Təzə fındıq bu xəstəliyin çarəsi imiş
Tərkibindəki bol miqdarda lif, protein, karbohidrat, antioksidantlar, B vitamini, dəmir və maqnezium kimi minerallar səbəbindən sağlamığımız üçün xəzinə hesab etdiyimz fındıq, həm də orqanizmimizin müqavimətini artırmaqla qida dəyəri yüksək olan çərəzlər arasında yer alır. Mütəxəssislər bu çərəzin təzə və çiy halda istehlak edilməsinin daha çox faydalı olduğunu deyirlər. Bir çox xəstəliklərin qarşısının alınmasında müsbət təsiri olan təzə fındığın daha bir faydası üzə çıxıb. Belə ki, çinli alimlər yaş fındığın böyrək xəstəlikləri ilə əlaqəli ölüm riskini aşağı saldığını söyləyirlər.
Çinin Vuhan Elm və Texnologiya Universitetinin tədqiqatçıları fındıq istehlakı ilə xroniki böyrək xəstəliyinə bağlı ölüm halları arasındakı əlaqəni qiymətləndirmək məqsədilə araşdırma aparıblar. "Medical Express" veb saytının yaydığı xəbərə görə, fındığın xroniki böyrək xəstəliklərinə qarşı effektiv təsirə malik olduğu ortaya çıxıb.
Tədqiqatın aparıcı müəllifi Kuçho Vang və həmkarları 6072 nəfər ABŞ vətəndaşının məlumatlarından istifadə edərək, həftə ərzində bir neçə dəfə fındıq istehlak edənlərlə etməyənlər arasında nəzərə çarpacaq səviyyədə fərqlilik müşahidə ediblər. Daha çox fındıq istehlak edən və xroniki böyrək xəstəliyi olmayan qrupda başda ürək-damar xəstəlikləri olmaq şərtilə bütün hallardan ölüm nisbətinin aşağı olması üzə çıxıb. Mütəxəssislər bilavasitə qida rasionunda həftədə bir neçə dəfə fındıqdan istifadə edən xroniki böyrək xəstələrində bütün səbəblərdən ölüm riskinin aşağı olduğunu təsbit ediblər. Üstəlik bu xəstəlik səbəbindən ölüm təhlükəsinin isə 0,63 faiz aşağı olduğu məlum olub.
Təbiətdə gizlənən möcüzə
Həyat şərtləri, düzgün qidalanmama, zərərli vərdişlər və genetik faktorların xərçəng riskini artırdığı əksəriyyətə məlumdur. Lakin elm adamları demək olar ki, hər kəsin qorxulu kabusuna çevrilən bu bəlanın çarəsini təbiətdə tapdıqlarını iddia edirlər. Belə ki, mütəxəssislər cəfəri və şüyüdün birlikdə istehlak edilməsi ilə meydana gələn "Glaziovianin A" maddəsinin xərçəngin qarşısını aldığını söyləyirlər.
Araşdırmalar zamanı məlum olub ki, cəfəri və şüyüd birlikdə istehlak edildiyi zaman xərçəngə qarşı güclü təsirə malik kimyəvi maddə əmələ gətirir. İki göyərtinin bərabər istifadəsi ilə ortaya çıxan "Glaziovianin A" adlı maddə vücudda bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır.
Əslində hər iki bitki ayrı-ayrılıqda bir sıra möcüzəvi faydaları ilə orqanizmimizə çox böyük töhfələr verir. Fosfor, mis, maqnezium, dəmir, sink kimi bir sıra mühüm elementlər, eləcə də A və C vitaminləri ilə zəngin olan şüyüd ürək bulantısı, qarın ağrısı, həzm sistemi problemlərinin qarşısının alınmasında effektiv təsirə malikdir. A,C,B qrupu, PP, fol turşusu kimi əvəzsiz vitaminlər və müxtəlif faydalı mikroelementlər (dəmir, kalium, natrium və.s), efir yağları baxımından üstün olan cəfəri isə immunitetin güclənməsi, iltihabın qarşısının alınmasında misilsiz təsirə malikdir. Xüsusilə astma xəstələri üçün olduqca əvəzedilməzdir. Aparılan araşdırmalar bilavasitə iltihab əleyhinə güclü təsirə malik cəfərinin oynaq ağrıları və revmatizmə faydalı olduğunu göstərir.
İnformasiya "Akşam" qəzetində dərc edilib.
Beynin asılılıq bölgəsi xəritələndi
Elm adamları beyin zədəsi almış və ya ocaqlı patologiyaları olan insanlarda zərərli vərdişlərlə əlaqəli asılılığı tədqiq ediblər. Bu istiqamətdə böyük uğur əldə edən alimlər, beynin asılılıqla əlaqəli şəbəkəsinin xəritəsini çəkməklə dünyada bir ilkə imza atıblar. Tədqiqat gələcəkdə narkotiklərlə mübarizədə yeni metodların həyata keçirilməsinə yol aça bilər.
Asılılığın beynin hansı bölgəsində olduğunu araşdıran tədqiqatçılar, beyin lezyonları (ləkə) olduğu dövrə qədər hər gün siqaret çəkən 129 xəstəni tədqiq ediblər. "Nature Medicine" jurnalında dərc edilən araşdırmaya görə, lezyon yarandıqdan sonra insanların təxminən 60 faizi zərərli vərdişlərinə davam etsə də, qalanları heç bir problem yaşamadan vərdişlərini asanlıqla tərgidiblər.
Siqaretdən istifadə edənlərin lezyonları beynin müəyyən bölgələrində xəritələnib. Buna isə "asılılıq remissiya şəbəkəsi" adı verilib.
Əvvəlki araşdırmalar beyində yaranan patologiyaların asılılığı azaltdığını göstərir.
"Təsvir edilən şəbəkə bizlərə müalicə məqsədilə sınaqlar keçirməyə bir hədəf alma imkanı verir. Lakin biz bu şəbəkəni modulyasiya etməyin ən yaxşı yolunun nə olduğunu anlamalı və şəbəkənin hədəflənməsinin klinik cəhətdən faydalı olub-olmadığını yoxlamaq üçün həm diqqətlə hazırlanmış, həm də təsadüfi sınaqlar keçirməliyik," - deyə Finlandiyanın Turku Universitetinin nevroloqu və tədqiqat müəllifi Juho Joutsa açıqlamasında qeyd edib.
Delikates qidalardan ölüm saçan təhlükə
Fransalı alimlər delikates məhsulların hazırlanmasında istifadə edilən maddələrlə xərçəng arasında əlaqə olduğunu aşkar ediblər. Mütəxəssislər emal edilmiş məhsulların tərkibindəki nitratın kolon ( qalın bağırsaq) xərçəngi riskini artırdığını söyləyirlər. Qeyd edək ki, nitrat bir çox delikates qida məhsullarının raf ömrünü uzatmaq və onların dadlandırılması üçün xüsusilə istifadə edilir.
Fransanın Qida Təhlükəsizliyi Milli Agentliyi Anses keçmişdə və hazırda aparılan araşdırmaları müqayisə edərək, nəticələrin heç də ürəkaçan olmadığını bildirib. Dövlət rəsmiləri bu il nitrat tipli maddələrin istifadəsinin məhdudlaşdırılması istiqamətində hərəkət planı hazırlayacaqlarını açıqlayıb. Dünyanın ən çox delikates məhsulları istehsalçısı kimi tanınan Fransa hökumətinin bu qərarı böyük təəccüb doğurub.
"Bu qidaların hazırlanmasında istifadə edilən nitratın azaldılmasını tövsiyə edirik. Qəbul etdiyimiz yeni qərar lazımsız məhsulların istehsalının məhdudlaşdırılmasına zəmin yaradacaq. Bu məhsullar istehlakçının sağlamlığını düşünəcək səviyyədə azaldılmalıdır". Bu fikirlər isə Fransa Səhiyyə və Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı da, buna bənzər bir araşdırma aparıb, nəticələri ictimaiyyətə açıqlamışdı. Belə ki, emal olunmuş məhsulların tərkibində kanserogen maddələrin olduğu təsbit edilmişdi.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".