İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Cüdoçumuz Avropa kuboku yarışında gümüş medal qazanıb

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa kuboku turnirində təmsilçimiz Samir Piriyev finala vəsiqə qazanıb.

66 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən gənclərdən ibarət yığma komandamızın üzvü qızıl medal uğrunda israilli idmançı Eran Fiksə məğlub olaraq gümüş medala sahib olub.

 

Azərbaycan millisi dünya çempionatında altıncı olub

Qadın sablyaçılardan ibarət Azərbaycan milli komandası Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatında altıncı yerdə qərarlaşıb.

Sonuncu yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv sonuncu qarşılaşmada Almaniya sablyaçılarına 41:45 hesabı ilə məğlub olub.

Komandamız ümumi sıralamada altıncı olub.

 

 

Atçılığın konkur növü üzrə paytaxt turnirinin qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında Gənclər və İdman Nazirliyinin yaranmasının 28-ci ildönümü münasibətilə atçılığın konkur növü üzrə paytaxt turniri keçirilib.

60-80 santimetr hündürlükdə maneələri dəfetmə üzrə yarışda "Valonka" ləqəbli atla Məryəm Lütvəlibəyova birinci olub. 100-105 santimetr hündürlükdə maneələri dəfetmə üzrə yarışda "Alart S" ləqəbli atla Aydan Ağayeva bütün rəqiblərini qabaqlayıb.

Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.

 

Trek velosipedi üzrə ölkə çempionatının qalibləri mükafatlandırılıb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən trek velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub. İyulun 22-dən 24-dək keçirilən çempionatda bütün yaş kateqoriyaları üzrə ümumilikdə 80 idmançı mübarizə aparıb.

Qızlar arasında Ayan Xankişiyeva qrup yarışlarında fərqlənib. Viktoriya Sidorenko isə fərdi ötüşmədə və sprint növü üzrə yarışlarda birinci yerə layiq görülüb.

Oğlanlar arasında Musa Mikayılzadə, Kamran Mirzəxanov və Hüseyn Nərimanov müxtəlif növlər üzrə yarışlarda fərqləniblər.

Qeyd edək ki, yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək. Nəticələr həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".