Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Mixail Lomonosov

Mixail Lomonosov - beynəlxalq səviyyəli ilk rus alimi, ensiklopediyaçı, kimyaçı, fizik, astronom, geoqraf, şair, rəssam, tarixçi... Bəlkə də bir az dərinə getsək bu siyahını daha da uzatmaq olar. Bu dahi şəxsiyyətə mübaliğəsiz olaraq "universal adam" və yaxud "super qəhrəman" titulunu versək, yanılmarıq. Bir çox dahilərin həyatı kimi, Lomonosovun da həyatı sirlərlə zəngindir.

Qəribədir ki, heç kim onun nə vaxt doğulduğunu bilmir. Lomonosovun doğum tarixi ilə bağlı heç bir sənəd saxlanılmayıb. Kəndli ailəsində dünyaya gələn Lomonosovun atası dənizçi idi. İki gəmiyə sahib idi və balıq tutaraq ticarət edirdi. Uşaqkən atası ilə tez-tez balıq tutmağa gedən gələcəyin alimi, sonralar boş vaxtlarını daha məhsuldar işlərə sərf etdi. Mütaliə edərək bir çox elmlərə yiyələndi.

Deyilənlərə görə, alim qurman olub. Hətta işlədiyi ərəfədə belə dayanmadan nə isə yeyirmiş. Ətrafdakılarda zahirən mülayim təəssürat yaradan Lomonosov, əslində təbiətcə çox aqressiv və davakar biri olub. Onu özündən çıxarmaq elə də çətin olmayıb. Hətta bir dəfə alman akademiki ilə aralarında yaranan mübahisənin sonu akademikin burnunun sınması ilə nəticələnir. Hələ bu harasıdır, küçə döyüşlərində də adı tez-tez hallanan alim, buna görə həbsxanaya da düşübmüş.

Onun ikinci bir həbsxana macərası isə Almaniyada işlədiyi dövrdə almanların rüşvətxorluğunu ifşa etməklə bağlıdır. Lomonosov bunu bacara bilmədiyini görəndə yumruqlarını işə salmaqdan çəkinmir. Bu mübahisələrdən birinə görə, hətta onu bir neçə aylıq həbsxanaya da salmışdılar. Vəziyyət o qədər ciddi hal almışdı ki, həbsxanadan çıxmasına Yelizaveta Petrovna yardım etmişdi.

Maraqlıdır ki, alim uzun müddət vaxtı bitmiş şəxsiyyəti təsdiq edən sənədlə yaşayıb. Tez-tez xarici dövlətlərə səfər edən Lomonosovun bunu necə bacara bildiyi hələ də müəmma olaraq qalır...

Daim borc alaraq dolanan, pul sarıdan çox əziyyətlərə düçar olan alimin evlənməsi tamamilə təsadüf nəticəsində baş tutur. Belə ki, Rusiyada özünə uyğun qazanc müəssisəsi tapmayan Lomonosov dördillik dövlət təcrübəsi üçün Almaniyaya üz tutur. Marburqda pivəçi bir dul qadının evində kirayədə qalan alim günlərin birində onun qızı ilə rastlaşır. Lomonosovun qadının qızından o qədər xoşu gəlir ki, onunla görüşməyə başlayır. Hətta bu yaxınlıq qızın tezliklə hamilə qalması ilə nəticələnir. Qız vəziyyəti bildirdikdə isə Lomonosov onunla evlənməyə qərar verir. Sonralar bu evlilikdən onun daha 3 övladı da dünyaya gəlir. Alim ömrünün sonuna qədər həyat yoldaşına sadiq qalır. Onu bəzi məşhur şəxsiyyətlərdən fərqləndirən ən böyük cəhətlərindən bir də elə bu idi.

Alimin ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Ən çox üzərində durulan versiya isə onun dueldə öldürülməsi ilə bağlıdır. Lakin bu da həqiqəti əks etdirmir. Əslində alim 54 yaşında sətəlcəmdən dünyasını dəyişib.

 

Silviya Plat

"Heç kimdən bir şey gözləmə. Beləcə, xəyal qırıqlığına uğramazsan". Belə deyərdi böyük məhəbbətin qurbanı...

Müasir Amerika poeziyasının ən böyük simalarından biri hesab edilən Silviya Plat gənc ikən dünyadan köçən dahilərdəndir. Bir çox yazıçının ilham mənbəyi olan Silviya qısa və faciəli həyat hekayəsi ilə hələ də oxucularda maraq doğurur və müzakirə olunur. Onun yazı üslubu özünəməxsus duyğusallığı, bədbinliyi və kövrəkliyi ilə seçilir. Nəşr olunan ilk romanı "Şüşə qapaq altında" - elə sonuncu romanı olub. Gənc yazıçı əsərin nəşrindən bir ay keçməmiş intihar edib...

Yazıçı hələ uşaqlıq illərindən həyatının sonuna qədər emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdən - bipolyar pozuntudan əziyyət çəkib. Deyilənlərə görə, xəstəliyinin səbəbi uşaqlıqda yaşadığı travmadan qaynaqlanır. 8 yaşında ikən çox sevdiyi atasını itirən Silviya uzun müddət onun yoxluğunu qəbul edə bilmir. Üstəlik atasının sərt davranışları balaca Silviyanın psixikasında silinməz izlər buraxır.

Həyatının böyük bir hissəsini depressiv vəziyyətdə keçirən Plat üçün elektroşok müalicəsi məsləhət görülür. Bir neçə dəfə intihara cəhd edən Plat daha altı ay davam edən elektroşok və insulin müalicəsi ilə cəmi 10 il yaşaya bilir.

Plat həyatının məhəbbəti, ingilis əsilli şair, yazıçı və uşaq ədəbiyyatçısı Ted Hyuzla tanış olur. Az sonra bu tanışlıq evliliklə bitir. O, Silviya üçün həm bir qaçış, sığınma nöqtəsi, həm də ağrılı bir təcrübə olacaqdı... Silviya taleyindən xəbərdarmış kimi hələ o zaman Ted haqqında bir şeirində yazırdı: "Bir gün mənim ölümüm də onun əlindən olacaq...".

Cütlüyün iki övladı olsa da, əri Silviyaya tez-tez xəyanət edir. Onunla evləndikdən sonra Silviya yaradıcılıq baxımından xeyli geriləyir. Həyatının eşqi ilə evləndiyini zənn edərkən, bir müddət sonra evdə uşaqlarına baxan, kənarda ona xəyanət edən ərini dörd gözlə gözləyən bir evdar qadına çevrildiyini anlayır. Hətta bir dəfə ərini bir qadınla yaxalayan Plat qısqanclıqdan onun yanağını da dişləmişdi. Ərdə olduğu müddətdə elə gün olmazdı ki, o qısqanclıq krizləri keçirməsin. Bir müddətdən sonra ərinin xəyanətləri onun səbir kasasını daşırır və ayrılmağa qərar verir.

31 yaşı vardı... Yaradıcılıq eşqinin qaynadığı dövr idi. Şairə tezliklə dünya ilə vidalaşacağını sanki bildiyindən ciddi cəhdlə yazırdı. Artıq yarıavtobioqrafik, həyatı ilə bağlı müəyyən bənzərlik təşkil edən "Şüşə qapaq altında" romanı da nəşrə hazır idi. İki uşaq anası olsa da, vaxt tapıb şeirlər yazır və Amerikanın parlayan günəşi artıq tanınmağa başlayırdı. Lakin o, bir andaca bütün bunlara son verdi. Qayğıkeş ana ölümünü dəqiqliklə hazırlamışdı: əvvəlcə uşaqları üçün səhər yeməyi hazırlayır, sonra mətbəxə keçib dəsmalı isladaraq qapının altına dürtür. Sobanın bütün gözlərini açıq qoyduqdan sonra yuxu həbləri içərək dərin bir yuxuya gedir…

Qeyd edək ki, bu faciədən sonra Ted Hyuzun adı şairlikdən başqa, qadın düşməni kimi də tarixə yazılır.

 

Riçard Fillips Feynman

XX əsrin önəmli fiziklərindən, kvant elektrodinamikasının banilərindən biri olan Nobel mükafatı laureatı Riçard Fillips Feynman daha çox atom bombası üzərində araşdırmaları ilə yaddaşlarda qalıb. Normal şərtlərdə atom bombası ilə bağlı araşdırmalar aparan bir insanın yəqin olduqca ciddi və ağırtəbiətli olduğunu düşünürsünüz. Lakin Feynman çox böyük yumor hissinə malik, zarafatcıl biri idi. O, atom bombası ilə bağlı gizli araşdırmalar aparmaq üçün öz qurduğu sistemlərə başqa bir adla girərək, həyəcan siqnalının işə düşməsinə səbəb olub. Təbii ki, bu hadisə onun digər yoldaşlarını çox qorxudub.

Zəngin bir yəhudi ailəsində dünyaya göz açan Riçard ilk işinin öhdəsindən hələ 13 yaşında ikən radioqəbulediciləri təmir etməklə gəlibmiş. Atası Riçardın dünyaya gəlməsindən öncə oğlunun alim olacağını hiss etmişdi və bütün qəlbi ilə buna inanırdı. Hələ kiçik yaşlarından oğlunu sərgilərə aparan ata oradakı illüziyaları səbirlə ona izah etməkdən yorulmurdu. O, hər vəchlə körpə Riçarda onu əhatə edən dünyanı dərk etməyə sövq edirdi. Düzdür, Riçard böyüyüb atasının ondan gözlədiyi zirvəni fəth etdi, onu qürurlandırdı. Lakin oğlunun evliliyi atanın bütün xəyallarını yerlə bir etdi...

Aspiranturada oxuduğu müddətdə Feynman on üç yaşından aşiq olduğu və on doqquz yaşında isə nişanlandığı Arlin Qrinbaumla evlənir. Nikahdan bir az əvvəl Arlin ölümcül vərəm xəstəliyinə yoluxur. Feynmanın valideynləri bu evliliyə qəti etirazlarını bildirsələr də, o, öz bildiyi kimi hərəkət edir. Nikah mərasimi Los-Alamosa getdikləri qatarda baş tutur. Şahidlər küçədən keçən təsadüfi adamlar olur, qohumlardan isə heç kəs mərasimdə iştirak etmir. Toydan sonra Feynman sevdiyi qadının qayğısına nə qədər qalsa da, təəssüf ki, onu ölümün cəngindən qurtara bilmir. Qadın ərinin qollarında can verir...

İllərlə sevdiyi qadının ölümü alimə o qədər pis təsir edir ki, o, uzun müddət ağır depressiyaya düşür. Hətta bir müddət elmdən də kənarlaşır. Həyat yoldaşının ölümündən 16 ay keçəndən sonra Riçard ölmüş arvadına bir məktub yazmaq qərarına gəlir. O, ürək sözlərini bu məktuba yazır və kağızı zərfə yerləşdirir. Həyat yoldaşının heç vaxt oxuya bilməyəcəyi bu məktub alimin ölümündən 43 il keçdikdən sonra açılır. Məlum olur ki, xanımına ünvanladığı o saralmış və əzilmiş zərfi zavallı alim ömrünün sonunadək cibində gəzdiribmiş...

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən alim 69 yaşında dünyasını dəyişir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".