İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Velosipedçimiz ilk dəfə dünya reytinq cədvəlində yer alıb

Trek velosipedi üzrə 23 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Ayan Xankişiyeva İtaliyada keçirilən beynəlxalq yarışda iştirak edib. 

Dünyanın ən güclü trek velosipedçilərinin mübarizə apardığı yarışda millimizin üzvü uğurlu nəticə göstərərək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) trek velosipedi üzrə reytinq cədvəlində yer alan ilk yerli xanım idmançı olub. İyirmi bir yaşlı velosipedçi yarışda 35 xal toplayıb və UCİ-nın dünya reytinq cədvəlində 297-ci pillədə yer alıb. Velosipedçimiz yarışda trek velosipedinin xallar üzrə qrup ötüşməsində 10-cu, çıxma növü üzrə qrup ötüşməsində 11-ci, skreç üzrə qrup ötüşməsində isə 5-ci olub. Azərbaycan isə dünya reytinq cədvəlində 35 xalla 45-ci pillədə qərarlaşıb.

 

Azərbaycan üzgüçüsü Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

İdmançımız 200 metr məsafəyə batterflay üsulla üzgüçülük yarışının finalında üçüncü olub.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Ramil Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır.

 

 

Serbiyada şahmatçımızdan yaxşı nəticəSerbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir keçirilib.

Təmsilçimiz  Aydın Süleymanlı yarışda ən yaxşı nəticəni göstərib. Azərbaycanlı qrossmeyster 9 turdan 7 xal toplayaraq 4-cü yeri tutub. Komandamızın digər üzvləri Məhəmməd Muradlı 6,5, Xəzər Babazadə, Ülvi Sadıqov 6, Read Səmədov, Ülviyyə Fətəliyeva 5,5 xal toplayıb.

 

"Əziz Şuşa" adlı beynəlxalq turnir keçiriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Əziz Şuşa" adlı beynəlxalq turnir keçiriləcək. Turnirdə 10-dək ölkədən 80-nə yaxın idmançı mübarizə aparacaq.

İyulun 9-da keçiriləcək Pirallahı rayonu, "Nərəkənd" parkının yaxınlığında baş tutacaq birinci mərhələdə velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmədə yarışacaqlar.

İyulun 10-da gerçəkləşəcək ikinci mərhələyə isə Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki "Qarabağ" hotelinin qarşısında yekun vurulacaq. İdmançılar sonuncu yarış günündə 71 kilometr məsafəyə qrup ötüşməsində güclərini sınayacaqlar.

Turnir Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa İli" çərçivəsində təşkil olunacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".