İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Xüsusi Olimpiya  Komitəsinin futbol komandası beynəlxalq turnirin qalibi olub

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol yığma komandası Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

Turnirin ikinci günündə qrup oyunlarında Belçikanı 4:0 və Macarıstanı 3:1 hesabı ilə məğlub edən yığma komandamız divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb. Final mərhələsində isə Litva yığma komandası ilə qarşılaşan xüsusi olimpiyaçılarımız 3:0 hesabı ilə turnirin qalibi adını qazanıblar.

 

Ölkəmiz 11-ci Dünya Oyunlarında ilk medalını qazanıb

Azərbaycan ABŞ-ın Birmingem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında ilk medalını qazanıb.

Aerobika üzrə millimiz "dens" kateqoriyasında təsnifat mərhələsində 16,950 xalla 4-cü olub və finala yüksəlib.

Xədicə Quliyeva, Mədinə Mustafayeva, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, İmran İmranov, Rauf Hacıyev, Sənan Mahmudlu, Nigar Mircəlali, Nəzrin Mustafayeva və Auxan Əhmədlidən ibarət kollektiv həlledici mərhələdə 17,250 xallıq nəticə ilə üçüncü olub və bürünc medal qazanıb.

 

Atıcımız vətənə qızıl medalla dönüb

Ruslan Lunyov Estoniyanın Tallin şəhərində keçirilmiş Lapua Avropa kubokunun üçüncü təsnifat mərhələsində iştirak edərək iki gümüş və bir qızıl medal qazanıb.

Həmyerlimiz kişilər arasında keçirilən 25 metr məsafəyə tapançadan atış üzrə yarışın qalibi olaraq, ən yüksək pilləyə yüksəlib. Vətənə qələbə ilə dönən idmançımız 580 xal toplayıb.

Bununla da Ruslan Lunyov Avropa kubokunun sentyabrda Lissabonda keçiriləcək final yarışına vəsiqə qazanıb.

 

Cüdoçularımız "Böyük dəbilqə" turnirinin ikinci gününü 3 medalla başa vurublar

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirinin ikinci günündə tatamiyə çıxan 4 cüdoçumuzdan 3-ü medal qazanıb.

Turnirdə 73 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə Gürcüstan təmsilçisi, Olimpiya, dünya və Avropa çempionu Laşa Şavdatuaşvilini "vaza-ari" ilə məğlub edərək qızıl medala sahiblənib.

Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Rüstəm Orucov isə üçüncü yer uğrunda mübarizədə Kuba təmsilçisini üstələyərək bürünc medala yiyələnib.

Cüdoçumuz Səid Mollayi (81 kq) isə finalda braziliyalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

İdmançılarımızın uğurlu çıxışları sayəsində iki günün nəticələrinə görə, Azərbaycan milli yığma komandası kişilər arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".