DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PUTİN TAXIL PROBLEMİNİN HƏLLİNƏ GÖRƏ ƏRDOĞANA TƏŞƏKKÜR EDİB

Rusiya prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. “Report” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib.

“Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”, - deyə Rusiyanın dövlət başçısı vurğulayıb.

Eyni zamanda, Vladimir Putin Türkiyə prezidentinin və BMT-nin baş katibi Antonio Quterreşin bu problemin nizamlanmasına verdiyi töhfəni xüsusilə qeyd edib. Onun sözlərinə görə, bu addım bir çox ölkə, ilk növbədə, inkişaf etməkdə olan ölkələr üçün vacib rol oynadı və onlara ciddi ərzaq böhranından xilas olmaq imkanı verdi.

V.Putin bunun ərzaq və su təminatı ilə bağlı böyük problemlərin astanasında olan ölkələr üçün çox vacib olduğunu diqqətə çatdırıb. “Şəxsən sizin iştirakınızla qəbul edilmiş bu qərarlar bütün bu ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə sizə öz təşəkkürümü bildirirəm”, - deyə Rusiya prezidenti bəyan edib.

 

Aİ QAZ İSTEHLAKININ AZALDILMASI BARƏDƏ QƏRARI TƏSDİQLƏYİB

Avropa İttifaqının (Aİ) enerji nazirləri bu qış təbii qaza olan tələbatın 15 faizədək azaldılması ilə bağlı siyasi razılığa gəliblər. “APA”nın verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.

Açıqlamada qeyd olunub ki, tələbatın azaldılması könüllüdür, lakin tədarükün təhlükəsizliyində problem yaranarsa, məcburi ola bilər.

Eyni zamanda, bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurası bu gün təbii qaza olan tələbatın 15 faizədək azaldılmasını nəzərdə tutan tənzimləməni yazılı prosedurla qəbul edib.

Məlumata əsasən, sözügedən qərar 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-nə qədər olan dövrü əhatə edəcək.

 

SERBİYA VƏ KOSOVO LİDERLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLƏCƏK

Kosovonun baş naziri Albin Kurti və Serbiya prezidenti Aleksandr Vuçiç avqustun 18-də Brüsseldə görüşəcəklər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stano bildirib.

Məlumata əsasən, A.Kurti və A.Vuçiç həmçinin Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə görüşəcəklər.

Qeyd edək ki, Avropa İttifaqı avqustun 1-də hər iki liderə görüş barədə təklif göndərmişdi.

Xatırladaq ki, bir neçə gün öncə Kosovo və Serbiya arasında baş verən gərginliyə səbəb Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar olub. Etirazlardan sonra bu qaydalar müvəqqəti olaraq təxirə salınıb.

 

FRANSADA QURAQLIQ SƏBƏBİNDƏN SUDAN İSTİFADƏ MƏHDUDLAŞDIRILIB

Fransa hökuməti güclü quraqlıqla əlaqədar ölkənin 101 departamentindən 93-də su istehlakına məhdudiyyətlər tətbiq edib. “Trend” agentliyinin məlumatına görə, 62 departament ərazisində ən yüksək, qırmızı təhlükə səviyyəsi elan edilib.

Bildirilir ki, sözügedən bölgələrdə başqa məqsədlərlə, eləcə də kənd təsərrüfatı üçün sudan istifadə qadağan edilib. Digər departamentlərdə isə fermerlərə su istifadəsini 50 faiz azaltmaq tapşırılıb.

Qeyd olunur ki, ölkədəki quraqlıqla əlaqədar böhran mərkəzi yaradılıb. Mütəxəssislər builki quraqlığın müşahidələr aparılan müddət ərzində ən şiddətlisi olduğunu bildirir. Həmçinin bu cür şəraitin yaxın 15 gündə davam edəcəyi proqnozlaşdırılır.

 

İRANIN NÜVƏ PROQRAMI İLƏ BAĞLI DANIŞIQLAR BAŞLAYIR

Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə danışıqların yeni raundu başlayır. “Report”un xəbərinə görə, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin siyasi direktoru Enrike Mora İranın nüvə danışıqlarına başçılıq edən heyətin rəhbəri Əli Baqeri Kani ilə görüşüb.

Məlumata görə, görüş zamanı hər iki tərəf İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında son hadisələri müzakirə ediblər.

Eyni zamanda, Əli Baqeri Kaninin Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovla da görüşü baş tutub.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı  2015-ci ildə nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün daimi qrupla İran arasında “beş üstəgəl bir” formatında imzalanıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlib. ABŞ administrasiyasının hazırkı rəhbəri Cozef Bayden isə dəfələrlə ölkəsinin Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmağa hazır olduğuna dair mesajlar verib.

 

RUSİYA TAXIL İXRACINI İXTİSAR EDƏ BİLƏR

Rusiyanın kənd təsərrüfatı naziri Dmitriy Patruşev bu il üçün planlaşdırılan 130 milyon ton taxıl yığımına çata bilməyəcəklərini bildirərək, bu səbəbdən taxıl ixracını ixtisar edə biləcəklərini bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bununla yanaşı, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yazılı açıqlamasında fikirlərini bildirən Dmitriy Patruşev kənd təsərrüfatı sektorunda istifadə edilən bəzi nəqliyyat vasitələrinin idxalında problemlər yaşandığını diqqətə çatdırıb.

Eyni zamanda, D.Patruşev bəyan edib ki, taxıl yığımı nəzərdə tutulan həcmdən aşağı qalsa, daxili bazarda tədarük problemi olmayacaq. “Lakin biz 50 milyon ton taxıl ixracı planımıza yenidən baxmalıyıq. Bu, qlobal taxıl bazarına mənfi təsir göstərə bilər”, - deyə nazir vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Rusiya təxminən 20 faiz payla dünyanın ən böyük taxıl ixracatçısıdır.

 

AVROPADA KƏSKİN İSTİLƏR MİNLƏRLƏ İNSANIN HƏYATINA SON QOYUB

Avropanın bəzi ölkələrində havanın temperaturu müsbət 45 dərəcəyə yüksəlib. “Report” agentliyinin “Politico Europe” nəşrinə istinadən verdiyi xəbərə görə, kəskin istilər nəticəsində ötən ay minlərlə insan həyatını itirib. İngiltərə və Almaniyada iyul ayında havanın temperaturu 40 dərəcə təşkil edib. İstilər səbəbindən quraqlıq, meşə yanğınları və havanın çirklənməsi artıb.

Temperaturun 45 dərəcə olduğu İspaniya və Portuqaliyada iyulun ortalarında ölüm halları əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatıb.

Ekspertlər kəskin istilərin iqlim dəyişikliyinin nəticəsi olduğunu vurğulayır.

 

MÜTƏXƏSSİSLƏRDƏN GÜNƏŞDƏKİ dƏyİşİklİklƏrlƏ BAĞLI AÇIQLAMA

Mütəxəssislər Günəşdəki son dəyişikliklərlə bağlı açıqlama veriblər. “Teleqraf.com” xəbər verir ki, ABŞ-ın Milli Okean və Atmosfer Agentliyinin mütəxəssisləri “G1” sinifli fırtınanın elektrik şəbəkələrində nasazlıqlara, peyklərin sıradan çıxmasına və heyvanların miqrasiyasına təsir göstərə biləcəyini bildiriblər.

Bununla yanaşı, geomaqnit qasırğaları ilə daha ciddi təsirlərin baş verə biləcəyi ehtimalına diqqət çəkilib. Günəşdə tac dəliklərinin hər an yarana biləcəyi məlum olsa da, bunların “Günəş minimumu” dövründə daha çox rast gəlindiyi qeyd olunur. Lakin artıq bu dövrdən çıxdığımız və Günəşdə hərəkət intensivliyinin artdığı dövrə daxil olduğumuz vurğulanır.

Açıqlamaya əsasən, “G1” tipli fırtınanın yuxarı səviyyəsi olan “G2” fırtınalarında enerji sistemlərində problemlər yarana, kosmik gəmilərin istiqamətləri dəyişə və peyk naviqasiyası müvəqqəti olaraq dayana bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.