DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN ORDUSU TAYVAN ADASINI MÜHASİRƏYƏ ALIR

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-də Tayvana səfəri Birləşmiş Ştatlar və Çin arasında gərginliyi pik həddə çatdırıb. Çin Xalq Azadlıq Ordusu Tayvan adasının ətrafında bir neçə ayrı bölgədə hərbi təlimlər keçirəcəyini açıqlayıb. “Report”un xəbərinə görə, bu barədə “Sinxua” dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, adanın ətrafında keçiriləcək təlimlər avqustun 4-dən 7-dək davam edəcək. Həmçinin qeyd olunur ki, Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri Tayvan boğazına “Su-35” qırıcıları göndərib. Həmçinin Çin ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bununla yanaşı, Çin Ordusunun Şərq Zonası Döyüş Komandanlığı açıqlamasında qeyd edib ki, Tayvan ətrafında hərbi əməliyyatlar çərçivəsində nüvə başlıqlı olmayan raketlər sınaqdan keçiriləcək.

Eyni zamanda, Ağ Ev 82 yaşlı siyasətçinin Tayvana səfəri ilə bağlı açıqlama yayıb: “ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Çinin suverenliyinin pozulması deyil. ABŞ Pelosinin Tayvana səfəri zamanı Asiyadakı vəziyyəti yaxından izləyəcək və gərginliyin artması üçün heç bir səbəb görmür”.

 

İRAN YENIDƏN URANIN ZƏNGİNLƏŞDİRİLMƏSİ ÜÇÜN  SENTRİFUQALARI İŞƏ SALIB

İranın Atom Enerjisi Agentliyinin sözçüsü Bəhruz Kamalvəndi yüzlərlə qabaqcıl və yeni nəsil uranın zənginləşdirilməsi üçün sentrifuqaların işə salınması və onlara qaz vurulması üçün göstərişlər verildiyini açıqlayıb. “Teleqraf.com”un xəbərinə görə, Kamalvəndi bu məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə də məlumat verildiyini bildirib.

Mətbuat katibi bu addımın sanksiyaların ləğvi, İranın maraqlarının qorunması və ölkənin ehtiyacı olan həcmdə zənginləşdirmə səviyyəsinə çatdırılması üçün qüvvəyə minmiş “Strateji Fəaliyyət Qanunu”nun icrası istiqamətində atıldığını iddia edib.

Bəhruz Kemalvəndi qeyd edib ki, sentrifuqaların işə salınması 10-15 gün çəkəcək.

Verilən xəbərə, görə bu açıqlamanın nüvə fəaliyyətinə görə İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün aparılan və bir müddətdir dayandırılmış Vyana danışıqlarının yenidən bərpa edilməsinin gündəmə gəldiyi vaxtda verilməsi diqqət çəkib.

 

ALMANİYA YENİ NÖV SİLAHLARIN UKRAYNAYA TƏDARÜKÜNƏ BAŞLAYIB

“Ukraynaya verdiyimiz silahların bəziləri Almaniya Silahlı Qüvvələrinin  silah arsenalına daxil edilməyib”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Almaniya kansleri Olaf Şolts “The Globe and Mail” nəşrinə müsahibəsində bildirib.

Kanslerin sözlərinə görə, Almaniya Ukraynaya bütün növ, o cümlədən yeni, hətta Bundesverə daxil olmayan silah və hərbi texnika tədarük edir.

Bununla yanaşı, Olaf Şolts qeyd edib ki, hazırda Almaniya Ukraynaya daha ağır və bahalı silahların tədarükünə başlayıb. Buraya özüyeriyən haubitsa, reaktiv yaylım atəş sistemi, zenit raket kompleksi, kontr-batareya radarları daxildir.

Kansler həmçinin bildirib ki, ukraynalılar Almaniyada yeni və daha mürəkkəb hərbi təlimlər keçir: “Biz Ukraynaya gələcəkdə də nə qədər lazımdırsa, o qədər yardım edəcəyik”.

Eyni zamnda, Olaf Şolts sonda Almaniyanın Ukraynaya hərbi yardımı azaltması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib.

 

HAKERLƏR 200 MİLYON DOLLAR VƏSAITI OĞURLADI

ABŞ-ın “Nomad” blokçeyn platforması haker hücumuna məruz qalıb. “Trend” agentliyinin məlumatına görə, hakerlər platformada kriptovalyutada olan təxminən 200 milyon dollar məbləğində vəsaiti oğurlayıb.

Qeyd olunur ki, haker hücumu baş verən zaman “Nomad” platformasında elə 200 milyon dollar məbləğində rəqəmsal valyuta olub.

Eyni zamanda, mütəxəssislər haker hücumunun səbəbini “Nomad” platformasının qısa müddət əvvəl yenilənməsi ilə əlaqələndiriblər.

Qeyd edək ki, iyun ayında “Harmony” blokçeyn platforması 100 milyon dollara yaxın kriptovalyutanın hakerlər tərəfindən oğurlandığını bildirmişdi.

 

COZEF BAYDEN “ƏL-QAİDƏ” LİDERİNİN MƏHV EDİLMƏSİNI YÜKSƏK QİYMƏTLƏNDİRİB

ABŞ prezidenti Cozef Bayden “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əl-Zəvahirinin məhv edilməsi əməliyyatının uğurlu olduğunu bildirib. “APA”nın xəbərinə görə, bu barədə Cozef Bayden Ağ Evin eyvanında çıxışı zamanı bəyan edib.

“Missiya uğurlu alındı. Onun ailə üzvlərindən heç biri xəsarət almayıb, mülki əhali arasında itki yoxdur. Mən əməliyyatın tam uğurla keçdiyini bildirirəm”, - deyə prezident vurğulayıb.

Eyni zamanda, Cozef Baydenin sözlərinə görə, terror qruplaşmasının lideri bu ilin əvvəlində Kabildə ABŞ kəşfiyyatı tərəfindən aşkarlanıb. O həmçinin qeyd edib ki, ABŞ heç vaxt Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək.

Verilən xəbərə əsasən, Ağ Ev Ayman əl-Zəvahirinin bazar günü Kabildə pilotsuz təyyarədən endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.

Məlumat üçün qeyd edək ki, Ayman əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.

 

SAAKAŞVİLİ SİYASƏTDƏN GETMƏSİ İLƏ BAĞLI BƏYANATLA ÇIXIŞ EDƏCƏK

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili siyasətdən getməsi ilə bağlı bəyanat yayacaq. “APA”nın xəbərinə görə, bu barədə onun vəkili Valeri Qelbaxiani jurnalistlərə açıqlamasında bildirib.

Vəkil qeyd edib ki, Mixeil Saakaşvili artıq müxalif “Vahid Milli Hərəkat” partiyasının liderləri ilə ünsiyyət saxlamır və sadəcə ailə üzvləri ilə əlaqədədir.

Eyni zamanda, vəkilin sözlərinə görə,  sözügedən qərarın başlıca səbəbi Mixeil Saakaşvilinin səhhətində yaranmış problemlərdir və o, öz həyatını xilas etmək istəyir.

Qeyd edək ki, ötən il sentyabrın sonunda Gürcüstana qayıdan Mixeil Saakaşvili Tbilisidə qaldığı mənzildə həbs edilib. O, həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır.

 

AVROPADA QAZ BÖHRANI DAHA DA DƏRİNLƏŞİR

Avropa İttifaqında enerji böhranı güclənməkdə davam edir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Business Insider” portalı məlumat yayıb.

“Son bir ayda Avropa İttifaqında qazla bağlı vəziyyət sürətlə “pis”dən “dəhşətli”yə doğru dəyişib”, - deyə nəşr qeyd edib.

Məlumatda o da bildirilir ki, Avropa ölkələrində qış üçün mavi yanacaq ehtiyatları kifayət etməyəcək.

Məlumata əsasən, bu yaxınlarda Aİ xarici işlər nazirlərinin görüşünə gələn Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib ki, Vyana anti-Rusiya sanksiyalarının nəticələrini hiss edir, çünki Moskva ölkənin mühüm ticarət tərəfdaşıdır. Bu, həmçinin təbii ehtiyatların tədarükündə də özünü büruzə verir.

Xatırladaq ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putinin “qeyri-dost” ölkələrlə rublla qaz ticarəti haqqında fərman imzalayıb. O, qeyd edib ki, bu dövlətlər Rusiya banklarında rublla hesablar açmalıdırlar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.