Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Sosial həyat

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Avqustun 3-də Azərbaycan tərəfindən Ukrayna xalqına kömək məqsədilə ərzaq məhsullarından ibarət növbəti humanitar yardım göndərilib.

AZƏRTAC xəbər verir ki, Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 17 radələrində Ukraynanın ölkəmizdəki səfiri, Bakı və Gəncə şəhərlərinin icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı şəhərindən 66 ton, Gəncə şəhərindən isə 35 ton olmaqla ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları (konservlər, dənli bitkilər, quru qidalar, çay və s.) daxildir.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan hökuməti, həmçinin Bakı və Sumqayıt şəhərləri tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət 807 tonluq humanitar yüklər göndərilib.

AZƏRTAC