Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən  insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də  bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan “Əlifbanın ixtirası"nı oxuculara təqdim edirik.

“Respublika".

 

Əlifbanın ixtirası

Tarix boyu, nələrisə dəyişdirməyi, yaxud mövcud olanı inkişaf etdirməyi daim özünə borc bilən  bəşəriyyət,  dünyanın nizamına təsir etməklə  bir çox dönüş nöqtəsinə imza atmışdır. Bəşəriyyətin təkamülü prosesində  çox mühüm əhəmiyyətə malik dönüş nöqtələrindən biri də əlifbanın ixtirasıdır. Hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən ən mühüm faktorlardan olan əlifbanın dilin inkişafında nə qədər böyük əhəmiyyət kəsb etməsi əksəriyyətə məlumdur. Yazının ixtirası kimi onun ixtirasının da  bəşəriyyət, cəmiyyətin mədəni  inkişafı və tərəqqisində  zəruri  olduğunu söyləməyə gərək yoxdur. Bəs bu mühüm ixtiraya görə qədim sivilizasiyalardan hansına borcluyuq?

Əlbəttə ki, digər böyük kəşflər kimi əlifbanın ixtirasının  da hansı sivilizasiyaya məxsus olması  uzun  müddət mübahisələrə səbəb olmuşdur. Əlifbanın mənşəyinə  dair dünya alimləri arasında müxtəlif fikir ayrılıqları vardır. Belə ki, alimlərin bəzisi misirliləri, bəzisi minoyları, bəziləri isə finikiyalıları əlifbanın yaradıcısı hesab edirlər. Əslində, əlifbanın yaradılmasında həm misirlilərin, həm minoyların, həm də finikiyalıların rolu danılmazdır. Əlifbanın mənşəyinə dair Misir nəzəriyyəsinə görə, yazı tarixində ilk dəfə olaraq səsləri əks etdirən işarələr miladdan əvvəl Misir yazısında əmələ gəlmiş, dilin işarələri ancaq samit səsləri bildirmişdir. Misirlilər ilk dəfə olaraq hərf yaratmalarına baxmayaraq, sırf hərfi yazıdan istifadə edə bilməmişlər. Çünki onların istifadə etdikləri yazıda hərflər heroqliflərlə qarışıq şəkildə işlənilmişdir. Onu da qeyd edək ki, qədim Misir yazısı minoy yazısının inkişafına xüsusi təsir göstərmişdir. Müəyyən zaman ərzində Misir yazısından minoy heca yazısına bəzi işarələr keçmiş, bununla yanaşı, həmin yazıda hecaları bildirmək üçün bir sıra yeni işarələr də meydana çıxmışdır. Misir və minoy yazılarının təsiri ilə qədim qərbi sami xalqları bir sıra hərf-səs əsasında əlifba yaratmışlar. Sami dillərinin yazılarından ən çox yayılmışı Finikiya yazısıdır. Bu yazı sistemində "r" hərfi adam başına bənzədilərək və "baş" mənasını bildirən "reş" sözünün ilk səsini əks etdirmişdir. Beləcə də A (alef - öküz), M (mem - su), Ş (şin -diş) hərfləri yaradılmış və adlandırılmışdır. Bu hərflər müasir yazı sistemində də öz ilk formasını saxlamışdır. Məlum olduğu kimi, hərfli yazı başqa yazı tipindən asan və sadədir. Bu sadəlik və asanlıq nəticəsində Finikiya əlifbası dünyanın bir çox ölkəsinə yayılmışdır. Finikiya dilinin bir sıra yazılı abidələri indiyə kimi qalmışdır. Həmin abidələr müxtəlif yerlərdə tapılmışdır. Bu dəlillər o dövrdə Finikiya yazısının coğrafiyasının  çox geniş olmasını göstərir. Bu əlifbanın yayılma arealı, onun budaqları, Şərqdə geniş şöhrət qazanmış arami yazısı əsasında sonralar bütün Şərqin əlifbalarının yaranmasına zəmin yaratmışdır.

E.ə. 3-cü minillikdə misirlilərin əlifbası haqqında elmi məlumatlar var. Sonradan bu əlifba ilə tanış olan yunanlar onu heroqlif (müqəddəs) adlandırmağa başlayıblar. İdeoqrafik yazı sisteminə aid olan Misir heroqlifləri təkcə sözləri deyil, həm də səsləri ifadə edirdi. Yazı səsə doğru meyillənəndən və xeyli sadələşəndən sonra Misir heroqlifləri 750 hərflə məhdudlaşmışdı. Bu qədər hərfi təsəvvür etmək çətindir və bu çətinliyin öhdəsindən gəlmək üçün misirlilər kiçik yaşlarından başlayaraq, uzun müddət məbədlərdə "əlifba" öyrənirdilər. Yazı - yalnız məbədlərdə yazılır, orada öyrədilir, kitabələr orada saxlanırdı… Kahinlərin yazılardan istifadə edərək mistik-magik qüvvələri idarə etməsi haqqında deyilənlər isə "yazı müqəddəsliyi" təsəvvürlərini gücləndirirdi.

Misirlilər öz yazılarında yalnız samitlərdən istifadə edirdilər və bu da hansı sözü qədim misirlilərin necə tələffüz etməsi barədə təsəvvür yaradır. Ancaq elm adamları Misir kahinlərinin saitlərdən istifadə etməməsini şükranlıqla qarşılayırlar: əgər saitləri də yazmaq lazım gəlsəydi, onda bu hərflərin sayı daha çox, oxunması isə  daha müşkül olacaqdı.

Heroqliflər – daha mükəmməl yazı növü kimi uzun müddət müxtəlif xalqlar arasında işlədilib və hətta indi də bu işarələrdən istifadə edən xalqlar (çin, yapon və s.) var.

Bu ərəfədə semit tayfalarına mənsub olduğu söylənən finikiyalılar artıq Aralıq dənizi sahilində Tir və Sidon adlı böyük şəhərlər salmış (e.ə. 2-ci minillik), Yunanıstan, İtaliya, İspaniya ilə ticarət əlaqələri yaratmışdılar.

Qədim salnamələrdə finikiyalıların həddən artıq acgöz, insafsız, yalançı olmaları barədə yetərli məlumatlar var. Ancaq bu acgöz tayfalar bəşəriyyətə elə bir xidmət göstəriblər ki, başqa heç bir xalq onu bacarmayıb. Maraqlıdır ki, bu bəşəri xidmət  finikiyalıların yalançılığından və tənbəlliyindən yaranıb.

Finikiyalılar alverdə şifahi razılaşmaları tez-tez pozurdular və mübahisələr zamanı kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək çətinləşirdi. Bu problemi həll etmək üçün çevik, tez öyrənilən və praktik yazı yaratmaq qərarına gəldilər. Şumer və Misir yazılarına bələd olan finikiyalı tacirlər üçün bu geniş və uzun-uzadı "hərflər" qarışıqlıq yaradırdı; daha doğrusu, bu yazılardan çətinliklə istifadə belə mübahisələrdə onları "hərənin öz bildiyi kimi" yozmasına gətirib çıxarırdı. Və beləliklə,  Finikiyada ilk əlifba yarandı.

Miflərin birində belə bir məlumat verilir ki, Yunanıstana əlifbanı finikiyalı tacir Kadm (Feros adasına gəlmişdi) gətirmişdir. Həqiqətən həmin adada qədim yunan yazılı abidələri tapılmışdır. Bu fakt təsdiq edir ki, doğrudan da Yunanıstana yazı Şərqdən gəlmişdir. Bunun bir  əfsanə olmasına baxmayaraq, burada həqiqətin rüşeymi də vardır. Yunanlar finikiya əlifbasına sait səsi ifadə etmək üçün 7 hərf daxil edərək əlifbanı sait və samitlərdən təşkil edərək tamamlamışlar. Yunan əlifbası tədricən Avropa ölkələrinə yayılmağa başlamışdır. E.ə. VIII əsrdə yunan əlifbasını birinci olaraq mədəniyyətin sələfləri hesab edilən etrusklar (İtaliyada romalılardan öncə yaşamış xalq) qəbul edir, yenidən işləyir və təkmilləşdirirlər. Beləliklə də, İtaliyada latın əlifbası meydana gəlir. İndi hər iki Amerikada, Avstraliya, Avropa, habelə Asiya və Afrikanın bir çox xalqları latın əlifbasından istifadə edir.

Finikiya əlifbasının əmələ gəlməsi 1905-ci ildə Sinay yarımadasında tapılmış xeyli miqdarda yazılı abidə əsasında aydınlaşdırılmışdır. Tapılan bu yazının Misir heroqliflərinə oxşamasına baxmayaraq, tamamilə fərqli, spesifik cǝhətləri də diqqəti cəlb etmişdi. Finikiya yazı sistemi 22 işarə hərfdən ibarətdir; sürətli, çevik, tez qavranılan… Burada hər bir hərf bir səsi ifadə edir. Əlifbada hərflər müəyyən qaydada düzülmüşdür: aleph, beth, qimel, daleth, he vǝ s. Finikiya əlifbasında sait üçün hərf yoxdur, burada yazı yalnız samitlər və yarımsamitlərdən ibarətdir. Bu əlifba Egey dənizi vasitəsilə yunanlara çatınca, bir neçə hərf əlavə edilib mükəmməl şəklə gətirilərək  hazırda Avropa xalqlarının istifadə etdiyi əlifbanın  yaranmasına səbəb oldu. Ardıcıllıq isə belədir: yunanlardan etrusklara  və latına. Avropa xalqlarından ilk olaraq yunanlar finikiya əlifbasını e.ə. XI əsrdə qəbul etmişlər.

Qədim dünya ölkələrinin yazı sistemlərinin müəyyən hissəsini isə yǝhudi xalqı yaratmışdır. Qədim yəhudilər, başqa sözlə, yevreylər əski yəhudi dilində (ibrim, ibranicǝ) ilk əlyazma kitablarını meydana gǝtirmişlər. Suriya və Ərəbistan yarımadasında, Mesopotomiyanın quzeyində yaşayan qədim semit (qərbi) tayfalarından olan yəhudilǝr e.ə. XVI-XIII yüz illərdə öz dövlətlərini və mədəniyyətlərini qurmuş, inkişaf etdirməyə başlamışlar. E.ə. VII yüz ildə Qüdsdə Yahve (israillilərin tayfa ittifaqının Allahının adı) məbədi tikilmiş və başqa Allahlara sitayiş qadağan edilmişdir. Mənbələrin bir çoxu yəhudi (ivrit, idiş, ladino) dilinin əlifbasının e.ə. XI yüz ildə finikiya əlifbası əsasında yarandığını təsdiq edir. Bu dildə ən qədim kitabə kənan əlifbası ilə yazılmış Keyzer təqvimidir (e.ə. X yüz il). Fələstinin Babilistan tərəfindən işğalından sonra (e.ə. VI yüz il) qədim arami yazısı tədricən yəhudi əlifbasını sıxışdırmış və arami yazısı əsasında indiyədək istifadə olunan "kvadrat" əlifbası yaradılmışdır.

Hazırda dünyada 350 əlifba var və bu əlifbaların, eləcə də elmə bəlli olan digər əlifbaların semitlərlə bağlı olduğunu alimlər qəbul edirlər. "Protosemit yazı sistemi" adı verilən bu yazı iki qola – cənubi semit və şimali semit yazılarına bölünür.

Cənubi semit yazısından hazırda yalnız Həbəşistanda (amxar əlifbası adlanır) istifadə olunur. Qalan bütün əlifbaların əsasında dayanan şimali semit yazısı da iki qola ayrılır: 1) xananey; 2) aramey.

Aramey qolu əsasında ərəb, yəhudi və s. – Asiya və Yaxın Şərq, Şimali Afrika xalqlarının əlifbası formalaşıb; finikiyalıların əlifbası isə xananey qolundan yaranıb ki, bu əlifbada Avropada yayılıb.

Maraqlı məqamlardan biri də budur ki, protosemit əlifbasında hərflər həm də məna ifadə edirdi, yunanlar isə yalnız səsləri götürdülər. Ərəb əlifbasına İslamın gəlişindən sonra mistik mənaların verilməsi də "ilkin anlamdan" - hərflərin ilahiliyi ilə bağlı təsəvvürlərdən qaynaqlanır.

Türk xalqının qədim əlifbası (run yazıları) – nə qədər qəribə olsa da – Asiya xalqları ilə deyil, almanlar, anqlosakslar və vikinqlərin istifadə etdiyi əlifba ilə eynimənşəlidir. Bu fakt türklərin Şərqi Avropadan Uzaq Şərqə qədər geniş ərazidə tarixən məskunlaşdıqlarını təsdiqləyən fakt kimi tədqiqatçıların diqqətini çəkməkdədir.

Mütəxəssislər qədim yazıların deşifrə edilməsində böyük uğur qazansalar da, bəziləri hələ də oxunmamışdır. Bunlara 4000 il əvvəl Hind Vadisi sivilizasiyasının istifadə etdiyi 300 işarəli əlifba və eramızdan əvvəl 5000-ci ildən 1100-cü ilə qədər Kritdə istifadə olunan Xətti A əlifbası daxildir.

Mərkəzi Amerikada Mayalılar eramızdan 250 il əvvələ qədər təxminən 850 piktoqramdan ibarət mürəkkəb bir yazı hazırlamışdılar. Bu əlamətlər indiki Maya dialektləri arasında bir çox əlaqənin olduğunu göstərir və son illərdə bu yazının deşifrə edilməsində irəliləyiş əldə edilmişdir.

Finikiyalılardan bizə qədər gəlib çatan əlifba bizdən sonrakı nəsillərə də  beləcə gedib çatacaq və üzərində yazılan materiallar dəyişsə də, bəşəriyyətin təkamülü yolunda ən mühüm hadisələrdən biri kimi  tarixin yaddaşında qalmaqda davam edəcək...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".