Unudulmaz mərd oğullar
Region

Unudulmaz mərd oğullar

Vətən müharibəsində şəhid olmuş Zahir Manafov və Tərlan Amanalıyevin Şamaxı rayonunda xatirə kompleksinin açılışı olub. Rayon icra hakimiyyətindən qəzetimizə verilən məlumata görə, tədbirdə rayonun müvafiq orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsinin iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən geniş söhbət açaraq bu misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, şəhidlərimizin xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Tamam Cəfərova Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edərək, Şanlı Zəfər tarixini yazan Vətən oğullarının unudulmaz xatirəsinin əbədi olacağını bildirib.

Şəhidlərin ailə üzvləri çıxışlarında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

Şamaxı Cümə Məscidində şəhid Zahir Manafov və Tərlan Amanalıyevin xatirəsi ehtiramla anılıb, onların ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.

"Respublika".