İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

"Qarabağ" klubu üçüncü təsnifat mərhələsinə yüksəlib

Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

"Letsiqrund" stadionunda oynanılan ikinci təsnifat mərhələsinin cavab oyunu 2:1 hesabı ilə İsveçrə çempionu "Sürix" komandasının xeyrinə başa çatıb.

Bakıda keçirilən ilk qarşılaşma "Qarabağ"ın 3:2 hesabla qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, qalibi müəyyən etmək üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda "Qarabağ"ın oyunçusu Ovusu Kvabenanın vurduğu qol matçın nəticəsini müəyyənləşdirib - 2:2.

Bununla da növbəti mərhələyə yüksələn "Qarabağ" üçüncü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) komandası ilə üz-üzə gələcək.

 

Azərbaycan millisi dünya çempionatında ikinci yeri tutub

İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

 

Millimiz mundialda uğurla çıxış edərək 130 xalla komanda hesabında dünya ikincisi olub. Xalların sayına görə bu nəticə U-17 dünya çempionatları tarixində Azərbaycanın yunan-Roma güləşində yeni rekorddur.

Yarışda iştirak edən millimizin 10 idmançısından 7-si fəxri kürsüyə qalxıb. Romada Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) isə bürünc medal qazanıblar.

 

Cüdoçumuz Yay Olimpiya Festivalında qızıl medal qazanıb

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında Azərbaycan cüdoçusu Fidan Əlizadə qızıl medal qazanıb.

Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız finalda niderlandlı Yuliya Berskensə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın festivalda ilk qızıl medalıdır.

Digər təmsilçimiz Aydan Vəliyeva (52 kq) isə bürünc medal uğrunda qarşılaşmada böyük britaniyalı Şarlotta Cenmana qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 cüdoçusu Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanmışdı.

Nərgiz İSMAYILOVA,

 "Respublika".