Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Burada tabutlar qayalıqlardan asılır

Dünya var olduğundan bəri bəzi insanlar qorxuları, çarəsizlikləri səbəbindən həqiqətə uyğun olmayan qeyri-adi şeylərə inanırlar. Bəzi ölkələrdə keçmişdən qalan bu cür ənənələr hələ də qorunub saxlanılır. Belə ölkələr içərisində 7 mindən çox adaya ev sahibliyi edən cənub-şərqi Asiya ölkəsi, zəngin mədəniyyətə malik Filippin daha çox seçilir. Dünyanın əksər mədəniyyətlərində ölülər torpağa dəfn edilsə də, Filippində "göyün yeddinci qatına" qaldırılır. Bəlkə də, bu, insan öldükdən sonra onun ruhunun göyə qalxması inancından qaynaqlanır... 

Fərqli ölkələrdən gələn qarışıq millətlərin yaşadığı bu ölkədə yerli əhalinin qəbul etdiyi bir çox batil inanclar və qəribə adət-ənənələr mövcuddur. Yolunuz nə vaxtsa Filippindən düşərsə, sizlərə qeyri-adi təsir bağışlayan bəzi hadisələrin şahidi olsanız heç də təəccüblənməyin...

109 milyon insanın yaşadığı bu ölkədə 175 müxtəlif dillərdə danışılır. Yerli əhali süfrə arxasında 13 nəfərin oturmasının uğursuzluq gətirəcəyinə inanır. Belə bir ailədə arzuolunmaz 13-cü qonaq olmağı yəqin ki, heç kəs istəməz.

Pasxa bayramında isə cümə axşamı və cümə günləri duş qəbulu və səyahət etmək qadağan edilib. Müqəddəs hesab edilən bu günlərdə adıçəkilən əməllərin edilməsinin  böyük bədbəxtlik gətirəcəyinə inanılır.

Ən maraqlısı isə Filippinin Saqada şəhərindəki keçmişdən indiyə qədər qeyri-adi bir ənənənin hələ də davam etməsidir. 2000 illik tarixi olan bu ənənəni davam etdirən iqorot qəbiləsinin nümayəndələri tabutlarını öz əlləri ilə hazırlayırlar. Üstəlik tabutlarını torpağa tapşırmaq əvəzinə hər hansı bir mağara və ya uçurumun kənarından asırlar. Əgər həmin insan bunu bacara biləcək durumda deyilsə, onun tabutunu ailə üzvlərindən biri düzəldir.

Bu canlılar bizim qədər "zəka"ya sahibdir?

Elm adamlarının daha əvvəl apardıqları araşdırmalar nəticəsində ahtapotların adi onurğasızlardan daha ağıllı olduğu ortaya çıxmışdı.

Lakin yeni kəşf isə bunun səbəblərindən birini üzə çıxarıb. Belə ki, ahtapotların insan beyni ilə xüsusi molekulyar oxşarlığa sahib olduğu məlum olub.

Həm insan, həm də ahtapot genomu özlərini çoxalda bilən çox sayda "sıçrayan genlər" və ya transpozonlardan ibarətdir. Hər biri aktiv olmasa da, onlar təkamül proseslərində xammal olaraq görülür.

Yeni araşdırma zamanı ahtapot beyninin idrak bacarıqlarını yerinə yetirdiyi bölgəsində "uzun kəsişən nüvə elementləri" ailəsinə aid transpozonlar kəşf edilib. Elm adamları ahtapotların beynində tapılan bu genlərin insan beyni ilə eyni bölgədə yerləşdiyini söyləyirlər.

"Mikroskop altında bu elementin şaquli lobda, ahtapotların öyrənmə və idrak bacarıqlarının yerləşdiyi bölgədə çox güclü bir aktivlik siqnalı gördüyüm zaman sözün həqiqi mənasında yerimdə dik atıldım. Çünki bu bölgə insanlardakı hipokampusun (beynin hafizə mərkəzi) yerləşdiyi bölgə ilə eynidir", - deyə İtaliyanın Stazione Zoologica Anton Dohrn Elmi-Tədqiqat İnstitutunun bioloqu Giovanna Ponte öz təəssüratlarını bölüşüb.

 

Kitabların da öz sirləri var

Yəqin dünyada elə bir insan tapılmaz ki, ən yaxın dostumuz hesab etdiyimiz kitabların bizlər üçün nə qədər zəruri olduğundan xəbərsiz olsun. Ən qədim dövrlərdən bəri mövcud olan kitablara həyatımızın hər sahəsində daim ehtiyac duyuruq. Bəs həyatımızın əvəzolunmaz bu sərvəti haqda nə qədər məlumatlıyıq? Hər fürsətdə əlimizə aldığımız, çantamızdan əskik etmədiyimiz kitabların da özlərinə məxsus aləmi var.

Dünyanın ən bahalı kitabının Leonardo Da Vinçiyə məxsus olduğunu bilirdinizmi? Dahi alimin əlyazması olan "Codex Leicester" adlı kitab Bill Qeyts tərəfindən 48,4 milyon dollara satın alınıb.

İndiyə qədər ən çox kitab oğurluğu isə Stephen Blumberg tərəfindən edilib. Bibliomania kimi tanınan bu adam 268 kitabxanadan 23.000 kitab oğurlayıb və onların dəyərinin 20 milyon dollar olduğu təxmin edilir.

Statistik məlumatlara görə oxuduğumuz sözlərdə "e" hərfinin çox olmasına baxmayaraq, Ernest Vincent Wright tərəfindən yazılan "Gadsby" adlı kitabda isə bu hərfdən ümumiyyətlə istifadə edilməmişdir. Bəli, səhv başa düşmədiniz, 50.110 sözdən ibarət olan kitabın ən maraqlı cəhəti heç bir "e" hərfinin işlənməməsidir. Dünyanın ən uzun cümləsi isə Viktor Hüqonun "Səfillər" kitabındadır və 823 sözdən ibarətdir.

Tarixdə məlum olan ən qədim yemək reseptləri kitabı eramızdan əvvəl 1750-ci ildə yazılmışdır. Babil kitabələri və ya Babil yemək kitabı kimi tanınan əsərin yazılması Hammurabi dövrünə təsadüf edir. Qədim kitablar haqda daha bir maraqlı fakt isə onların qoxuları ilə bağlıdır. Bəzilərimiz köhnə kitabların qoxusu ilə rahatlıq tapırıq. Xüsusilə, ikinci əl kitablardakı o bənzərsiz qoxunun rahatlığını heç bir yerdə tapmırıq. Qeyd edək ki, bunun əslində ədəbiyyatda bir adı var: Bibliosmia. Bu qoxuya vurğunluğumuz isə səhifə komponentlərindəki qəhvə və şokolad qoxusuna bənzər sellüloza və digər maddələrdən qaynaqlanır.

 

Ev heyvanları saxlayanlar daha cəlbedici imiş

Aparılan araşdırmalar zamanı ev heyvanları saxlayanların daha cəlbedici olduğu ortaya çıxıb. Birinin heyvanları sevməsi və ya heyvan sahibi olması onunla bağlı fikirlərinizə, baxış tərzinizə təsir edə bilərmi? Və ya heyvanları sevməyən biri ilə dostluq edərdinizmi? "OkCupid"in türk istifadəçiləri üzərində apardığı araşdırma zamanı ev heyvanlarını sevməyin münasibətlərimizə də təsir etdiyi məlum olub.

"Ev heyvanlarını sevirsənmi?" sualına ümumilikdə istifadəçilərin 76 faizi "bəli" cavabını verib. Onların 83 faizi qadınlar, 79 faizi isə kişilər olub. Suala cavab verənlərin 80 faizi ev heyvanının olmasının əlaqələrinə təsir etdiyini düşünür. Onların fikrincə, heyvanları sevməyən birinin kimisə sevə bilməsi inandırıcı deyil.

Sorğu zamanı bilavasitə qadınların daha çox pişikləri, kişilərin isə itləri sevdiyi məlum olub. İştirakçılar arasında itləri sevənlər 4 faiz üstünlük qazanaraq ön plana çıxıb. Qeyd edək ki, kişilərin qadınlara nisbətdə itlərə daha çox üstünlük verdikləri, zərif cinsin nümayəndələrinin isə bütün heyvanları sevdikləri məlum olub. Həmçinin, qadınların bu mövzuda daha həssas olduqları qeydə alınıb. Belə ki, qadınların 63, kişilərin isə 51 faizi ev heyvanlarını sevməyən və istəməyən biri ilə eyni evdə yaşaya bilməyəcəklərini söyləyiblər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".