Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

«Qız qalası»

Özünəməxsus üslubda abidələrlə zəngin olan Azərbaycan memarlığı çoxəsrlik tarixi yol keçmişdir. Xəzərin sahilində yerləşən qədim «Qız qalası» İçərişəhərin cənub-şərq hissəsində inşa olunmuşdur. Unikal, ecazkar və sirli qala şəhərin dənizkənarı landşaftının ən mühüm elementlərindən biridir. Milli memarlığımızın nadir nümunəsi olan «Qız qalası» haqqında bir çox əfsanələr dolaşsa da, onun nə zaman və hansı məqsədlərlə tikilməsi hələ də məlum deyil. Yazılı mənbələrdə «Qız qalası»nın yaranma tarixi haqda heç bir məlumat olmadığı üçün tədqiqatçılar müxtəlif versiyalar irəli sürürlər.

Əzəmətli qala maili qaya üzərində tikildiyindən hündürlüyü şimaldan 31, cənubdan isə 28 metrdir. Abidənin dəniz tərəfdən «kontrfors» adlanan dayaq divarının qalınlığı  5 metrdir. «Qız qalası»nın dənizə doğru olan hissəsində «mağzal»lar (pəncərə) qoyulmuşdur. Bu pəncərələr içəriyə doğru genişləndiyi üçün həm qalanın içini işıqlandırır, həm də təmiz havanın daxil olmasını təmin edir. Qalanın yeganə giriş qapısı qərb hissədə yer səthindən 2 metr hündürlükdə yerləşir. Tağlı qapıdan ibarət keçidin eni 1,10 metrdir. Səkkiz mərtəbədən ibarət abidənin tikintisində yonulmuş daşlardan istifadə edilmiş, hər mərtəbə isə tağbənd formalı tavanlarla örtülmüşdür. Tavanların ortasında olan dairəvi boşluqlar şaquli xətt istiqamətindədir. Deyilənlərə görə, keçmişdə birinci mərtəbədən yuxarıya doğru baxan insanlar bu boşluqdan səmanı görə bilirdi.  Qalanın birinci mərtəbəsinin hündürlüyü 3, digər mərtəbələrin hündürlüyü isə orta hesabla 2,5 metrdir. Əvvəllər qapının qarşısındakı qayalıqda bir neçə quyu mövcud idi. Qalaya rahat girişin təmin edilməsi məqsədilə hazırda onların içərisi torpaqla doldurulmuşdur. Tikili səmadan görünüşü ilə butanı – 6 və ya 9 rəqəmlərini xatırladır, bəziləri isə onu açara bənzədir.  O, sanki sirlərlə dolu qalanın daxili aləminin  “açar”ıdır.

Bakının rəmzi olan «Qız qalası» tarixin bütün sınaqlarından keçərək günümüzə qədər gəlib çıxmış ən qədim və möhtəşəm abidədir. Heyrətamiz zahiri forması, tərtibatı və estetik meyarlara uyğunluğu ilə göz oxşayan qala 2000-ci ildə  UNESCO - nun “Ümumdünya İrs” siyahısında yer almışdır. 

 

«Chand Baori» quyusu

Hindistan memarlığı ölkənin qədim tarixi, mədəniyyəti və dini ilə sıx bağlıdır. Məbəd, mağara, türbə və quyular bu gün də hind arxitekturasının şah əsərləri hesab olunur. Racastan bölgəsinin Abaneri kəndində yerləşən «Chand Baori» quyusu ölçü  və formasına görə dünyanın ən dərin su anbarı hesab edilir. Bəzi tarixçilər quyunun IX-XI-ci əsrlərdə tikildiyini, bəziləri isə içməli su toplamaq üçün  eramızdan 600 il əvvəl meydana gəldiyini iddia edirlər.    

 «Chand Baori» su quyusu yerin 30 metr dərinliyində yerləşir. Tərsinə çevrilmiş piramidanı xatırladan nəhəng quyunun üç tərəfində simmetrik şəkildə düzülmüş 3500 pilləkən, divarlardan birində isə qədim zamanlarda dini ayinlərin icra olunduğu oyma heykəllərlə və sütunlarla bəzədilmiş nəhəng məbədi görmək olar. Racastan Hindistanın ən quraqlıq bölgəsi olduğundan bu quyu tropik leysanlar zamanı yağış sularını toplamaq üçün istifadə edildi. Quyunun çox dərin olması səbəbindən temperatur  nisbətən aşağı olduğundan su gec buxarlanır  və bu da suyu bir neçə müddət saxlamağa imkan yaradırdı. Həmçinin, isti yay aylarında insanlar pilləkənlərlə gölməçəyə enib sərinləyirdilər.

Dünyanın heç bir yerində olmayan, yalnız hind mədəniyyətinə xas bu memarlıq abidəsi nəinki turistlərin, həmçinin tarixçilərin, arxeoloqların  hər zaman diqqətini cəlb etmişdir. Qədim əfsanəyə görə, quyu cəmi bir gündə tikilmişdir. Abaneri əhalisinin əksəriyyəti də  bu möcüzəvi quyunun  cinlər tərəfindən tikildiyinə inanır. Təəssüf ki, indiyə qədər «Chand Baori»nin  inşasından bəhs edən heç bir dəqiq məlumata rast gəlinməyib.

 

«Səbət» bina

Xarici görünüşü ilə insanların diqqətini cəlb edən «Səbət» bina ABŞ-ın Ohayo ştatında inşa olunmuşdur. Dünyanın ən böyük səbət şəklində olan bu memarlıq abidəsi səbət istehsal edən «Longaberger» şirkətinin qərargahıdır. 1997-ci ildə tikintisinə başlanılan binanın ideya rəhbəri Deyv Longabergerin hədəfi ailə şirkətinin istehsal etdiyi səbəti əbədiləşdirmək idi. Bu dizaynda bir neçə bina tikmək arzusunda olan Deyv vəfat etdiyi üçün 1999-cu ildə yalnız bir binanın tikintisi tamamlanmışdı.  

«Səbət» bina şirkətin ən dəbdə olan məhsulunun formasında layihələndirilmişdir. Ümumi sahəsi 180 min kvadratmetr olan binanın tikintisinə 30 milyon dollar xərclənmişdir. Nəhəng «səbət»in çəkisi təxminən 8500, dayaqların çəkisi isə 150 tondur. Yeddimərtəbəli binanın 3300 kvadratmetr sahəsində ofis və 142 yerlik teatr formasında tamaşa salonu yerləşir. İki ilə başa gələn binanın tikintisində hər xırda detal belə diqqətlə işlənilib. Hətta, «səbət» binanın qulpları da eynən səbəti təkrarlamaqla futuristik görüntü yaradır. Bir neçə ekspert şirkətin qurucusu D. Longabergerini dəfələrlə binanın formasını dəyişdirmək üçün yola gətirməyə çalışsalar da, ancaq o, buna məhəl qoymamışdı. Bina böyük populyarlıq qazandıqdan sonra hər kəs bu qərarın nə qədər doğru olduğunu anladı. D.Longabergerinin bu ideyası bina ilə yanaşı, həm də kompaniyanı bütün dünyada məşhurlaşdırdı.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».