İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

MMA döyüşçümüzün "Bellator"da debütü uğurlu alınıb

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan "Bellator"da debüt edib.

ABŞ-ın paytaxtı Vaşinqtonda rinqə çıxan idmançımızın rəqibi yerli MMA döyüşçüsü Sidney Autlou olub.

T.Musayev elə ilk raundda məşhur döyüşçünü nokauta salıb. Görüş cəmi 27 saniyə çəkib.

 

Şahmatçımız beynəlxalq turnirin qalibi olub

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İsveçrənin Bill şəhərində təşkil olunan beynəlxalq şahmat festivalının qalibi olub. Festivalda ümumilikdə 114 şahmatçı iştirak edib.

Sonuncu turda yarışın iki lideri - həmyerlimiz Məhəmməd Muradlı və FIDE təmsilçisi Kiril Alekseyenko qarşılaşıb. Görüş heç-heçə ilə başa çatıb. Yekunda 7 xal qazanan şahmatçımız əlavə göstəricilərə əsasən yarışın qalibi olub.

 

Şəhriyar Məmmədyarov rapid yarışında yeddinci yeri tutub

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə "Grand Chess Tour" seriyasının 3-cü mərhələsinin rapid yarışı başa çatıb.

Turnirdə iştirak edən Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov 3 turda iştirak edib. O, fransalı şahmatçı Maksim Vaşye-Laqrava uduzub, ABŞ təmsilçiləri Leyner Dominqes, Uesli So ilə heç-heçə edib.

Yekun nəticələrə görə, Ş.Məmmədyarov 9 xalla yeddinci yeri tutub.

 

Xüsusi olimpiyaçı futbolçularımız beynəlxalq turnirdə qələbə qazanıblar

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlar və qızlardan ibarət futbol yığma komandaları İsveç Krallığının Höteburq şəhərində keçirilən beynəlxalq "Gothia" kuboku turnirinin qalibləri olublar.

Qrup oyunlarında bütün rəqiblərini məğlub edən oğlanlardan ibarət yığma komandamız final mərhələsində İtaliya yığma komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək turnirin çempionu adını qazanıb.

Qızlardan ibarət yığma komandamız da qrup oyunlarında qələbə qazanıb. Final mərhələsində isə Belçika yığma komandasını 1:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".