Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Qızıl haqqında "qızıl" məlumatlar

Qızıl demək olar ki, hər zaman ən mühüm investisiya vasitələrindən biri hesab olunur. Dövründən asılı olmayaraq həmişə statusunu qoruyub saxlayan bu qiymətli metalın hökmü, görünür, hələ yüz illər sonra da belə davam edəcək. Bəs onun haqqında nə qədər məlumatınız var?

Elə qızıllar var ki, qızıl yarpaqlar üzərində xüsusi olaraq işləndiyi üçün onlar təkrar istifadə, yenidən emal edilə bilir. Bəs hər gün istifadə etdiyimiz kompüterlərin necə, qızıl anbarı olduğunu bilirdinizmi? 1 ton kompüterdən qızıl yataqlarından çıxarılan 17 tonluq metaldan alınan xalis qızılın miqdarından daha çox qiymətli metal əldə edilir. Çünki onun bir çox detallarında qızıldan istifadə olunur.

250 kiloqram çəkisi olan dünyanın ən böyük qızıl külçəsi Yaponiyanın Toi Qızıl Muzeyində saxlanılır.

İstilik və işıq mənbəyi hesab etdiyimiz günəş bu xüsusiyyətləri ilə yanaşı, həm də qızıl qaynağıdır. Günəşin kütləsinin 1 milyardda 60-ı qızıldan ibarətdir. Bu isə 12x1020 kiloqrama uyğundur.

Digər maraqlı məlumata görə isə koalaların sevimli qidalarından olan evkalipt yarpaqlarında da çox az miqdarda qızıl atomları var. Hesablamalara görə, bir il ərzində 6 milliqramdan çox qızılı sadəcə, nikah üzüklərini barmağımıza taxıb çıxarmaqla itiririk.

 Heç düşünmüsünüzmü dünyadakı qızılı toplasaq nə qədər olar? Aparılan araşdırmalara görə, dünyada işlənmiş qızılın hamısının 3 olimpiya hovuzuna sığacağı düşünülür. Bədənimizdə də qızıl olduğunu bilirdinizmi? Bəli, düz eşitdiniz, vücudumuzda 0,2 milliqram qızıl var. Bu miqdarın

 çoxu qanımızda dövr edir.

 

Ağcaqanadlar kimləri daha çox sancır?

İsti yay aylarının kabusuna çevrilən ağcaqanadların niyə bəzi insanları daha çox sancdığını heç düşünmüsünüzmü? Bəlkə də sizlərə maraqlı gələcək, amma əslində bunun da elmi səbəbi var...

Davamlı olaraq qulağımızın dibində vızıldayan ağcaqanadlar, xüsusilə yay aylarında daha çox dözülməz olurlar. Kasıb, varlı tanımayan bu həşəratlar tutduğu məqamından aslı olmayaraq bütün insanların baş bəlası olsa da, bəzilərini daha çox sevirlər. Əslində yalnız dişi növünün sancdığı bilinən ağcaqanadların birini hədəf almaq üçün bəzi səbəbləri var. Məlumdur ki, nəfəs alıb-verdiyimiz zaman vücudumuzdan ətrafa karbon yayırıq. Karbon qazını təxminən 50 metr məsafədən hiss edən ağcaqanadlar üçün bu, şikarının yaxınlarda olduğu deməkdir. Üstəlik onlar üçün karbonun hansı istiqamətdə daha çox olduğu da önəmlidir. Çünki bu, insandan-insana dəyişir. Deməli, yaşamaq üçün aldığımız nəfəs həşəratlar üçün bir növ GPS rolunu oynayır. Hələ bu harasıdır, qan qrupumuzun da onların seçimində böyük rolu var. Dişi ağcaqanadlar yumurta qoymaq üçün insan qanındakı proteinə ehtiyac duyurlar. Araşdırmalar göstərir ki, ağcaqanadlar müxtəlif qan qruplarına üstünlük verirlər. Məsələn, "Aedes albopictus" ağcaqanad növü 0, "Anopheles gambiae" isə AB qan qrupuna üstünlük verir.

Bu həşəratları cəlb edən başqa bir səbəb isə bədən qoxusudur. İnsan dərisi və tərində olan birləşmələrə meyilli olan həşəratlar bu səbəbdən qaynaqlanan qoxuları da müəyyən edə bilirlər. Müşahidələr süd turşusu və ammonyakdan qaynaqlanan qoxuların onları daha çox cəlb etdiyini göstərir. Səbəblərə dəridəki bakteriyalar və ya genetik qoxular da daxildir. Bəzi araşdırmalara görə, dərilərində çox sayda mikrob olan insanlar ağcaqanadlar üçün daha az cəlbedicidir. Bilavasitə, bədən istiliyi yüksək olan insanlar da ağcaqanadlar üçün potensial qida mənbəyi hesab edilir. Digər bir səbəb isə spirt istehlakı ilə bağlıdır. Xüsusilə, pivə içən insanlar içməyənlərə nisbətən ağcaqanad hücumlarına daha çox məruz qalırlar. Odur ki, bütün bunları nəzərə alaraq, özünüzü onlardan qorumağa çalışın.

 

Bəzi insanlar niyə xoşbəxt ola bilmir?

Deyirlər, xoşbəxtlik insanın öz əlindədir. Sözsüz ki, hər kəs xoşbəxt olmaq istəyir və özünəməxsus şəkildə buna nail olmağa çalışır. Bəzən fiziki və ya zehni əngəlli insanlar sağlam insanlardan belə daha çox xoşbəxt olurlar. Amma təəssüf ki, yaşadıqları xoşbəxtliyin fərqində olmadan özlərini "bədbəxt" adlandıranlar da az deyil. Bəs əslində bu nə ilə əlaqədardır? Elm bu barədə nə deyir?

Uzun illər bu mövzuda araşdırmalar aparan elm adamları xoşbəxtliyin daha çox genlərimizdən qaynaqlandığını söyləyirlər. "Review of General Psychology" jurnalında dərc olunan məqaləyə görə, insanların xoşbəxtliyinin 50 faizi genləri, 10 faizi həyat şəraiti, 40 faizi isə şüurlu yanaşmasına (xüsusilə nikbin və ya pessimist olması) görə dəyişir.

Davranış genetikası tədqiqatçıları əkizləri tədqiq edərək, onların xoşbəxtliklərindəki 40-50 faiz arası uyğunsuzluğun mənbəyinin genlərlə əlaqəli olduğunu təyin ediblər. Genetik və ətraf mühit faktorlarının insanlara təsirini müəyyən etmək üçün ailə bağlarına əsaslanan statistik üsullardan istifadə edən alimlər əkizlərin bu tədqiqatlar üçün daha münasib olduğunu hesab ediblər .

Genlərin quruluşunu və funksiyasını molekulyar səviyyədə araşdıran genetiklər irsiyyət və tərbiyənin davamlı olaraq bir-birindən təsirləndiyini müəyyənləşdiriblər. Alimlərin sözlərinə görə, genlər mühit seçimindəki davranışlara da təsir edir. Məsələn, valideynlərin övladlarına aşıladığı tərbiyə onların dost seçimində də özünü göstərir. Eynilə, ətraf mühit faktorları da gendəki dəyişikliklərə səbəb olur. Ətrafda baş verən hadisələrə həssas yanaşan insanların düşüncələri, hissləri və davranışları yaranan müsbət və ya mənfi vəziyyətlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.

Lakin bütün bunlara baxmayaraq, genetika rifahımızda böyük rol oynasa da, şəxsiyyətimizə tamamilə təsir edə bilmir. Əsl əhəmiyyət kəsb edən həyatımızda etdiyimiz seçimlərdir. O seçimlər ki, həm bizim, həm də gələcək nəsillərin xoşbəxtliyinə təsir edir.

 

Dünyanı və bizi gələcəkdə nə gözləyir?

Karyerasına internetdə kitab satmaqla başlayan, lakin zamanla verdiyi kritik qərarlar və atdığı bir çox uğurlu addımları sayəsində adını dünyanın ən zəngin adamları siyahısına yazdırmağı bacaran Ceff Bezos böyük xəyallar qurmağa davam edir. Öz ideyaları ilə dünyanın gələcəyinə işıq salan bu milyarder son günlər verdiyi açıqlamaları ilə diqqət çəkib. Gələcəkdə insanların böyük bir qisminin dünyadan kənarda doğulacağını düşünən Bezos: "Yer kürəsi gələcəkdə qorunan milli park kimi zaman-zaman ziyarət edilən bir yer olacaq", - deyir...

Bezos son açıqlamasında dünyanın zamanla qorunan bir milli parka bənzəyəcəyini, bundan əsrlər sonra uzaq kosmos planetlərində doğulacaq insanların bugünkü insanları böyük paxıllıq və bəlkə də qəzəb hissi ilə xatırlayacaqlarını deyib.

Hər nə qədər kosmos daşımalarının sərmayəçisi olsa da, o, Glasgow'da keçirilən COP26 İqlim Dəyişikliyi Sammitində təbii yaşayış yerlərinin bərpası və qida sistemlərinin transformasiyası üçün 2 milyard dollar dəstək vəd edərək, bəşəriyyətin gələcəyinin günəş sistemində olduğuna inananları təəccübləndirib.

Ancaq buna baxmayaraq, iqlim dəyişikliyi ilə bağlı addımlar atmağa davam edən Bezos Yer kürəsini ən qiymətli planet olaraq gördüyünü və bizlərin köməyi ilə Yer kürəsinin qoruna biləcəyinə inanır.

Milyarder bizim bu gün edə bilməyəcəyimizi, gələcək nəsillərin etmək məcburiyyətində olacağını deyir. O, Yer kürəsini iqlim böhranından xilas etmək üçün gələcəkdə planetimizin qorunacaq bir əraziyə çevrilməsinin elan ediləcəyini yeganə variant olaraq görür.

"Bir gün biz insanlar Yer kürəsinin bəşəriyyət üçün nə qədər əhəmiyyət kəsb etdiyini başa düşəcək və öz məsuliyyətimizi şüurlu şəkildə dərk edəcəyik. Planetimizə geriyə dönüşü olmayan zərərlər verdiyimizi və başımızın bəlada olduğunu zamanla mütləq şəkildə anlayacağıq", - deyə qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".