İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Anna Başta dünya çempionatının gümüş medalını qazanıb

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

Mübarizəyə əsas mərhələdən başlayan milli komandamızın lideri Anna Başta ilk görüşdə qalib gələrək onaltıdabir finala yüksəlib. Bu mərhələdə rəqibini 15:8 hesabı ilə məğlub edən təmsilçimiz səkkizdəbir finalda italiyalı rəqibini mübarizədən kənarlaşdırıb.

Yarımfinalda rəqibi üzərində 15:9 hesablı qələbə qazanan sablyaçımız həlledici görüşdə Yaponiya idmançısı Emura Misaki ilə qarşılaşıb. Rəqibinə 10:15 hesabı ilə uduzan sablyaçımız dünya çempionatının gümüş medalını qazanıb.

 

Xüsusi olimpiyaçı futbolçularımız beynəlxalq turnirin finalında mübarizə aparacaqlar

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlar və qızlardan ibarət futbol komandaları İsveç Krallığının Göteburq şəhərində keçirilən beynəlxalq "Gothia" kuboku turnirində növbəti oyunlarda qələbə qazanaraq final mərhələsinə vəsiqə əldə ediblər.

Oğlanlardan ibarət futbol yığmamız qrupun son matçında Litva yığmasına 4:0 hesabı ilə qalib gəlib.

Qızlardan ibarət yığma komandamız da yeganə divizionun son qrup oyunlarında Belçika yığmasını 1:0 hesabı ilə məğlub edib.

Finalda xüsusi olimpiyaçılarımızın rəqibləri, müvafiq olaraq İtaliya və Belçika yığmaları olacaq.

Azərbaycan millisinin Olimpiya Festivalı üçün heyəti açıqlanıb

İdman gimnastikası üzrə Azərbaycan millisi iyulun 24-30-da Slovakiyada keçiriləcək Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında müiştirak edəcək. Festivalda 50 ölkədən 4 minə yaxın atlet 10 idman növü üzrə iştirak edəcək. Azərbaycan idmançıları festivalda atletika ilə yanaşı, velosiped, tennis, üzgüçülük, cüdo, badminton və gimnastika növlərində təmsil olunacaqlar.

Oğlanların yarışında Ramin Dəmirov, Rəsul Əhmədzadə və Anar Həsənov, qızların mübarizəsində isə Nazənin Teymurova və Duyğu Əlizadə güclərini sınayacaqlar.

 

Bakıda universal döyüş üzrə peşəkarlar arasında reytinq yarışı keçirilib

Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və "Qartal" peşəkar idman klubunun birgə layihəsi olan peşəkarlar arasında reytinq xarakterli yarış keçirilib.

Yeddi çəki dərəcəsi üzrə keçirilən turnirdə ölkəmizin müxtəlif bölgələrinin idman klublarından olan Babək Qəmbədov, Zəfər Abdulrəhmanov, Məhəmmədəli Nuruşov, Miradəm İbrahimov, Məhəmməd Məhərrəmov bütün rəqiblərini məğlub edərək qalib olublar. Qadınlar arasında yarışda isə Nərmin Orucova birinci yeri tutub. Turnirin qalibləri növbəti beynəlxalq yarışlara lisenziya əldə ediblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".