Əbədi ehtiram mənəvi borcumuzdur
Region

Əbədi ehtiram mənəvi borcumuzdur

Şirvanda Vətən müharibəsi şəhidi Şəhriyar Əkbər oğlu İsmayılzadənin doğum günü qeyd olundu. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məharət Mustafayev, icra hakimiyyəti başçısının müavini Orxan İbrahimov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, icra hakimiyyətinin məsul əməkdaşları, şəhər məscidinin imamı Əvəz Mehrəliyev, din xadimi Hacı Vasif, şəhidin ailə üzvləri, yaxınları, təhsil aldığı məktəbin müəllimləri və ictimaiyyət nümayəndələri öncə Şirvan Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Şəhidin məzarı önündə keçirilən tədbiri Məharət Mustafayev şəhidin ailə üzvlərinə və bütün şəhid ailələrinə başsağlığı verdi. 

Tədbirdə çıxış edənlər 27 sentyabr 2020-ci il tarixdə erməni təxribatlarına və təcavüzünə qarşı Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatı nəticəsində işğal altında olan tarixi torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi, tarixi zəfərin əldə olunması barədə danışdılar.

Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində verilən dəyərin, göstərilən diqqət və qayğının yerlərdə də davam etdirildiyi qeyd olundu. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Şirvan Şəhidlər Xiyabanında aparılan abadlıq, yenidənqurma işlərini, “Şəhid Anası” memorial abidə kompleksinin ucaldılmasını, yenidən qurulan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında “Zəfər” abidəsinin inşa edilməsini, “Qarabağ” və “Zəfər” xiyabanlarının salınmasını, Şirvan şəhərindən olan şəhidlərin hər birinin adına ağacların əkilməsini, şəhərin mərkəzi meydanında quraşdırılan müasir monitorda hər bir şəhidin fotoşəkli və barələrində məlumatın yerləşdirilməsini, şəhid adlarının əbədiləşdirilməsini, şəhid ailələrinə göstərilən maddi və mənəvi dəstəyin buna nümunə olduğu qeyd edildi.

Tədbirdə şəhid Şəhriyar İsmayılzadənin zəhmətkeş ailədə böyüdüyünü, valideynləri tərəfindən əsl vətənpərvər ruhunda tərbiyə olunduğunu, şəhidlərin yetişməkdə olan gənc nəslə bundan sonra da nümunə olacağı vurğulandı. Birinci Qarabağ müharibəsində şəhid olanların da məzarlarının üstünün şəhər rəhbərliyi tərəfindən qara mərmərdən götürüləcəyinin təqdirəlayiq olduğunu və şəhidlərin yaxınları tərəfindən minnətdarlıqla qarşılandığını bildirdi.

Sonda  şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

“Respublika”.