Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Siçanlar klonlaşdırıldı

Elm adamları nəsli kəsilməkdə olan heyvan növlərini məhv olmaqdan xilas etmək məqsədilə dəri hüceyrələrindən istifadə edərək onların klonlaşdırılmasına nail olmaqla bu problemi aradan qaldıracaqlarına ümid edirlər. Bu məqsədlə ilkin olaraq gəmiricilər üzərində sınaq aparan alimlər böyük uğur əldə ediblər.

Yaponiyanın Yamanashi Universitetinin tədqiqatçıları embrionları klonlaşdırmaq üçün siçanların quyruqlarını dondurublar. Dondurulma zamanı qurutma prosesi gedərkən başlanğıcda hüceyrələrin ölməsinə baxmayaraq, mütəxəssislər ölü hüceyrələri siçan yumurtalarına yeridərək embrionları klonlaşdırmağı bacarıblar. Təcrübənin sonunda 75 siçanın klonlaşdırılmasına nail olunub.

"Biz bu təcrübə ilə dondurularaq qurudulmuş somatik hüceyrələrdən sağlam, münbit klonlar yarada biləcəyimizi sübut etdik. Bu texniki alternativ daha ucuz və təhlükəsiz olmaqla yanaşı, həm də biobanklarda saxlanılan tərkibində maye azot olmayan dondurulmuş kök hüceyrələri ilə bağlı problemlərin həlli yolunda önəmli addımdır. Təcrübə əsnasında doqquzu dişi və üçü erkək olmaqla 12 siçan yetişdirə bildik. Bundan əlavə, heyvanların nəsil artımında da heç bir maneə yaranmadı. Belə ki, siçovul balalarının sağlamlıq nisbəti yüzdə 0,2 ilə 5,4 arasındadır", - deyə tədqiqat rəhbəri izah edib.

İnformasiya "Nature Communication" jurnalında dərc edilib.

 

NASA-dan həyəcanverici görüntülər

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) James Webb Kosmik Teleskopu tərəfindən çəkilmiş yeni fotoşəkilləri ictimaiyyətə təqdim edib. Fotolar arasında yer alan nəhəng qaz kütlələri böyük həyəcan doğurub.

İndiyə qədər istehsal edilən ən qabaqcıl teleskop olaraq bilinən James Webb Kosmik Teleskopunun 7 aylıq kosmik səyahəti zamanı çəkdiyi fotoşəkillər ABŞ-ın Merilend ştatındakı Goddard Kosmik Uçuş Mərkəzindən canlı yayımda bütün dünyaya paylaşılıb.

Fotoşəkillər arasında Yerdən 1150 işıq ili uzaqlıqda yerləşən bir ulduzun ətrafında fırlanan WASP 96-b nəhəng qaz kütləsi, Carina Nebula (Səkkiz partlayış) qaz buludu və Stephans Quintet (Stefan beşliyi) adlı nəhəng şok dalğalar yer alıb.

 NASA bu fotoşəkilləri erkən kainatın indiyə qədər çəkilmiş ən dərin və kəskin infraqırmızı təsviri olaraq xarakterizə edib. Bundan əlavə, yeni görüntülərin ulduzların təkamülü və ətraf mühitə təsirinə dair bilgilər verəcəyi bildirilib. Əldə edilən görüntülərin, həmçinin başqa planetlərdə yaşamın kəşfi üçün də vacib olduğu qeyd edilib.

Yerdən milyardlarla işıq ili uzaqlıqdakı qalaktikaları ehtiva edən fotoşəkil ictimaiyyətə paylaşılmadan öncə NASA rəsmiləri ilə görüş zamanı ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisə göstərilib. Nəhəng teleskopun çəkdiyi fotoşəklin bu günə qədər uzaq kainatın ən dərin və detallı fotoşəkli olduğu vurğulanıb.

İnformasiya "Science news" jurnalında işıq üzü görüb.

 

Beynimiz dezinformasiyaları aşkar edə bilər

Avstraliyanın Sidney Universitetinin bir qrup alimi apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, sosial şəbəkələrdə yayılan saxta məlumatlar beynimiz tərəfindən aşkarlana bilər.

Deepfake (saxta) video, şəkil, səs və ya mətnlər gerçək kimi görünsə də, əslində insanları yanlış yönləndirmək, ictimai rəyə təsir etmək məqsədilə hazırlanmış kompüter klonlarıdır. Bu məzmunda olan məlumatlar dezinformasiyanın istənilən effekti verməsi üçün güclü təsirə malikdir.

Elm adamları bu cür saxtakarlıqları aşkar etmək məqsədilə yeni bir üsul kəşf ediblər. Belə ki, yeni metod vasitəsilə insanların hansı məlumatın saxta, hansının isə doğru olduğunu özləri ayırd edə bilməsə də beyinlərinin bunu təsbit edə biləcəyi məlum olub.

Neyrogörüntüləmə texnikasından istifadə edən alimlər, iki qrupa bölünmüş iştirakçılar arasında sınaq aparıblar. İştirakçılardan 50 növ məlumatın hansının saxta, hansının isə gerçək olmasını ayırd etmələri istənilib. Bu ərəfədə isə onların beyin fəaliyyəti elektroensefalaqrafiya (EEQ) vasitəsilə qeydə alınıb. Məlum olub ki, iştirakçıların özləri başa düşə bilməsələr də, beyinləri bunu təsbit edə bilir.

"Beynin bu məlumatları təsbit edə bilməsi mövcud "deepfake"lərin qüsursuz olmadığını göstərir. Əgər onun bunu necə aşkarladığını öyrənə bilsək, Facebook, Twitter kimi rəqəmsal platformalarda potensial saxtakarlığı işarələyərək alqoritmlər qurmaq üçün istifadə edə bilərik", - deyə araşdırma rəhbəri Tomas Karlson qeyd edib.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Xərçəngin yeni növü ortaya çıxdı

Elm adamları qaraciyər xərçənginin yeni növünü aşkar ediblər. Mütəxəssislər yüksək risk qrupuna aid edilən bu xərçəng növünün mövcud müalicə üsullarına və kimyaterapiyaya cavab vermədiyini söyləyirlər.

İndiyə qədər demək olar ki, bütün qaraciyər xərçəngi hepatoblastoma və ya hepatosellülər xərçəng kimi təsnif edilirdi. Lakin pediatrların apardığı yeni araşdırmalar nəticəsində məlum olub ki, qaraciyər xərçənginin bu növünə indiyə qədər rast gəlinməyib.

Mütəxəssislər yeni növ xərçəngin həm də yüksək risk qrupuna aid olduğunu qeyd ediblər.

Xəstələr üzərində aparılan araşdırmalara görə, yeni xərçəng hüceyrəsinin kimyaterapiyaya reaksiyavermə ehtimalının çox az olduğu bildirilir. Üstəlik, transplantasiya və ya cərrahi müdaxilə edilmədikdə daha aqressiv nəticələr vermə ehtimalı çox yüksəkdir.

"Tapıntılarımız ilkin diaqnoz zamanı müalicə tövsiyələrini optimallaşdırmaq məqsədilə bu şişləri dəqiq təsnif etmək üçün molekulyar testlərin əhəmiyyətini vurğulayır", - deyə Texas Baylor Universitetinin patoloji, immunologiya və pediatriya professoru Dolores Lopez-Terrada qeyd edib.

Həmçinin professor qaraciyər xərçənginin bu növünə düçar olan xəstələrin müalicəsinin tamamilə fərqli istiqamətdə aparılacağını vurğulayıb. Bu səbəbdən yeni tapıntıların erkən diaqnoz və müalicə üçün çox faydalı olacağını bildirib.

İnformasiya "Webtekno" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".