Sağlam həyat
Maraqlı

Sağlam həyat

Pomidorun dadı niyə əvvəlki kimi deyil?

Yəqin ki, son zamanlar bazar piştaxtalarında qarşılaşdığınız pomidorların formaları kimi dadının və rənginin dəyişməsi çoxlarınızı narahat edir. Çox güman ki, aranızda əvvəllər yediyiniz, dadı damağınızda qalan, özünəməxsus ətri və ləzzəti ilə seçilən pomidor üçün darıxanlar da var. Amma təəssüf ki, get-gedə bu tərəvəzin həcminin böyüməsi və dadsızlaşması müşahidə olunur. Üstəlik belə məhsullar uzun müddət xarab da olmur. Bəs bunun səbəbi nə ilə əlaqədardır?

Əslində pomidor istehsalçıları məhsulun keyfiyyətinə deyil, məhsuldarlığı artıran genetik variantlara üstünlük verirlər. Bu səbəbdən də ortaya dadsız, keyfiyyətsiz, həcmi əvvəlkilərdən daha böyük və formaca yöndəmsiz məhsullar çıxarılır. Bundan əlavə, genetik modifikasiya olunmuş bu məhsullar satış rəflərində uzun müddət heç bir zərərə uğramır.

398 pomidor çeşidi üzərində aparılan araşdırma zamanı onlardan yalnız 160-nın özünəməxsus keyfiyyətə, dada və ətrə sahib olduğu üzə çıxıb. Pomidorun dadını ortaya çıxaran kimyəvi maddələri də araşdıran elm adamları ona dad verən 33 komponenti tapıblar. Bu pomidorlar tədqiq edildikdə isə onların 250 ortaq genetik xüsusiyyətə sahib olduğu müəyyən edilib.

Bəzi alıcılar pomidor seçimində qüsursuz və mükəmməl görünüşə daha çox üstünlük verirlər. Halbuki, bu, əslində belə deyil, əksinə, məhsulun özünəməxsus ətrinə və təbii görkəminə diqqət yetirmək tövsiyə edilir.

Nə deyək, hələ ki, bu tərəvəzin əvvəlki dadı damağımızdadır, edilən tövsiyələrə riayət edəcəyik. Amma bu gedişlə bir gün onun dadını tamamilə unuda da bilərik...

İnformasiya "Mühalif" veb saytında yayımlanıb.

 

İsti havalarda nələrə diqqət etməliyik?

M əlumdur ki, havanın hərarətinin yüksəlməsi ilə sağlamlıqla bağlı bir çox şikayətlər ortaya çıxır. Bəs isti yay aylarında bəzi problemlərlə qarşılaşmamaq üçün nələrə diqqət etməliyik? Qısacası, kimlər daha diqqətli olmalıdır?

İsti havalar bədəndən maye, duz və elektrolit itkisinə səbəb olur. Eyni zamanda qan qatılaşır və laxtalanmaya meyilliliyi artır. Bu necə baş verir: dəri orqanizmin temperaturunun tənzimlənməsində, yəni termorequlyasiyada mühüm rol oynayır. Dərinin damarları soyuqda büzüşür, istidə isə genişlənir. Beləliklə, temperatur itkisini azaldır və ya artırır. Bu isə öz növbəsində ürəyin iş yükünü artırır, onun daha çox və sürətli işləməsini tələb edir.

Qeyd olunanları nəzərə alan mütəxəssislər xüsusilə xroniki xəstəlikləri olan insanların temperaturun yüksək olduğu dövrlərdə daha diqqətli olmalarını tövsiyə edirlər. Belə havalardan daha çox azyaşlı uşaqların və yaşlıların təsirləndiyi bildirilir. Xüsusilə yaşlı insanların vücudunda suyun miqdarının az olması səbəbindən qızmar havalarda şəkərli diabet, arterial təzyiqin yüksəlməsi, ürək-damar kimi bir sıra xroniki xəstəliklərlə bağlı şikayətlərə daha çox rast gəlinir. Bu səbəblə də, yaşı 65-dən yuxarı, xüsusi risk qrupunda olan şəxslərin günün qızmar vaxtlarında evdən çıxmamaları məsləhət görülür. Lakin istidən qorunmaq tədbirləri təkcə adıçəkilən kateqoriyalara yox, həm də tamamilə sağlam insanlara da aiddir. Həmçinin açıq havada işləyənlər, qızmar günəş altında istirahət edənlər də günvurma təhlükəsi ilə üz-üzədir. Belə bir təhlükə ilə qarşılaşmamaq üçün isə gün ərzində bol maye qəbulu, az kolorili yeməklər və daha çox meyvə- tərəvəzlərə üstünlük verilməsi tövsiyə edilir. Bilavasitə qoruyucu papaq, açıq rəngli və hava keçirici materiallardan hazırlanmış geyimlərdən istifadə məsləhət görülür.

İnformasiya "Forschung und Wissen" jurnalında dərc edilib.

 

Bunları yeyin və yaşlanmaya meydan oxuyun

Yaşlanma ilə mübarizə aparmaq bəlkə də bütün bəşəriyyətin ən mühüm problemlərindən biridir. Hamımız mümkün olduğu qədər gənc görünməyə çalışırıq. Düzdür, zamanı dayandıra bilməsək belə, genlərimiz gənc qalmağımızı təyin edən ən əhəmiyyətli faktor olsa da, düzgün qidalanmaqla buna nail ola bilərik. Bəs hansı qidalara daha çox üstünlük verməliyik?

Alimlərin gərgin əməyi sayəsində cavanlaşdırıcı təsir göstərən bəzi məhsulların siyahısı hazırlanıb...

Siyahının ən başında yerkökü qərarlaşıb. Bu tərəvəzin tərkibində olan beta keratini bədəndə A vitamininə çevirir. Bunun isə gözlərə faydası olmaqla yanaşı, eyni zamanda dərini qırış və erkən yaşlanma təsirlərindən qoruyur.

Zeytun yağı isə təkcə sağlam qidalanma tərzinin əhəmiyyətli bir parçası deyil, eyni zamanda, dəriyə qulluq baxımından da əhəmiyyətlidir. Bu yağın tərkibində olan alfa-linolenik turşusu dərini nəmləndirməklə, yaşlanmanın qarşısını alır.

Pomidor sağlamlığınız üçün çox əhəmiyyətli qidalardan biridir. Tərkibinə yüksək miqdarda vitamin A, C və fol turşusu daxildir. Eyni zamanda, pomidora qırmızı rəng verən likopen güclü bir antioksidant təsiri ilə dərini ultrabənövşəyi şüalardan qoruyur.

Yağlı balıqlar tərkibindəki omeqa-3 turşuları ilə bədən hüceyrələrinin yenilənməsində güclü təsirə malikdir.

C vitamini və fol turşusunun ən əhəmiyyətli qaynağı olan sitrus meyvələri qan dövranı, ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək etməklə yanaşı, bədəndə detoks təsiri yaradır. Sarımsaq da infeksiyaların qarşısını alaraq yaşlanma əleyhinə güclü təsir göstərir.

Qara şokolad isə tərkibindəki flavanoidlər sayəsində həm dərini ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyur, həm də sərbəst radikallarla mübarizə apararaq nəmlilik miqdarını tarazlayır.

İnformasiya "Apetite" jurnalında nəşr olunub.

 

Saç tökülməsinin çarəsi tapıldı?

M ilyonlarla insanın probleminə çevrilən saç tökülməsinin müalicəsi tapılmış kimi görünür. Belə ki, elm adamları saç tökülməsinə səbəb olan ptoteini kəşf etdiklərini iddia edirlər. Hətta onlar saçları tökülmüş insanları müalicə edə biləcəklərini söyləyirlər.

Həm kişilərdə, həm də qadınlarda rast gəlinən keçəlləşmə problemi adətən irsi xarakter daşısa da, vücudda baş verən bəzi dəyişiklər səbəbindən də meydana gəlir.

Kaliforniya Universitetinin alimləri kimyəvi maddələrin yüksək konsentrasiyasının saç köklərini məhv etdiyini ortaya çıxarıblar. Araşdırmaya görə, nisbətlərin düzgün səviyyədə saxlanılmasına nəzarət etməklə, yeni saçlar əmələ gələ bilər. Tədqiqatçılar TGF-beta adlı zülalın saç follikulunun inkişaf etməsini idarə etməklə yanaşı, eyni zamanda onun məhvinə də səbəb ola biləcəyini deyirlər. Bu səbəbdən alimlər zülalın səviyyəsinə nəzarət etməklə, saç tökülməsinin qarşısını ala biləcəklərinə inanırlar.

TGF-beta, ağ qan hüceyrələri də daxil olmaqla, bədənin bir çox hüceyrəsi tərəfindən ifraz olunan böyümə stimullaşdırıcı kimyəvi maddədir.

"Bir saç kökü özü-özünü məhv etsə də, kök hüceyrə anbarını heç vaxt məhv etmir. Sağ qalan hüceyrələr yenilənmə siqnalını qəbul etdikləri zaman bölünərək, yeni follikul əmələ gətirir. Yeni araşdırmamız bizi kök hüceyrə davranışını öyrənməyə daha da yaxınlaşdırır və onlara nəzarət etməklə saç tökülməsinin qarşısını ala biləcəyimizi vəd edir", - deyə tədqiqat rəhbəri dr. Qixuan Wang qeyd edib.

İnformasiya "MedicalXpress" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".