DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AĞ EVDƏN NENSİ PELOSİNİN TAYVANA SƏFƏRİ İLƏ BAĞLI AÇIQLAMA

ABŞ prezidenti Cozef Bayden Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər qərarına hörmətlə yanaşır. “Report” agentliyinin xəbərinə görə, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi məlumat verib.

Ağ Evdən bildirilib ki, Birləşmiş Ştatlar Çinlə münasibətlərdə böhranın olmasını istəmir və rabitə kanallarını açıq saxlayacaq.

“Prezident adətən Konqresin səyahət qərarlarını şərh etmir, lakin Cozef Bayden Pelosinin Tayvana səfər qərarına hörmət edir. Prezident hesab edir ki, bu, Amerikanın onilliklər boyu davam edən ikitərəfli siyasətinə tam uyğundur”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.

Eyni zamanda, Con Kirbinin sözlərinə görə, Çin mümkün “iqtisadi məcburiyyət” də daxil olmaqla Tayvana qarşı əlavə tədbirlər görməyə hazırdır. O ABŞ-ın Qərbi Sakit okean regionunun dənizlərində və səmalarında fəaliyyətini davam etdirəcəyini də diqqətə çatdırıb.

 

KRIM VƏ XERSON ARASINDAKI DƏMİR YOLU SIRADAN ÇIXIB

Ukraynanın hücumu nəticəsində Xersonu Krımla birləşdirən dəmir yolu əlaqəsinin işlək vəziyyətdə qalacağı ehtimalı azdır. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Böyük Britaniya kəşfiyyatının hesabatında qeyd olunur.

Eyni zamanda, hərbi analitiklərin fikrincə, Xerson və ətrafını tərk etmək istəyənlərin sayı artacaq. Analitiklərin sözlərinə görə, bu, nəqliyyat qovşaqları və marşrutlarda yüklənmə yaradacaq ki, bu da çox güman, nəqliyyatın hərəkətinə nəzarət tədbirlərinin qəbuluna gətirib çıxaracaq. Hesabatda qeyd edildiyi kimi, ruslar bir neçə gün ərzində Xerson bölgəsi ilə Krımı birləşdirən dəmir yolunun bir qolunu təmir etməli olacaqlar.

“Rusiya mülki istifadə üçün Xersonda Dnepr çayı üzərində zədələnmiş Antonovski körpüsünün əvəzinə bərə keçidi təşkil edib. Bununla belə, Rusiya silahlı qüvvələri demək olar ki, bundan qoşunların və maddi-texniki təchizatın ötürülməsi üçün istifadə edəcək”, - deyə Böyük Britaniya kəşfiyyatı bildirib.

 

ÇİN NÜVƏ SİLAHINDAN BIRINCI İSTİFADƏ EDƏN ÖLKƏ OLMAQ ISTƏMIR

Çin nüvə sahəsində özünümüdafiə strategiyasına sadiqdir və şəraitdən asılı olmayaraq nüvə silahından istifadə edən ilk ölkə olmayacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Tsun BMT-nin baş qərargahında çıxışı zamanı bəyan edib.

“Çin sülhməramlı inkişaf yoluna və özünümüdafiə üzrə nüvə strategiyasına sadiqdir və heç bir şəraitdə nüvə silahından ilk istifadə etməməyə qərarlıdır”, - deyə Fu Tsun bildirib.

Eyni zamanda, Fu Tsun əlavə edib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış sanksiya hədələriylə müşayiət olunmamalıdır. “ABŞ nüvə silahlarını Avropadan çıxarmalı və dünyanın başqa yerlərində yerləşdirməməlidir”, - deyə departament direktoru vurğulayıb.

 

SƏUDIYYƏ ƏRƏBISTANINA “PATRIOT” RAKETLƏRININ SATIŞI TƏSDIQLƏNIB

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumilikdə 3 milyard dollar dəyərində “Patriot” raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib. “APA”nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata əsasən, rəsmi Ər-Riyad ümumilikdə Vaşinqtondan bu tipli 300 raket istəyib.

“Dövlət Departamenti Səudiyyə Ərəbistanı hökumətinə təxminən 3 milyard dollardan çox “PATRIOT MIM-104E” qabaqcıl taktiki ballistik raketlərin satışını təsdiqləyən qərar verib”, - deyə məlumatda qeyd olunur.

Eyni zamanda açıqlamada bildirilir ki, Səudiyyə Ərəbistanına raket satışı ABŞ silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

 

ƏRDOĞANIN PUTİNLƏ MÜZAKİRƏ EDƏCƏYİ MÖVZULAR MƏLUM OLUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, görüş zamanı beş mühüm mövzu müzakirə olunacaq.

Məlumata əsasən, Türkiyənin Suriyada mümkün əməliyyatı və bu ölkədəki son hadisələr, terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi və Ankaranın səyləri ilə yaradılan taxıl dəhlizi məsələlərinə əlavə olaraq, müdafiə sənayesi və enerji sahəsində əməkdaşlıq və “Akkuyu” Atom Elektrik Stansiyası mövzuları müzakirə ediləcək.

Bununla yanaşı, kritik qlobal problemlərin müzakirə olunacağı görüşdə Əfqanıstan və Liviyadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq. Kremldən verilən açıqlamada iki lider görüş zamanı taxıl dəhlizi ilə bağlı müsbət prosesin daha da inkişaf etdirilməsi və qorunub saxlanılması üçün görüləcək işlər barədə də müzakirələr edəcəklər.

Türkiyənin təşəbbüsü ilə açılan taxıl dəhlizi çərçivəsində Ukraynanın Odessa limanından yola düşən “Razoni” gəmisi avqustun 2-də axşam saatlarında İstanbula çatıb. 27 min ton qarğıdalı yüklü gəmi yoxlamadan sonra Livana yola düşəcək. Ukraynadan verilən açıqlamada, ilkin olaraq hər gün üç gəmi ilə daşımaların davam edəcəyi bildirilir.

 

AVROPA KOMİSSİYASININ UKRAYNAYA 1 MİLYARD AVROLUQ YARDIMI

Avropa Komissiyası 1 milyard avroluq makromaliyyə kredit paketinin Ukraynaya transferini başa çatdırıb. “Report”un xəbərinə görə, bu barədə Avropa Komissiyanın yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, komissiya Ukraynaya

iyulda razılaşdırılmış 1 milyard avroluq makromaliyyə yardım proqramından 500 milyon avroluq ikinci tranşı köçürüb. Birinci tranş isə avqustun 1-də həyata keçirilib.

Xatırladaq ki, iyulun 12-də Avropa İttifaqı Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Ukraynaya fövqəladə makromaliyyə yardımı proqramı çərçivəsində bu ölkəyə 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib.

Bununla yanaşı, hələ may ayında Avropa Komissiyası Ukraynaya 9 milyard avroya qədər yeni makromaliyyə yardımı göndərməyi təklif edib.

 

OPEK+ NEFT HASİLATINI ARTIRMAQ BARƏDƏ QƏRAR QƏBUL EDİB

OPEK+ ölkələri sentyabr ayında neft hasilatı həcmini sutka ərzində 100 min barrel artırmaq barədə qərar qəbul edib. “Trend”in məlumatına görə, bu barədə qərar OPEK+ Monitorinq Komitəsinin iclasında verilib.

Bununla yanaşı, görüşdən öncə iştirakçıların hasilat həcmini əvvəlki səviyyədə saxlamağı planlaşdırdığı bildirilirdi.

Qeyd edək ki, OPEK+ ölkələri 2021-ci ilin avqustundan etibarən aylıq neft hasilatını sutkada 400 min barrel artırmaq qərarına gəlmişdi.

Bu ilin mart ayında keçirilən iclasda isə may ayından etibarən hasilatın sutka ərzində 432 min barrel artırılması qərara alınmışdı.

 

ALMANİYADA MEYMUNÇİÇƏYİNƏ YOLUXANLARIN SAYI ARTIB

Almaniyada indiyədək meymunçiçəyinə 2724 yoluxma halı aşkarlanıb. “Report”un xəbərinə görə, bu barədə Robert Kox İnstitutu açıqlama yayıb. Son olaraq Ştutqart və Erfurtda 15 və 17 yaşlı iki nəfərin meymunçiçəyi virusuna yoluxduğu bildirilib.

Açıqlamada qeyd olunur ki, yerli orqanlar indiyədək meymunçiçəyi virusuna 2724 yoluxma halı barədə məlumatı Robert Kox İnstitutuna göndərib, yoluxanlardan 5-nin qadın olduğu vurğulanır. Həmçinin virusa yoluxanlardan çoxunun vəziyyəti normaldır.

Məlumat üçün qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı iyulun 23-də meymunçiçəyi epidemiyası ilə bağlı ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.