DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ İSRAİL ARASINDA “QÜDS BƏYANNAMƏSİ” İMZALANIB

ABŞ prezidenti Cozef Baydenlə İsrailin baş naziri Yair Lapid arasında Qüdsdə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı İsrail hökumətinin mətbuat xidməti yayıb.

Qeyd edilir ki, sənəd “Qüds Bəyannaməsi” adlanır. Bəyannamədə ABŞ-ın İsrailin təhlükəsizliyini dəstəkləməyə, İrana və onun nüvə silahı əldə etməsinə qarşı birgə mübarizə aparmağa hazır olduğu bildirilib.

Sənəddə İsrail region ölkələri ilə münasibətlərin normallaşdırılması prosesində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edir, Birləşmiş Ştatlar ərəb və müsəlman ölkələrinin dairəsini genişləndirmək üçün bundan sonra da hər cür səy göstərəcəyini vəd edir.

Bəyannamədə İsrail və ABŞ-ın elm, texnologiya, tibb sahəsində əməkdaşlığı gücləndirəcəyi və inkişaf etdirəcəyi, dünyada ərzaq qıtlığı və qlobal istiləşmə ilə birgə mübarizə aparacağı da qeyd olunub. Həmçinin ABŞ və İsrail Ukraynaya qarşı davam edən hücumlardan narahat olduqlarını, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını, eləcə də Ukraynaya humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayırlar.

 

MAKRON: FRANSA MÜMKÜN ENERJİ ÇATIŞMAZLIĞINA HAZIRLAŞMALIDIR

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi bu payız mümkün enerji çatışmazlığı ssenarisinə hazırlaşmaq üçün səfərbər olmalıdır, çünki Rusiya Ukrayna ilə müharibədə Avropaya qaz tədarükün kəsilməsindən silah kimi istifadə edir. “APA”nın verdiyi xəbərə görə, bu barədə prezident “TF1” telekanalına müsahibəsində bəyan edib.

Emmanuel Makron vurğulayıb ki, Rusiya qazından tamamilə imtinaya hazırlaşmaq lazımdır. O, həmçinin xəbərdarlıq edib ki, Rusiya enerjisindən uzaqlaşmaq yay və payız fəslinin başlanğıcında çox çətin olacaq.

Dövlət başçısı Fransanın enerjidən istifadəsinin bir il əvvəllə müqayisədə “bir az azaldığını” qeyd edib və səlahiyyətliləri, istehlakçıları və sənayeni enerjiyə qənaət etməyə və enerji israfını aradan qaldırmağa çağırıb.

Bununla yanaşı, Emmanuel Makron təsdiqləyib ki, Fransa hazırda ölkənin elektrik enerjisinə ehtiyacının təxminən 70 faizini təmin edən nüvə enerjisi sektoruna daha çox sərmayə qoyacaq.

 

BMT-NIN BAŞ KATİBİ: TAXIL İXRACI İSTİQAMƏTİNDƏ CİDDİ ADDIM ATILIB

İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin Ukraynanın iyulun 13-də taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında bildirib.

Baş katibin sözlərinə görə, İstanbul danışıqlarının iştirakçıları Ukraynadan taxıl ixracının bir çox mühüm aspektləri, o cümlədən nəzarət və koordinasiya, eləcə də minalardan təmizləmə baxımından razılığa gələ biliblər. O hesab edir ki, Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracı ilə bağlı yekun razılaşma gələn həftə əldə oluna bilər.

Qeyd edilir ki, Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndə heyətlərinin iştirakı ilə İstanbulda keçirilən dördtərəfli görüşdə Ukrayna taxılının ixracı üzrə bütün tərəflərin nümayəndələrinin iştirak edəcəyi koordinasiya mərkəzinin yaradılması, limanlarda birgə nəzarət və gəmilərin marşrutlarında təhlükəsizlik kimi əsas texniki məsələlər razılaşdırılıb.

 

İLON MASKIN PEYK İNTERNETİ GÜRCÜSTANDA AKTİVLƏŞDİRİLİR

Gürcüstanın  Milli Kommunikasiyalar Komissiyası İlon Maskın “Starlink” şirkətinə ölkədə internet xidməti göstərməsi üçün icazə verib. “APA”nın xəbərinə görə, şirkət Gürcüstanda fəaliyyət göstərməsi üçün lazım olan icazəni almaq məqsədilə iyulun 8-də komissiyaya müraciət edib.

Bildirilir ki, artıq “Starlink Georgia” Gürcüstanda praktik fəaliyyətə başlamağa hazırlaşır. İcazə şərtlərinə uyğun olaraq, “SpaceX” Gürcüstanda “Starlink” peyk sistemləri vasitəsilə yüksəksürətli internet xidmətləri göstərəcək.

Həmçinin vurğulanır ki, “Starlink”in tətbiqi yüksək dağlıq bölgələrdə və internetə çıxışı olmayan ərazilərdə xüsusilə vacibdir. “Bu baxımdan onun tətbiqindən sonra bütün bu cür coğrafi ərazilərdə yüksəksürətli internetə çıxış hər kəs üçün əlçatan olacaq”, - deyə komissiyanın məlumatında bildirilib.

Məlumat üçün qeyd edək ki, “SpaceX” indiyədək 2700-dən çox “Starlink” aşağı orbitli peykini kosmosa göndərib.

 

NATO-NUN BAŞ KATİBİNDƏN TÜRKİYƏ ILƏ BAĞLI ÖNƏMLI AÇIQLAMA

NATO baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı Türkiyə ilə imzalanmış üçtərəfli anlaşma barədə danışıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, alyans rəhbəri anlaşmanın yerinə yetirilməsinin vacibliyinə toxunub.

Baş katib razılaşmada heç bir qaranlıq məqamın olmadığını bildirib. O qeyd edib ki, memorandumun əsas mesajı üç ölkənin terrorizmlə mübarizədə daha çox birlikdə çalışacağı ilə bağlıdır.

“PKK Avropa İttifaqına görə terror təşkilatıdır. PKK İsveç, Finlandiya və bütün Avropa İttifaqı üzvləri tərəfindən terror təşkilatı hesab edilir. Kəşfiyyat məlumatlarını bölüşmək, birlikdə işləmək və ekstradisiya sorğularına cavab vermək məqbul və vacibdir”, - deyə Yens Stoltenberq vurğulayıb.

Bununla yanaşı, NATO baş katibi ekstradisiya tələbləri ilə bağlı qərarların daxili qanunlar və “Ekstradisiya haqqında” Avropa Konvensiyası çərçivəsində veriləcəyini bildirib.

 

ÜST-ÜN BAŞ DİREKTORU: PANDEMİYA BİTMƏYƏ YAXIN DEYİL

Koronavirusun yeni ştammlarına yoluxma hallarının artması səbəbindən dünya “COVID-19”la mübarizənin yoxlanılmış üsullarına qayıtmalıdır. “Trend”in verdiyi xəbərə görə, bunu “Sky News” telekanalına müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.

Baş direktorun sözlərinə görə, insanlar yenidən maskalar taxmalı, hökumətlər isə “COVID-19” üzrə kütləvi test təcrübəsinə qayıtmalıdırlar.

Narahatedici əlamət olaraq koronavirusa yoluxanlar arasında xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayının artmasını vurğulayan Qebreyesus ölkələrin hökumətlərini “maskaların taxılması, qapalı yerlərin ventilyasiyasının artırılması, test və müalicə üçün protokollar da daxil olmaqla sınanmış və özünü sübut etmiş tədbirləri tətbiq etməyə” çağırıb.

Eyni zamanda, Tedros Adhanom Qebreyesus əlavə edib ki, pandemiya “bitməyə yaxın belə deyil”.

 

ESTONİYA HÖKUMƏTİ BAŞ NAZİRLƏ BİRLİKDƏ İSTEFA VERİB

Estoniyanın baş naziri Kaya Kallas və hökuməti istefa verib. “APA”nın verdiyi xəbərə görə, bu barədə Estoniya hökumətinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, iyulun 14-də baş nazir Kaya Kallas istefa qərarını rəsmi şəkildə açıqlayıb və hökumət baş nazirlə birlikdə istefa verib.

Eyni zamanda, baş nazirin sözlərinə görə, onun rəhbərlik etdiyi hökumət ölkəyə çox çətin zamanda - “COVID-19” pandemiyası, Rusiya-Ukrayna müharibəsi və enerji böhranının olduğu zamanda rəhbərlik edib.

Kaya Kallas vurğulayıb ki, Estoniyanın müdafiə qabiliyyətinin yüksəldilməsinə bir milyard avro vəsait ayrılıb və NATO-nun şərq cinahının gücləndirilməsinə nail olunub.

Məlumata əsasən, baş nazir həmçinin parlamentin spikerinə iyulun 15-də fövqəladə sessiya çağırmağı təklif edib və burada o, yeni koalisiya sazişini təqdim edən siyasi bəyanatla çıxış edəcək. Daha sonra parlament yeni hökumət koalisiyasına mandat verib-verməmək qərarını açıqlayacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.