Sağlam Həyat
Maraqlı

Sağlam Həyat

Mütaliə etmək bu xəstəlikdən qoruyur

Yeni bir araşdırmaya görə, qəzet, jurnal, kitab oxumaq beynimizi nə az, nə çox düz 13 il gəncləşdirə bilər. Belə ki, ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları cinsindən asılı olmayaraq, mütəmadi şəkildə mütaliə edən insanların demansa düçar olma riskinin aşağı olduğunu iddia edirlər.

"Neurology" jurnalında dərc edilən xəbərə görə, zehni aktivlik insanlara uzunmüddətli idrak ehtiyatı qazandırır. Elm adamları daha böyük idrak ehtiyatı olan insanların yaşlandıqca beyinlərində meydana gələn dəyişikliklərə baxmayaraq, gözləniləndən daha sürətli düşünmə performansı nümayiş etdirdiklərini söyləyirlər.

Sınaqlara qatılan 76 yaşdan yuxarı 758 iştirakçının bəzisində təfəkkür və yaddaşla bağlı problemlər olmasa da, bəzilərində yüngül koqnitiv pozğunluq, bəzilərində isə demans xəstəliyinin əlamətləri müşahidə olunub. Beyinləri skan edilən respondentlərin düşünmə sürəti və yaddaş bacarıqlarının yoxlanılması məqsədilə xüsusi testlər keçirilib. Bilavasitə onlardan son bir neçə il ərzində hər hansı bir qəzet, jurnal və ya kitab oxuyub-oxumadıqları barədə anketlərin doldurulması istənilib. Nəticədə mütaliə vərdişləri olan insanların düşünmə qabiliyyətinin digərlərinə nisbətdə ortalama hesabla 13 il cavanlaşdığı məlum olub. Nəticələri cinslərə görə qiymətləndirən elm adamları, mütaliənin qadınların beynini 10, kişilərin beynini isə 17 il gəncləşdirdiyini ortaya çıxarıblar.

Tədqiqat rəhbəri dr. Judy PA Alzheimer xəstəliyinin müalicəsinin olmaması baxımından onun inkişafının qarşısının alınmasında bu strategiyanın mühüm rol oynadığını söyləyir.

 

Həm susuzluğumuzu yatırır, həm də...

Xüsusilə isti yay aylarının vazkeçilməz içkilərindən olan kefir ilk növbədə bədənin suya olan ehtiyacının ödənilməsində, o cümlədən bir çox möcüzəvi faydaları ilə məşhurdur. İnək, qoyun, yaxud keçi südündən xüsusi maya növü ilə hazırlanan, dad və tutarlılıq baxımından ayrana bənzəyən kefir Qafqazda ən geniş yayılmış içki növüdür. Amma artıq adını dünyaya eşitdirməyə başlamışdır. Son dövrlər aparılan araşdırmalara görə, uzunömürlülüyün "açarı", gənclik iksiri adını alan bu qida min bir dərdin əlacı hesab edilir.

Süddən fərqi həzmə köməkçi olan bakteriyalarla zəngin olmasıdır. Qısa müddətdə bağırsaqların fəaliyyətini yaxşılaşdıran kefir sağlamlığa yararlı olan bir çox vitamin və mineral baxımından da zəngindir. B12, B1, biotin, A, C, K, E vitaminləri, həmçinin kalsium, maqnezium, fosfor, sink, fol turşusu kimi bir sıra vacib minerallarla zəngin olan bu dəyərli içki, həzm sistemi pozğunluğundan əziyyət çəkənlər, qəbizlikdən şikayət edənlər üçün ideal seçimdir. Belə ki, həzm sistemində mövcud bakteriya və mikrobların təmizlənməsinə köməkçi olur, mədə xorasına səbəb olan "helikobakter" adlı bakteriyanı öldürür. Tərkibindəki yüksək kalsium və maqnezium isə sümük sağlamlığının qorunmasında effektiv vasitədir. Antibiotik xüsusiyyəti ilə də seçilən kefir, immunitet sistemini gücləndirməklə yanaşı, həm də iltihabın qarşısını alır.

Mütəxəssislər davamlı olaraq kefir içən insanlarda xərçəng şişinin inkişafının mümkünsüz olduğunu deyirlər. Qeyd edək ki, kefir xərçəngdən qoruyan qidalar siyahısında yer alır.

1 stəkan kefirdə təxminən 150 kalori var. Zülal baxımından olduqca zəngin olan kefirdən gündə 1 stəkan içərək gündəlik A vitamini ehtiyacının 10 , kalsium 30, C vitamini ehtiyacının isə 4 faizini qarşılamaq olar. Odur ki, nəinki yay aylarında, ilin bütün fəsillərində özünüzü bu dəyərli içkidən məhrum etməyin.

İnformasiya "Sözcü" qəzetində yayımlanıb.

 

Daim formada qalanların sirri

Elə insanlar var ki, el arasında deyildiyi kimi "nə qədər yesə də bir dəri, bir sümükdür". Bu cür insanlar gün ərzində istehlak etdikləri qidanın kalori dəyərindən asılı olmayaraq, daim formada qalmağı bacarırlar. Yəqin ki, aranızda belələrinə qibtə edənlər də az deyil. Elələri də var ki, azacıq qida onlarda çəki artımına səbəb olur. Heç düşünmüsünüzmü bunun səbəbi nə ilə əlaqədardır?

Son zamanlar bu mövzu elm dünyasının da marağına səbəb olub. Belə ki, alimlər arıq insanların formada necə qala bildiklərini müşahidə edərək uzun müddət ərzində müxtəlif yönlü araşdırmalar aparıblar.

Nəticədə onların daha az yemək yedikləri və istirahətdə belə çox enerji sərf etdikləri üzə çıxıb. Bundan əlavə, tədqiqatçılar az çəkili insanların normal bədən kütləsi indeksinə malik olanlardan heç də cəld olmadığını, lakin onlarla müqayisədə daha aktiv maddələr mübadiləsinə sahib olduqlarını aşkar ediblər.

"Cell Metabolism" jurnalında yayımlanan araşdırmaya görə, bir qrup çinli alim bədən kütləsi indeksi (BMI) 18,5-dən aşağı olan 150 sağlam insanı müşahidə edərək, iki həftə ərzində onları 21,5 ilə 25 arası BMI-ə sahib olan 173 nəfərlə müqayisə ediblər.

"Bu insanların həqiqətən aktiv olduqlarını və onların çox yemələrinə rəğmən həm də sürətli maddələr mübadiləsinə sahib olduqlarını zənn edirdik. Ancaq nəticələr bizim üçün əsl sürpriz oldu. Adətən arıq insanların kilo almadan istədiklərini yeyə biləcəyinə inanırıq. Lakin onlarda tamamilə fərqli bir proses gedir. Belə ki, bu insanlarda tiroid hormonunun səviyyəsi yüksək olduğu üçün istirahət zamanı da onlarda maddələr mübadiləsi sürətlə gedir", - deyə Aberdin Universitetinin professoru Con Speakman izah edib.

 

Depressiyadan qurtulmağın ən təbii yolu

Depressiya və ya depressiv pozuntu günümüzün ən çox yayılan xəstəliklərindən biridir. Əfsuslar olsun ki, son zamanlar bu xəstəlik xüsusilə yeniyetmələr və gənclər arasında daha çox özünü büruzə verir. Belə bir problemlə qarşılaşan insanlar adətən çarəni sakitləşdirici dərmanlarda tapır. Yəqin ki, bu məqsədlə qəbul edilən həblərin yan təsirlərindən söhbət açmağa gərək yoxdur. Ancaq son bir araşdırmaya görə, elm adamları bu xəstəliyin qarşısını almağın ən təbii yolunu tapıblar. Belə ki, alimlər gün ərzində daha çox meyvə istehlakı ilə depressiyanın qarşısını almağın mümkün olduğunu söyləyirlər.

İngiltərənin Aston Universitetinin alimləri qidalanma vərdişlərinin psixi sağlamlığa necə təsir etdiyini öyrənmək məqsədilə təxminən 430 nəfər iştirakçı arasında sorğu keçiriblər. "Daily Mail"də yer alan xəbərə görə, hər gün meyvə istehlak edən insanların depressiyaya düşmə ehtimalının daha az olduğu məlum olub. Qeyd edək ki, gündəlik qida rasionunda "fast food" qidalara üstünlük verənlərdə isə bunun tam əksi ortaya çıxıb. Tədqiqatçılar bunun meyvələrin tərkibindəki beynin fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən antioksidantlar, lif və mikroelementlərdən qaynaqlandığını deyirlər. Qeyd edək ki, elm adamları meyvənin nəinki beyin sağlamlığına, ümumilikdə orqanizmə yararlı olması baxımından çiy halda istehlakını tövsiyə edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".