Qısa, şərəfli ömür
Region

Qısa, şərəfli ömür

Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi başlayanda Ruhid Uğur oğlu İslamlı ömrünün 21-ci ilini yaşayırdı. O da minlərlə qəhrəman oğul kimi bizim xoşbəxt gələcəyimiz naminə sinəsini Vətənə sipər etdi. Bununla da əbədiyyət adlı həyat qazandı. Qərinələr ötəcək, Ruhidin Vətən sevgisi hər gələn nəslə örnək olacaq.

1 aprel 1999-cu ildə dağlar diyarı Lerik rayonunun Çeşman kəndində anadan olan Ruhidin ailəsi Bakı şəhərinə köçür. Burada Vətənini, xalqını, dövlətini sevən əsl vətənpərvər insanlardan görüb-götürməklə böyüyür. Ruhid hələ kiçik yaşlarında cüdo, cuicutsso, taekvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növlərinə maraq göstərir. Məşğul olduğu idman növləri üzrə beynəlxalq, regional tədbir və yarışlarda iştirak edib 1 və 2-ci yerlərə yiyələnir, dərəcələr alır. Həmçinin məktəbdə oxuduğu vaxt, viktorina, olimpiada, hərbi yarışlarda fəal iştirak edir. Onun zəkası, səlis nitqi, sosial aktivliyi yaşıdlarına nümunə göstərilir.

Ruhid 2016-cı ildə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbi bitirib Naxçıvan Müəllimlər İnstitutuna daxil olur. Mənəvi dünyasının əsasında Vətəninə, xalqına fayda vermək əzmi olan Ruhid tələbə biletini alan gündən bütün eşqini, məhəbbətini oxumaqla, öyrənməklə bağlayır. Həm də sağlam əqidəsi, yüksək mədəniyyəti, dərin zəkası, həyata baxışı onu institutda hamının gözündə ucaldır, ehtiram sahibi edir. Məhz elə buna görə də Ruhidi Gənclər birliyinə sədr seçirlər, Azərbaycan Maarifçilər Birliyinin üzvü olur. Ali təhsilini uğurla başa vurur.

2020-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Vətən müharibəsində Talış kəndi, Suqovuşan istiqamətində, Murov zirvəsində erməni dığalarına qarşı döyüşür. Düşmənə vurduğu zərbələrlə ürəyindən keçən qisasını ala bilir. Hər döyüşə atılanda da torpaq uğrunda son nəfəsə qədər vuruşmağa and içir. 6 oktyabrda - Goranboyun Gülüstan kəndi yaxınlığında strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel postunda qəhrəmancasına həlak olur. Adı Vətənin qürur tarixinə yazılır. Qısa ömrünə qəhrəmanlıq, mərdlik düşən Ruhid ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülür. Doğma Çeşman kəndində isə onun adına bulaq inşa edilib. Kənd sakinləri buranı özlərinə müqəddəs and yeri bilirlər.

Zəfər ORUCOĞLU.