DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: İNFLYASİYA BÜTÜN DÜNYANIN PROBLEMİDİR

“Qlobal əmtəə qiymətlərinin, xüsusən də epidemiya və müharibə şərtlərinin yaratdığı enerji qiymətlərindəki hədsiz artımın sürətləndirdiyi inflyasiya təkcə bizim deyil, bütün dünyanın problemidir. Ümid edirəm ki, uzun müddətdir həmişə etdiyimiz kimi, bu təlatümdən ilk çıxan ölkələrdən biri olacağıq”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, Türkiyə iqtisadiyyatını məhv etməyə yönəlmiş tələləri bir-bir aradan qaldıraraq hədəflərindən uzaqlaşdıra biliblər.

“Qlobal və regional böhranları ölkə üçün fürsətə çevirmək üçün var gücümüzlə çalışırıq. Əlbəttə, ən böyük təsiri yaşayış üçün vacib olan malların bahalaşması ilə bağlı çətinlikləri də yaşadıq, lakin şükürlər olsun ki, bu çətinliklərin öhdəsindən gəlmək üçün gücümüz, iradəmiz və əzmimiz var”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti qeyd edib ki, “çevrilişlə məhv edilməyən, terror təşkilatlarına uyğunlaşdırıla bilməyən Türkiyənin iqtisadiyyatının ələ keçirilməsinə razı olmadıq, olmayacağıq da”. “Böyük və qüdrətli Türkiyənin qurulması üçün mübarizəmizi davam etdirəcəyik”, - deyə dövlət başçısı əlavə edib.

 

ŞRİ-LANKANIN BAŞ NAZİRİ PREZİDENT VƏZİFƏLƏRİNİN İCRASINA BAŞLAYIB

Şri-Lankanın baş naziri Ranil Vikramasinqhe ölkə prezidenti vəzifələrinin icrasına başlayıb. “Trend” agentliyinin məlumatına görə, iyulun 15-də baş nazirin parlamentdə andiçmə mərasimi keçirilib.

Qeyd edək ki, Şri-Lankanın prezidenti Qotabaya Racapaksa bir neçə gün öncə iğtişaşlarla əlaqədar ölkəni tərk etmiş və istefa ərizəsini parlamentin spikerinə təqdim etmişdi.

Eyni zamanda, verilən xəbərə görə, ölkə Konstitusiyasına əsasən dövlət başçısının istefasından sonra baş nazir avtomatik olaraq prezident vəzifələrinin icraçısı təyin olunur.

Parlamentin spikeri Mahinda Yapa Abeivardena ölkədə yeni prezidentin yaxın bir həftə ərzində parlament tərəfindən seçiləcəyini elan edib.

Şri-Lankada insanlar uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir. Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Həmçinin bir neçə ay öncə ölkə borclarla bağlı defolt elan edilmişdi.

 

Aİ QAZA QƏNAƏTLƏ BAĞLI ÜZV ÖLKƏLƏRƏ MÜRACİƏT EDƏCƏK

Avropa İttifaqı Rusiyadan tədarükün mümkün azalmasına hazırlaşmaq üçün sənayeləri minimum qaz istehlak etməyə təşviq etməklə üzv ölkələri qaz tələbini azaltmağa təşviq edəcək. “Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının planı ilə tanış olan “Röyters” agentliyi məlumat yayıb.

Avropa Komissiyasının iyulun 20-də dərc olunacaq planı ittifaq ölkələrini qazdan istifadəni azaltmaqla bağlı sənaye üçün maliyyə stimulları tətbiq etməyə, eləcə də istehlakçıları maarifləndirmə kampaniyalarına başlamağı tələb edir.

Qeyd edilir ki, plan sənaye istehlakçılarını kompensasiya müqabilində daha az qazdan istifadə etməyə həvəsləndirmək hərracları və ya tenderləri əhatə edə bilər.

Verilən xəbərə görə, Avropa İttifaqı qışa mümkün qədər çox qazın saxlanmasını təmin etməyi hədəfləyib.

 

MAFİYALAR ARASINDA TOQQUŞMA 89 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLUB

Haitidə iyulun 8-dən etibarən davam edən mafiya müharibələrində insan itkisi gündən-günə artır. Paytaxt Porto-Prensin iki rəqib mafiya arasında baş verən qarşıdurma təhlükəsizlik böhranına səbəb olub. “Teleqraf.com”un xəbərinə görə, Milli İnsan Hüquqlarını Müdafiə Şəbəkəsinin verdiyi açıqlamada qarşıdurmalarda 89 nəfərin öldüyü, 74 nəfərin isə yaralandığı bildirilir.

Həyatını itirənlərdən 47 nəfərin mafiya üzvü, 42-sinin isə mülki sakin olduğu vurğulanır. Ölənlər arasında 21 nəfərin diri-diri yandırıldığı bildirilən açıqlamada Haiti Milli Polisinin qarşıdurmalara müdaxilə etmədiyi, əyalət rəhbərliyinin isə hadisələrə reaksiya vermədiyi qeyd olunur.

Məlumata əsasən minlərlə yoxsul insanın yaşadığı paytaxtın Bruklin məhəlləsinin giriş-çıxışlarının bağlandığı bildirilib. Qeyd olunur ki, “G9” və “G-Pep” kimi tanınan iki banda bölgəyə nəzarət etmək üçün mübarizə aparır.

 

AVROPA İTTİFAQI UKRAYNAYA MALIYYƏ YARDIMINI 9 DƏFƏ AZALDIR

 İqtisadiyyatdakı ciddi problemlərə görə Avropa İttifaqı Ukraynaya yardım üçün nəzərdə tutulan 9 milyard deyil, 1 milyard avro göndərəcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Verilən xəbərə əsasən, Avropa İttifaqının may ayında Ukraynaya vəd etdiyi külli miqdarda yardım, ittifaqın ciddi iqtisadi problemlərlə üz-üzə qalmasına görə azaldılır.

Məqalədə qeyd edilir ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya təcili kredit kimi 9 milyard avro göndərməyi təklif edib. Lakin indiyə qədər yalnız 1 milyard avro məbləğində ilkin tranş üzrə razılığa gəlmək mümkün olub.

Bildirilir ki, yardım paketinin əsas hissəsi rəsmi Kiyevə kreditdən daha çox qrantların tərəfdarı olan Avropa Komissiyası ilə Almaniya arasında fikir ayrılıqları səbəbindən bloklanıb.

Eyni zamanda, bildirilir ki, Almaniya Ukrayna qarşısında kredit öhdəliklərini azaltmaq istəyir. Məlumata görə, rəsmi Berlin artıq Beynəlxalq Valyuta Fondu vasitəsilə Ukraynaya 1 milyard avro geri qaytarılmayan qrant köçürüb.

 

TÜRKİYƏDƏ MİKROÖLÇÜLÜ PUA-LAR İSTEHSAL EDİLƏCƏK

Türkiyənin Müdafiə Sənayesi Şirkəti     olan “ASELSAN” ilk dəfə “Nanorobot” layihəsi üzərində işləməyə qərar verib. “Trend”in məlumatına görə, layihə çərçivəsində böcək formasında mikroölçülü pilotsuz uçuş aparatları istehsal ediləcək.

Verilən xəbərə görə, bu, Türkiyədə istehsal edilən ilk böcək ölçüsündə, çırpınan qanadlı mikro PUA olacaq. Hazırda şirkət tərəfindən insansız uçuş aparatının qanadların çırpılma aerodinamikası, xüsusi materiallardan və mexanizmlərdən istifadəsi üzərində tədqiqatlar aparılır.

Sözügedən mikro PUA-lar açıq və qapalı ərazilərdə manevr etmək, rahat daşınan və yüngül çəkidə olmasına baxmayaraq, ağır çəkiləri qaldırma qabiliyyəti kimi bir çox üstünlüklər də vəd edir.

Qeyd edilir ki, bu PUA-lar əsasən axtarış və xilasetmə missiyaları və təhlükəli şəraitlərdə keçirilən əməliyyatlar da daxil olmaqla bir çox vacib əməliyyatlar üçün nəzərdə tutulub.

 

ÜST: İNFEKSİYALARIN HEYVANLARDAN İNSANLARA KEÇMƏ HALLARI ARTIB

“Afrikada infeksiyaların heyvanlardan insanlara keçmə halları artıb”. “Report” agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin rəhbəri Matşidiso Moeti mətbuat konfransında bildirib.

“Afrikada zoonoz xəstəliklərin sayı 2012-2022-ci illər ərzində əvvəlki on illə müqayisədə 63 faiz artıb. Ebola son illərdə Afrikada heyvanlardan insanlara keçən ən çox yayılmış infeksiyadır. Ondan sonra meymunçiçəyi gəlir” - deyə təşkilat rəsmisi vurğulayıb.

Eyni zamanda, ÜST-ün mütəxəssisləri Afrikada heyvan xəstəliklərinin insanlara keçməsini onunla izah edirlər ki, hazırda qitənin əhalisi planetin digər hissələrinə nisbətən daha sürətlə artmaqdadır.

“Bunun nəticəsində heyvandarlıq məhsullarına tələbat yüksəlib. Qidanın kifayət qədər diqqətli emal edilməməsi ilə patogenlər insan orqanizminə daxil ola bilər”, - deyə təşkilat rəsmiləri qeyd ediblər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.