İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Cüdoçumuz gümüş medal qazanıb

Azərbaycan komandası Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında daha bir medal qazanıb.

Komandamızın üzvü 81 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz İsmayıl Zamanov gümüş medala sahib olub. Bundan əvvəl cüdoçularımız festivalda 1 qızıl, 3 gümüş, 1 bürünc medal əldə ediblər.

Bu nəticə ilə Azərbaycan komandası ümumi komanda hesabında ikinci sırada qərarlaşıb.

 

Taekvondoçumuzdan tarixi qələbə

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi davam edir. Komandamızın üzvü Mehdi Budaqlı (33 kq) ölkəmizin taekvondo tarixinə düşüb. İdmançımız mundialda keçirdiyi 6 döyüşün hamısını qələbə ilə başa vuraraq, yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu tituluna sahib olub.

Bütün mərhələlərdə uğurla çıxış edən taekvondoçumuz final mərhələsində 2:0 hesablı qələbə ilə mundialın qızıl medalını qazanıb.

Bununla da, 14 yaşlı taekvondoçu tarixi uğurumuzu rəsmiləşdirib. O, dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Azərbaycan güləşçisi dünya çempionu olub

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatında qızlardan ibarət millimiz uğurla çıxış edib.

Millimizin üzvü Elvina Kərimzadə (43 kq) bürünc medal qazanıb.

Çempionatda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova ardıcıl ikinci dəfə U-17 dünya çempionatının finalına yüksəlib. Ruzanna Məmmədova həlledici görüşdə yaponiyalı Mihoko Takeuçiylə üz-üzə gəlib. Finaladək bütün rəqiblərinə tam üstünlüklə qalib gələn M.Takeuçi həlledici görüşün ilk hissəsini 3:0 hesabı ilə başa vurub. Ancaq ikinci hissədə əzmkarlıq nümayiş etdirən R.Məmmədova 5:3 hesablı qələbə ilə dünya çempionu olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".