DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ İTALİYA LİDERLƏRİ UKRAYNADAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya səfəri zamanı İtaliyanın baş naziri Mario Draqi ilə Ukraynadakı vəziyyəti müzakirə edib. “Report” agentliyi bu barədə “Habertürk”ə istinadən məlumat yayıb.

Bildirilir ki, tərəflər müharibədə Ukrayna ilə həmrəy olduqlarını və bu ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.

Eyni zamanda, iki ölkə liderləri Ukraynada sülhün tezliklə bərqərar olması üçün səylərini davam etdirmək barədə razılığa gəliblər.

Bununla yanaşı, Ukraynadan taxıl ixracına maneələrin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayan tərəflər BMT və digər müvafiq təşkilatlarla oxşar humanitar məsələlərdə birgə işləmək əzmində olduqlarını bir daha bəyan ediblər.

 

PANDEMİYADAN BƏRİ ƏN İRİMİQYASLI HƏCC ZİYARƏTİ BAŞLAYIB

Səudiyyə Ərəbistanında koronavirus pandemiyasından bəri ən irimiqyaslı Həcc ziyarəti başlayıb. “Trend” agentliyinin məlumatına görə, bu ilki ziyarətdə 1 milyona yaxın zəvvar iştirak edir ki, onların da 850 min nəfəri xaricdən gəlib.

Verilən xəbərə görə, ölkə rəhbərliyi Məkkə və Mədinə şəhərlərində təhlükəsizlik tədbirlərinin təmin olunması üçün 10 mindən çox şəxsi səfərbər edib. Bu il Həcc ziyarəti iyulun 7-12-dək davam edəcək.

Məlumat üçün qeyd edək ki, ziyarətə 65 yaşadək şəxslər koronavirus əleyhinə vaksin barədə sənəd və mənfi test nəticəsi təqdim etməklə qatıla bilər.

 

TƏBİİ QAZ VƏ NÜVƏ ENERJİSİ “YAŞIL ENERJİ” MƏNBƏLƏRİ KİMİ QƏBUL EDİLIB

Avropa Parlamenti təbii qaz və nüvə enerjisini dayanıqlı “yaşıl enerji” mənbələri kimi qəbul edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, parlament Avropa Komissiyasının xüsusi aktına nüvə və qaz enerjisi ilə bağlı fəaliyyətlərin ekoloji cəhətdən təmiz olan davamlı iqtisadi fəaliyyətlər kimi daxil edilməsi təklifinə etiraz edilməsini nəzərdə tutan qətnaməni qəbul etməyib.

Eyni zamanda, xəbər verilir ki, səsvermə zamanı 278 deputat qətnamənin lehinə, 328-i əleyhinə səs verib, 33 deputat isə bitərəf qalıb.

Məlumat üçün qeyd edək ki, parlamentin komissiyanın təklifinə veto qoyması üçün minimum 353 deputatın səsinə ehtiyac olub.

 

YAPONİYA MARSDA VƏ AYDA YAŞAYIŞ SAHƏSİ QURMAQ NİYYƏTİNDƏDİR

Yaponiyanın qərbində yerləşən Kioto Universiteti və “Kajima” İnşaat Korporasiyası  gələcəkdə birgə Marsda və Ayda insan həyatı üçün yararlı olacaq tikili qurmaq niyyətindədirlər. “Trend” agentliyinin məlumatına görə, bu barədə “NHK” televiziya kanalı xəbər verib.

Məlumata əsasən, tədqiqatçıların əsas vəzifələrindən biri tikilinin içərisində uzunmüddətli həyat üçün zəruri olan yerin cazibə qüvvəsinin analoqunu yaratmaqdır.

Bildirilir ki, bu problemin həlli olaraq, yaşayış yerinin öz oxu ətrafında fırlanması təklif olunur ki, bu da bu şəkildə yaranan mərkəzdənqaçma qüvvəsi sayəsində cazibə qüvvəsinin formalaşmasına imkan verəcək.

Verilən xəbərə görə, tikilinin hündürlüyü 200-dən 400 metrə, diametri isə 200 metr təşkil edə bilər. Həmçinin qeyd olunur ki, tikinti işləri zamanı təkçə Yer kürəsindən çatdırılan materiallardan deyil, Mars və Ayda olan resurslardan istifadə imkanları da nəzərdən keçirilir.

 

UKRAYNA QOŞUNLARININ LİSİÇANSKDAN ÇIXMASININ SƏBƏBİ MƏLUM OLUB

Ukrayna Prezident Ofisi ölkə qoşunlarının Lisiçansk rayonundan geri çəkilməsinin səbəbini açıqlayıb. “Report” agentliyinin xəbərinə görə, Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bu barədə “Bild” qəzetinə müsahibəsində bildirib.

“Bu, Donbası itirmək yox, onu düzgün şəkildə qaytarmaq məsələsidir. İndi Rusiya Silahlı Qüvvələri uzaqmənzilli artilleriya baxımından üstünlüyə malikdirlər. Müharibə artıq artilleriya dueli prinsipi ilə gedir. İtkilərin 90 faizinin səbəbi məhz artilleriya zərbələridir”, - deyə müşavir vurğulayıb.

Bununla yanaşı, Mixaylo Podolyakın sözlərinə görə, Ukrayna qoşunlarının idarə olunması keyfiyyətcə daha yaxşıdır. “Məsələ Rusiyanın Donbası nə zaman alacağından yox, buranı nəyin bahasına tərk edəcəklərindən gedir”, - deyə o əlavə edib.

Qeyd edək ki, daha öncə ağır döyüşlərdən sonra Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətinin Lisiçanskdakı mövqelərindən geri çəkildiyi bildirilmişdi.

 

QUBERNATOR KALİNİNQRADI MÜHASİRƏDƏN ÇIXARMAĞIN YOLUNU AÇIQLAYIB

Kalininqradı yalnız hədələrlə blokadadan çıxarmaq olar. “Teleqraf.com”un xəbərinə görə, bunu Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov bildirib.

“İndi elə bir emosional dünyanın içindəyik ki, yalnız cavab tədbirləri kimi, hədələrlə nəyəsə nail ola bilərik. Təəssüf ki, bu belədir”, - deyə qubernator vurğulayıb.

Qubernator normal, sakit, söhbətin həmişə qarşı tərəfə çatmadığını söyləyib. Alixanov qeyd edib ki, hamıya hər şeyi sakit və başadüşülən şəkildə izah etmək lazımdır.

Xatırladaq ki, Litva iyunun 18-dən Kalininqrad vilayətinə malların tranzitini dayandırdığını açıqlayıb. Buna səbəb Avropa İttifaqının Rusiyaya qarşı sanksiya tətbiq etməsidir.

 

XORVATİYANIN AVROMƏKANA DAXİL OLMASI TƏSDİQLƏNİB

Avropa Parlamenti Strasburqda keçirilən iclasında Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avroya keçidini təsdiqləyib. “APA”nın məlumatına görə, bu barədə Avropa Parlamentinin mətbuat xidmətinin öz saytında dərc etdiyi kommünikesində qeyd olunur.

Bildirilir ki, Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avroya keçid üçün bütün şərtləri yerinə yetirdiyini bildirən hesabatı 539 deputat dəstəkləyib, 45 deputat əleyhinə səs verib, 48 deputat isə bitərəf qalıb.

Parlament etiraf edib ki, Xorvatiya hakimiyyəti “ölkədə qiymətləri avroməkanın səviyyəsinə uyğunlaşdırmaq üçün çox işlər görüb”, lakin bu istiqamətdə işi davam etdirməyin zəruri olduğunu da bildirib.

 

KANADA SATILMAMIŞ 13,6 MİLYON DOZA VAKSİNİ MƏHV EDƏCƏK

Kanadada koronavirusa qarşı 13,6 milyon doza “AstraZeneca” peyvəndi məhv ediləcək. “Report”un xəbərinə görə, bu barədə məlumatı “abcnews” yayıb. Qeyd olunur ki, buna səbəb vaksinlərin satılmamasıdır.

Açıqlamaya əsasən, Kanada 2020-ci ildə “AstraZeneca” ilə 20 milyon doza vaksin üçün müqavilə imzalayıb və 2021-ci ilin mart-iyun aylarında kanadalılar 2,3 miyon doza vaksin alıb.

Kanada qalan 17,7 milyon vaksini bağışlayacağına söz vermişdi. Lakin iyulun 5-də ölkənin Səhiyyə Nazirliyi 13,6 milyon doza vaksinin istifadə müddətinin başa çatdığını və yararsız olduğunu bildirib.

Məlumata görə, dünya əhalisinin 61 faizi yaşayan ən yoxsul dövlətlərin sakinlərinin 16 faizi koronavirusa qarşı peyvənd olunduğu halda, Kanada əhalisinin 85 faizi tam vaksinasiya olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.