DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

LAVROV VƏ BLINKEN ARASINDA TELEFON DANIŞIĞI BAŞ TUTUB

Amerika tərəfinin təşəbbüsü ilə cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Məlumata əsasən, xarici işlər nazirliklərinin rəhbərləri danışıqlar zamanı Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər. Həmçinin, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində vəziyyət nəzərdən keçirilib.

Bildirilir ki, Entoni Blinkenə bu il iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanmış sənədlərin təfərrüatları barədə məlumat verilib.

Verilən xəbərə görə, Birləşmiş Ştatların dövlət katibi rusiyalı nazirə Ukrayna regionlarının Rusiya Federasiyasının tərkibinə daxil olacağı təqdirdə ABŞ-ın əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə xəbərdarlıq edib.

Eyni zamanda tərəflər ABŞ və Rusiyada həbsdə olan Rusiya və Amerika vətəndaşlarının mübadiləsi imkanlarını müzakirə ediblər.

 

BÖYÜK BRİTANİYADA  ELEKTRİK ENERJİSİ İLƏ BAĞLI BÖHRAN YAŞANA BİLƏR

Rusiyadan enerji tədarükünün azalması səbəbindən Böyük Britaniyada bu qış elektrik enerjisi ilə bağlı gərgin dövr ola bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Telegraph” nəşri Britaniyanın “National Grid” enerji sisteminin operatoruna istinadən məlumat yayıb.

Nəşrin verdiyi xəbərə görə, Britaniyanın “National Grid” operatoru illik qış elektrik enerjisi tədarükünün proqnozunda bildirib ki, “bu qış qitədən enerji ötürən sualtı kabellərdən istifadə etməyə ümid edir, lakin dekabrın əvvəlində hətta bu cür dəstəklə “gərgin” dövrlər haqqında xəbərdarlıq edib”.

Eyni zamanda, nəşr qeyd edir ki, Böyük Britaniya gələn qışda işıqlandırmanı dəstəkləmək üçün daha çox idxal olunan enerji mənbələrinə etibar etmək niyyətindədir.

Xatırladaq ki, “Yahoo News Japan” portalı bu günlərdə qışın Avropanın iqtisadiyyatı və birliyi üçün həlledici dövr olacağını bildirərək, bu ilin əvvəlindən Avropada qazın qiymətinin iki dəfədən çox artacağını qeyd etmişdi.

 

İRAQDA ETİRAZÇILAR YENİDƏN PARLAMENT BİNASINA HÜCUM EDİBLƏR

İraqın paytaxtı Bağdadda siyasi xadim Müqtəda əs-Sədrin tərəfdarlarının etiraz aksiyaları davam edir. “Trend” agentliyinin məlumatına görə, Məhəmməd Şiyah əs-Sudaninin namizədliyinin baş nazir vəzifəsinə irəli sürülməsinə etiraz edən aksiya iştirakçıları səsvermənin keçirildiyi parlament binasına daxil olublar.

Bildirilir ki, təhülkəsizlik qüvvələri etirazçıların qarşısını gözyaşardıcı qaz vasitəsilə almağa çalışsa da, bir qrup şəxs binaya daxil olmağı bacarıb.

Bundan öncə, etirazçılar Konstitusiya Məhkəməsinin binasına daxil olmağa cəhd göstərmişdi. İlkin məlumatlara əsasən, baş verən iğtişaşlar zamanı azı 4 nəfər xəsarət alıb.

Xatırladaq ki, etirazçılar bir neçə gün əvvəl parlament binasına daxil olsalar da, Müqtəda əs-Sədrin çağırışından sonra binanı tərk etmişdilər.

 

İRANDA İSVEÇ VƏTƏNDAŞI CASUSLUQ İTTİHAMI İLƏ HƏBS OLUNUB

İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi İsveç vətəndaşını casusluq ittihamı ilə həbs edib. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “İran international” telekanalı yayıb.

Bildirilir ki, adı açıqlanmayan həmin şəxs bir neçə dəfə İrana səfər edərək müxtəlif şəhərlərə, o cümlədən turizmə aidiyyəti olmayan ərazilərə gedib.

Nazirlik iyulun 30-da yaydığı məlumatda qeyd edib ki, İsveç vətəndaşı həmin səfərləri zamanı İranda nəzarət altında olan şübhəli avropalı və qeyri-avropalılarla görüşlər keçirib.

Qeyd edək ki, iyulun 14-də İsveç məhkəməsi İran əsilli keçmiş prokuror köməkçisi Həmid Nuri barəsində ömürlük həbs qərarı çıxarıb. İsveç vətəndaşının casusluqda ittiham həbsi bu hadisə ilə əlaqələndirilir.

 

MACARISTAN Aİ-NIN  QAZ EMBARQOSUNA QARŞIDIR

Macarıstan Aİ-nin Rusiya qazına tətbiq etdiyi embarqoya qarşı çıxmağa davam edir. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

Baş nazir qeyd edib ki, rəsmi Budapeşt bu məsələdə tək deyil: “Hazırda qaz embarqosu adlı divarla üz-üzəyik. Mən Avropa İttifaqı ölkələrinə bu divara çırpılmamağı təklif edirəm, bu məsələdə mən tək deyiləm”.

Qeyd olunur ki, Avstriya kansleri Karl Nehammer baş naziri dəstəkləyib və əlavə edib ki, Rusiyadan qaz embarqosu mümkün deyil, çünki bu yolla Aİ özünə zərər verəcək.

Xatırladaq ki, iyulun 1-də Viktor Orban bildirib ki, Macarıstan Rusiyadan qaz itkisinə səbəb ola biləcək təklifləri müzakirə etməyəcək.

Eyni zamanda, iyulun 14-də Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto vurğulayıb ki, ölkə Rusiya qazına embarqonu müzakirə etməyə hazır deyil və “Qazprom”, eləcə də “Qazprombank”a qarşı sanksiyaları dəstəkləməyəcək.

 

UKRAYNA ORDUSU XERSON VİLAYƏTİNDƏ DAHA BİR KÖRPÜNÜ SIRADAN ÇIXARIB

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Rusiya ordusunun nəzarəti altında olan ərazidəki daha bir körpüyə zərbə endiriblər. “Report”un məlumatına görə, bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı açıqlama yayıb.

Verilən xəbərə əsasən, Ukrayna hərbçiləri Antonov körpüsünün yaxınlığındakı dəmiryol körpüsünə zərbə endiriblər.

“İşğal olunan ərazilərdə əsas nəqliyyat marşrutlarına açılan atəşin nəticələri göstərir ki, artıq Dnepr çayı üzərindən dəmiryol körpüsü ilə hərəkət etmək mümkün deyil”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, iyulun 27-də Ukrayna hərbi qüvvələri Xersonda Antonov körpüsünə zərbə endirdikdən sonra bu yol bağlanıb.

 

ABŞ KONQRESİ AVTOMAT SİLAHLARIN QADAĞAN EDİLMƏSİNƏ SƏS VERİB

ABŞ Konqresi avtomat və yarımavtomat silahların qadağan edilməsinə dair qanun layihəsini ilk oxunuşda qəbul edib. Bu barədə “APA” agentliyi məlumat yayıb.

Bildirilir ki, qanun layihəsi 217 səs lehinə, 213 səs əleyhinə olmaqla qəbul edilib. Lakin layihənin Senatdan keçəcəyi ehtimalı azdır. Bunun üçün 50 demokratla yanaşı, azı 10 respublikaçı layihənin lehinə səs verməlidir.

Xatırladaq ki, bir müddət öncə orta məktəbdə baş verən atışmadan sonra Cozef Bayden Konqresə odlu silah almaq üçün yaş həddinin 21-ə qaldırılmasını təklif etmişdi.

Qeyd edilir ki, odlu silahların qadağan edilməsinə cəhdlər indiyədək ciddi nəticə verməyib. Əksər deputatlar qadağanın Konstitusiyaya zidd olduğunu iddia edirlər.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".