Pyemont və Venetoya təsir edəcək. Quraqlıqla bağlı problemləri həll etmək üçün ilkin olaraq 36,5 milyon avro ayrılıb. Gələcəkdə quraqlıqla mübarizə üçün əlavə tədbirlər görülə bilər.

Eyni zamanda, qeyd olunur ki, çaya bitişik regionlar ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini əhatə edir.

 

İRANDA 37 NƏFƏR VƏBA INFEKSIYASINA YOLUXUB

İranda indiyədək 37 nəfər vəbaya yoluxub və ölüm halı qeydə alınmayıb. “Trend” agentliyinin məlumatına görə, bunu İranın Səhiyyə Nazirlyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəhbəri Məryəm Məsudifər bildirib.

İdarə rəhbərinin sözlərinə görə, hazırda bəzi qonşu ölkələrdə vəba xəstəliyinə yoluxma halları çoxalıb. Ölkəyə gediş-gəlişlər artdığına görə, vəba infeksiyasına yoluxma  da ötən illə müqayisədə artıb.

Bununla yanaşı, nazirlik rəsmisi qeyd edib ki, ölkənin bütün tibb institutlarına vəba infeksiyasına yoluxanların müalicəsi üçün göstərişlər verilib.

Məryəm Məsudifər əlavə edib ki, vəba infeksiyası dünyada hələ də sağlamlıq üçün təhlükə sayılır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2020-ci ildə dünyanın 24 ölkəsində 323 mindən çox şəxs vəbaya yoluxub, 857 nəfər isə vəfat edib.

 

BAYDEN SİLAHLI ZORAKILIĞA QARŞI MÜBARİZƏDƏ TƏSLİM OLMAYACAĞINI BİLDİRİB

ABŞ prezidenti Cozef Bayden ölkədə silahlı zorakılıq “epidemiyası” ilə mübarizədə təslim olmayacağını bəyan edib. “Trend” agentliyinin xəbərinə görə, bu  barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Hələ görüləsi çox iş var və mən silahlı zorakılıq epidemiyası ilə mübarizədən əl çəkməyəcəm”, - deyə Cozef Bayden vurğulayıb.

ABŞ-da qeyd olunan Müstəqillik Günündə Çikaqoda baş verən atışmaya münasibət bildirən dövlət başçısı baş verən insidenti “mənasız silahlı zorakılıq” adlandırıb və xatırladıb ki, o, bu yaxınlarda odlu silahların dövriyyəsi qaydaların dəyişdirilməsi ilə bağlı cox vacib qanunu imzalayıb.

Cozef Bayden həmçinin yerli hakimiyyət orqanları ilə danışdığını və onlara federal qüvvələrin dəstəyini təklif etdiyini bildirib.

Xatırladaq ki, iyunun 4-də ABŞ-ın Haylend-Park şəhərində Müstəqillik Günü münasibətilə keçirilən parad zamanı silahlı atışma olub. Atışma nəticəsində 6 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.

 

EMMANUEL MAKRON İRANLA NÜVƏ SAZİŞİNİN BƏRPASINI ZƏRURİ HESAB EDİR

Fransa prezidenti Emmanuel Makron İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının  şərtlərinin icrasına qayıtmağı zəruri hesab edir. “Report” agentliyinin verdiyi xəbərə görə, dövlət başçısı bu barədə İsrailin baş naziri Yair Lapid ilə danışıqlardan əvvəl keçirdiyi mətbuat konfransında bəyan edib.

“Bir daha qeyd etmək istərdim ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqların mümkün qədər tez başa çatdırılmasına nail olmaq istəyimiz var. Bu sazişi qorumalıyıq, tərəfdaşlarımızın təhlükəsizlik maraqlarını nəzərə almalıyıq”, - deyə Makron əlavə edib.

Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı  imzalayıblar.

2018-ci ilin mayında ABŞ İrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib. Hazırda İrana qarşı sanksiyaların ləğvi üçün Vyanada danışıqlar davam edir.

 

ALİMDƏN YERİN NÜVƏSİ İLƏ BAĞLI CIDDI XƏBƏRDARLIQ

Amerikalı geoloq İn Çjonun apardığı araşdırmanın nəticələri “dünya üçün fəlakət xəbəri” kimi şərh edilir. “Teleqraf.com”un məlumatına görə, Yer kürəsinin mərkəzini araşdıran alim nüvənin daxilindəki maddənin azaldığını üzə çıxarıb.

Bildirilir ki, amerikalı elm adamının kəşfində 20 il fərqlə baş verən iki zəlzələdən əldə edilən seysmik müşahidələr mühüm rol oynayıb. O, ilk növbədə iki zəlzələdən əldə edilən ölçmələri araşdırıb və onlar arasında önəmli fərqləri müəyyən edib. Bu fərqlər planetin xarici nüvəsində konveksiyada önəmli dəyişikliyin baş verməsi anlamına gəlirdi.

Məlumata əsasən, 1997-ci ilin mayında Cənubi Sakit okeanın Kermadek adalarında güclü zəlzələ baş verib. 21 il sonra - 2018-ci ilin sentyabrında eyni ərazidə başqa bir zəlzələ qeydə alınıb. Zəlzələ eyni regionda baş verdiyi üçün eyni sürətlə seysmik dalğalar göndərməli idi. Lakin İn Çjo gözlənilənin olmadığını müşahidə edib.

Real vaxt rejimində seysmik titrəyişləri qeydə alan 4 stansiyadan alınan məlumatlar seysmik dalğaların 2018-ci il zəlzələsi zamanı təxminən bir saniyə daha sürətlə hərəkət etdiyini üzə çıxarıb. Bu isə o deməkdir ki, nüvənin daxilindəki maddədə azalma baş verir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.