İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Kikboksçumuz Ümumdünya Oyunlarının qalibidir

Kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən XI Ümumdünya Oyunlarında qızıl medal qazanıb.

91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız finalda rəqibinə qalib gələrək birinci yeri tutub.

Bu, Ümumdünya Oyunlarında Azərbaycanın yeganə qızıl medalıdır. Azərbaycan bu qızıl medal sayəsində 33-cü yerə yüksəlib. Millimiz 1 qızıl və 1 bürünc medalla bu yeri Litva ilə bərabər bölüşdürür. Kikboksinq üzrə nəticəyə əsasən isə Azərbaycan 1 qızıl medalla Avstriya və Meksika ilə birgə 3-cü yerdədir.

Bəhram Rəcəbzadə 1/4 finalda son dünya üçüncüsü Miroslav Vuyoviç diskvalifikasiya olunduğu üçün döyüşmədən qalib elan edilib.

 

 

İdmançılarımızın beynəlxalq yarışlarda uğurları

Fövqəladə Hallar Nazirliyinin (FHN) idmançıları beynəlxalq arenalarda keçirilən yarışlarda uğurlara imza atıblar. Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən yarışda 32 ölkədən 300-ə yaxın idmançı iştirak edib. Açıq Avropa turnirində FHN-in yığma komandasının və Azərbaycan milli komandasının üzvü Nazir Talıbov (60 kq) nailiyyət qazanıb. İdmançımız 2022-ci ilin oktyabrında Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatında iştirak edəcək. Cüdo üzrə Azərbaycan milli yığma komandası həmin yarışda altı medal qazanaraq ümumi komanda hesabında birinci yerdə qərarlaşıb.

Yunanıstanın Katerini şəhərində Avropa Güləş Federasiyasının təşkilatçılığı ilə çimərlik güləşi üzrə oğlanlar və qızlar arasında keçirilən U-17 Avropa çempionatında 18 ölkədən 110-a yaxın idmançı mübarizə aparıb. FHN-in güləş üzrə yığma komandasının üzvü Hüseyn Sevdimov 50 kiloqram çəki dərəcəsində beş döyüş keçirmiş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Güləşçimiz 2022-ci ilin sentyabrında Rumıniyada keçiriləcək dünya çempionatında da iştirak edəcək. Azərbaycan yığma komandası turnirdə 100 xal toplayaraq Avropa çempionu adına layiq görülüb.

 

 

Cüdoçumuz Qran-Pri  turnirinin qızıl medalını qazanıb

Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turnirinin birinci günündə təmsilçimiz Yaşar Nəcəfov uğurla çıxış edib. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda italiyalı rəqibini məğlub edərək Qran-Pri turnirinin qızıl medalını qazanıb.

Yarışda 69 ölkədən 500-dən çox idmançı mübarizə aparır. Azərbaycanı turnirdə 14 cüdoçu təmsil edir.

 

 

Azərbaycan çempionatı başa çatıb

U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.

İyulun 12-14-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilmiş və Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş yarışa 73 klub, cəmiyyət və idman təşkilatından 311 idmançı qatılıb.

Yarışın sonuncu günündə kişilər 73, 100 və 100 kiloqramdan yuxarı, qadınlar isə 57, 78 və 78 kiloqramdan yuxarı çəki dərəcələrində medallar uğrunda mübarizə aparıblar. Kişilər arasında Rəşid Məmmədəliyev (73 kq), Süleyman Yaqubov (100 kq), Camal Feyziyev (+100 kq), qadınların yarışında isə Nuray Quliyeva (57 kq), Aytəkin Paşazadə (78 kq), Qönçə Cəfərli (+78 kq) birinci yerlərə layiq görülüblər.

Üç gün davam edən yarışda ümumilikdə 14 çəki dərəcəsində medalçılar məlum olub. Ümumi komanda hesabında medalların sayına görə birinci yerə "Neftçi" İdman Klubu layiq görülüb.

Nərgiz İSMAYILOVA,

“Respublika”.