DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-IN AVROPA İLƏ MÜNASİBƏTLƏRİ PİSLƏŞƏ BİLƏR

ABŞ Rusiya ilə mübarizə aparmaq üçün Avropalı müttəfiqlərinə arxalanır, lakin bu, sonsuza qədər davam edə bilməz. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu beynəlxalq məsələlər üzrə ekspert Maykl Qfeller və ABŞ-ın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Devid Randell “Newsweek” nəşrinə müsahibəsində bildiriblər.

Məlumata əsasən, səbəblər siyahısında müəlliflər, xüsusən, enerji resurslarının qiymətlərinin sürətlə artmasına, inflyasiyaya və yaşayış minimumunun ümumi bahalaşmasına səbəb olan anti-Rusiya sanksiyalarının səbəb olduğu Avropanı bürüyən iqtisadi böhranın adını çəkirlər. Bununla yanaşı, ekspertlər ictimai narazılığın və iğtişaşların artacağını proqnozlaşdırırlar.

Eyni zamanda, məqalədə qeyd edilir ki, Avropa liderləri “nələr olacağını aydın dərk edirlər”.

Macarıstanın baş naziri Viktor Orban bir müddət öncə Rusiyaya qarşı sanksiyaları pisləyib. Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans onunla razılaşaraq xəbərdarlıq edib ki, bu qış enerji çatışmazlığı səbəbindən Avropanı “çox güclü münaqişələr və çəkişmələr” gözləyir.

“Bütün bunlar müttəfiqlərinə arxalanan ABŞ-ın maraqları üçün yaxşı heç nə vəd etmir”, - deyə məqalədə qeyd olunur.

 

“BLOOMBERG”: AĞ EV PELOSİNİN SƏFƏRİNƏ MƏXFI HAZIRLAŞIB

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər etməzdən əvvəl Prezident Administrasiyası qapalı danışıqlar və məsləhətləşmələr aparıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Ağ Ev spikerə Prezident Administrasiyasının bir sıra üzvlərini, o cümlədən Milli Təhlükəsizlik Şurasının və Dövlət Departamentinin nümayəndələrini əvvəlcədən təqdim edib.

Eyni zamanda, Nensi Pelosiyə səfəri ləğv edəcəyi ümidi ilə Asiya turunun geosiyasi riskləri barədə xəbərdarlıq edilib. Bu baş vermədikdə, Ağ Ev Pekinlə qeyri-rəsmi əlaqə kanalları vasitəsilə mümkün təhlükələrin qarşısını almaq üçün işə başlayıb.

Belə ki, Pelosinin səfərinin nəticələrini yumşaltmaq üçün Vaşinqtondakı Çin səfirliyində ABŞ və Çin nümayəndələri arasında danışıqlar təşkil edilib.

Eyni zamanda, agentlik bildirib ki, prezident Cozef Bayden administrasiyasının Pekinin mümkün hərəkətlərinə cavab vermək planı olmayıb.

 

RƏSMI KREMLDƏN TAXIL MÜQAVİLƏSİNƏ DAİR AÇIQLAMA

Türkiyənin təşəbbüsləri nəticəsində iyulun 22-də Rusiya, Ukrayna, Birləşmiş Millətlər Təşkilatı və Türkiyə arasında imzalanan “taxıl daşınması” müqaviləsi çərçivəsində Ukraynadan yola düşən ilk taxıl gəmisi “Razoni” son ünvana çatıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ilk gəminin son nöqtəyə çatmasından sonra Kremldən taxıl müqaviləsi ilə bağlı mühüm açıqlama verilib.

Rəsmi Kreml Qara dənizdən taxıl ixracına dair razılaşmanın “birdəfəlik mexanizm” olmadığını və bunun effektiv şəkildə davam edəcəyinə ümid etdiklərini bildirib.

Məlumat üçün qeyd edək ki, Ukrayna taxılının Türkiyə üzərindən dünya bazarlarına çıxarılmasını təmin edən müqavilə tərəflərin razılığı ilə hər 120 gündən bir yenilənməlidir.

 

AVROPADA MEYMUNÇİÇƏYİ VIRUSUNA YOLUXANLARIN SAYI 16 MİNƏ ÇATIR

Avropa regionunun 38 ölkə və bölgəsində meymunçiçəyinə 15926 yoluxma faktı aşkarlanıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Avropa Xəstəliklərin Qarşısının alınması və Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, regionun 32 ölkəsindən “TESSy” Avropa müşahidə sistemi vasitəsilə iki ölüm halı da daxil olmaqla 15624 yoluxma qeydə alınıb. “TESSy”nin qeydə aldığı rəqəmlərdən məhz 15524-ü laboratoriyada təsdiqlənib”, -  deyə hesabatda qeyd olunur.

Ən çox yoluxma faktı 31-40 yaş arasıdır və kişilərdə qeydə alınıb. Virusa yoluxmuş şəxslər səpki və hərarət, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı kimi sistemik simptomlarla müraciət ediblər. Həmçinin 399 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 150 nəfərinin stasionar yardıma ehtiyacı olduğu bildirilir.

 

RUSİYA KORONAVİRUSUN YARANMASINDA ABŞ-DAN ŞÜBHƏLƏNİR

Rusiyanın Müdafiə Nazirliyi  “COVID-19”un yaranmasında ABŞ-ın əli olduğundan şübhələnir. “Report”un verdiyi xəbərə görə, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov brifinq zamanı bəyan edib.

“Xarakterikdir ki, 2019-cu ildə “COVID-19”un ilk halları ortaya çıxmazdan əvvəl “Event-2019” təlimləri ABŞ-ın Hopkins İnstitutunda keçirilib. Təlimlərdə daha əvvəl məlum olmayan koronavirus epidemiyasına qarşı fəaliyyət məşq edilirdi. Təlimlərin ssenarisinə görə, həmin koronavirus insanlara donuzlar vasitəsilə yarasalardan keçib”, - deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.

General əlavə edib ki, xəstəliyin qeyri-bərabər yayılması “COVID-19”un məhz süni şəkildə yaranmasından xəbər verir.

Məlumat üçün qeyd edək ki, koronavirus xəstəliyinin yayılmasından bəri dünyada virusun mənbəyi ilə bağlı bir sıra konspiroloji nəzəriyyələr irəli sürülüb. Bəzən bu nəzəriyyələr rəsmi şəxslər səviyyəsində səsləndirilib. Lakin bununla bağlı heç bir sübut ortaya çıxarılmayıb.

 

ÇİNIN BALLISTIK RAKETLƏRİ YAPONİYA ƏRAZİSİNƏ DÜŞÜB

Çinin hərbi təlimlər zamanı buraxdığı ballistik raketlər Yaponiyanın müstəsna iqtisadi zonasının ərazisinə düşüb. “Trend” agentliyinin məlumatına görə, bunu Yaponiyanın müdafiə naziri Nobuo Kisi açıqlamasında bildirib.

Eyni zamanda, nazirin sözlərinə görə, Yaponiya hökuməti artıq bununla bağlı Çinə etiraz ünvanlayıb.

Nazir həmçinin qeyd edib ki, ümumilikdə 5 raket Yaponiya suları daxilində yerləşən müstəsna iqtisadi zonaya düşüb.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin regionda hərbi təlimlərə başlayıb və bir neçə raket atışı həyata keçirib.

 

Aİ TƏRKİBİNDƏ RUSİYA NEFTİ OLAN YÜKLƏRƏ DƏ QADAĞA TƏTBIQ EDIB

Avropa İttifaqı (Aİ) neft idxalçılarına müqavilələrdə tədarük etdikləri neftin tərkibində Rusiya neftinin olmadığını göstərməyi tövsiyə edib. Belə ki, başqa mənşəli neftlə qarışıq halda tədarük olunan Rusiya neftinə də embarqo tətbiq edilir və idxalçılar sanksiya tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyır. “Report”un verdiyi xəbərə görə, bu barədə Aİ-nin rəsmi jurnalında bildirilir.

“İdxalçılara alış-satış müqaviləsində ixraçatçının həmin neftin tərkibində Rusiya neftinin olmadığı barədə bənd əlavə etmək tövsiyə olunur. Əks halda onlar həqiqəti əks etdirməyən hər hansı bəyanatlara görə məsuliyyət daşıyır”, - deyə açıqlamada qeyd olunur.

Eyni zamanda, sənəddə Rusiya nefti ilə qarışdırma halına yol verməmək üçün kimyəvi təhlillər aparmaq və onun mənşəyini müəyyən etmək tövsiyə olunur.

Sənəddə həmçinin bildirilir ki, qarışıq məhsul Aİ-yə idxal edilirsə, idxalçı Rusiya və qeyri-Rusiya neftinin payını dəqiq müəyyən etməlidir. Bu halda yalnız qeyri-Rusiya neftinin payına uyğun neft boşaldılacaq. Yükün qalan hissəsinin Aİ ərazisinə buraxılmasına icazə verilməyəcək. Yükün tərkibindəki Rusiya neftinin payını müəyyən etmək mümkün olmazsa, partiya bütövlükdə Aİ ərazisinə buraxılmayacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.