Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarova iyulun 6-da seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, videoqəbulda seçicilərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı lazımi tədbirlər görülüb.

Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, rifah halının daha da yaxşılaşdırılması, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Bununla bağlı mütəmadi tədbirlər həyata keçirilir.

Milli Məclisin sədri videoqəbulda regionlarda həyata keçirilən abadlıq və quruculuq işlərinin regionlarımızın inkişafı baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, regionlarımızın inkişaf etdirilməsi ilə yanaşı, hazırda 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə sürətli və genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azərbaycan bütün bu işləri öz vəsaiti və imkanları hesabına həyata keçirir.

Videogörüşdə seçicilərin müraciətlərində əksini tapan bir sıra məsələlər yerində həll olunub, bir qisim müraciətlərin isə araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

AZƏRTAC