Vətənə şərəfli xidmət nümunəsi
Sosial həyat

Vətənə şərəfli xidmət nümunəsi

Dağlar diyarı Lerikdə dünyaya göz açan Murtuz Çingiz oğlu Abbasov həyatı dərk edən gündən öz xoşbəxtliyini Vətəninə, xalqına nümunəvi xidmətdə görür. Yaxşı işlər görməklə insanlar arasında hörmət də qazana bilir. Ürəyi ilahi bir sevgi ilə döyünən gənc yalnız gözəl dünyaya, saf məqsədlərə doğru can atır.

M.Abbasov 2016-cı ildə orta təhsilini başa vurub Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olur. Vətən eşqli, xoş təbiətli, dağların dağ vüqarlı oğlu Murtuz məktəbdə hamı tərəfindən sevilir. Hərbin sirlərinə dərindən yiyələnir. Bütün tapşırıqlarını vaxtında, yüksək keyfiyyətlə yerinə yetirir. Murtuz Vətəninə layiqli xidmət etmək üçün könül verdiyi işinin kamil bilicisi kimi tanınır.

2020-ci ildə akademiyanı leytenant rütbəsində bitirən Murtuz Abbasov Sərhəd Qoşunlarında taqım komandiri vəzifəsində xidmət etməyə başlayır. Daha sonra raket-artilleriya silahlarının istismarı və təmiri mütəxəssisi kimi fəaliyyət göstərir.

İkinci Qarabağ müharibəsi başlananda Vətənin cəsur oğulları haqq savaşımıza atılırlar. Leytenant Murtuz Abbasov da sona qədər döyüşüb yağıdan qisas almağa and içib silaha sarılır. Düşmənə ilk zərbəni Ağdam rayonunda vurur. Quldurların atəş nöqtəsini susdurub, çoxlu canlı qüvvəsini məhv edir. Bu uğurlu əməliyyat nəticəsində rayon qarış-qarış ermənilərdən təmizlənir. İgid Vətən oğlu əsgər yoldaşları ilə Cəbrayıl istiqamətində yerləşən yaşayış məntəqələrində yüksək fədakarlıq və şücaət göstərir. Düşmənin neçə-neçə texnikası sıradan çıxır. Nəticədə Cəbrayılın azadlıq xəbəri bütün Azərbaycanı dolaşır. Artıq darmadağın olmuş düşmən acı məğlubiyyəti bilib qaçmağa üz qoyur. Murtuz Zəngilan müharibəsində də sözün əsl mənasında tarix yazır. 22 oktyabrda rayonun Ağbənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin Vətən torpağına tuşlanan snayper atəşini öz sinəsi ilə susdurur. Bir igidin qanı torpağa tökülməklə böyük ərazinin azadlıq günəşi doğur.

Bəli, Murtuzun ömür yolu cəmi 22 il oldu. Qaldı ki, öz qanı ilə Vətəni yaşatdığı üçün o, milyonların ürəyində əbədi yaşamaq hüququnu qazandı. Dövlət də öz sədaqətli oğlunun adını uca tutdu. Murtuz Abbasov ölümündən sonra "Zəngilanın azad olunmasına görə", "Vətən uğrunda", 3-cü dərəcəli " Vətənə xidmətə görə" medallarına layiq görüldü.

Zəfər ORUCOĞLU.